Azad Rəhimovun biznes imperiyasi
Gənclər və İdman naziri Bakıda dəbdəbəli mağazalar açıb
Paytaxtın ən gözəgəlimli ərazilərində gənclər və idman nazirinin obyektləri sıralanır
Dünyanın diqqəti Soçi olimpiadasındadır. Azərbaycan bu beynəlxalq tədbirə bayraq
rüsvayçılığı ilə başladı. Digər bir tərəfdən bu olimpiada hakimiyyətin böyük məbləğdə
pullar xərclədiyi sahələrdən biri kimi idmanda real mənzərəni ortaya qoydu. Bu
yarışmada Azərbaycanı təmsil edən idmançıların hamısı əcnəbidir. Bunlar illərlə
büdcəni soran idmanımızın real göstəriciləridir. Ölkənin Gənclər və İdman naziri isə hakimiyyətin
sevimli kadrlarından sayılır və getdikcə öz biznes imperiyasını gücləndirir.
Xatırladaq ki, nazir Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə
məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ
o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata
keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov
daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb. Bir müddət öncə isə nazirin məşhur
xarici brendlərin Bakıda satışını həyata keçirən mağazalarının sırasına bir neçəsi
əlavə olunub. Bu istiqamətdə cumhuriyyet.az-a daxil olan məlumatda deyilir ki, nazir bir neçə
böyük mağazasını şəhərin mərkəzində cəmləməyə nail olub. Ötən gün Azad Rəhimova
aid bir neçə mağazaya baş çəkdik.
Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana
gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında
möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail
olub. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin
baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi
ilə Azərbaycana mebel gətirib.
Araşdırmamıza elə nazirə məxsus “İtaldizayn” şirkətinə məxsus bir neçə mağazaya baş çəkməklə
başladıq. Qeyd edək ki, bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22
salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch”
butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki,
“Royal Collection”, “Royal Collection – Watches & Accessories”, “Yves
Delorme”, “Baccarat – Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”,
“Lladro”, “Roberto Coin – de Grisogono”; iki “Eurodesign” və “Transeurocom”
telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat
şirkəti.
Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində “İtaldizayn Group“un təklif və xidmətləri bazarda ən yaxşılardandır. Azad Rəhimov nazir
olduqdan sonra imkanlarından istifadə edərək holdinqə daxil olan şirkətlərin
beynəlxalq sərgilərdə iştirakını təmin edib. Holdinqin “Mebel ticarəti sahəsində
ilin ən yaxşı şirkəti” nominasiyasında “UДћUR” milli mükafatına, Parisdə Avropanın
otuz aparıcı şirkəti sırasında “Keyfiyyətə görə” Avropa beynəlxalq mükafatına
layiq görülməsi bunun əyani sübutudur. Hazırda holdinqin prezidenti Elçin
Zeynalov olsa da, bütün haqq-hesabı nazirin köməkçisi Fuad Hadıyev aparır.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyində nəzərdə tutulub ki, dövlət məmuru bizneslə məşğul
ola bilməz. Yuxarıdakı faktlardan da görürük ki, təkcə bir nazir bu qədər ticarət
obyektinə yiyələnərək həmin sahəni inhisarda saxlayır.
Elşad Zeynalov
Short URL: http://www.cumhuriyyet.net/?p=4033