Heydər Əsədov Elçin Quliyevin “bostanını daşlayır”
Kənd Təsərrüfatı Nazirliyi ölkədə at yarışlarında iştirak edən atların səhhəti ilə bağlı beynəlxalq təşkilatla danışıqlar aparır
Bildirilir ki, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Ümumdünya Heyvan Səhhəti Təşkilatından (World Organization for Animal Health-OİE) ölkədə keçirilən at yarışlarında iştirak edən heyvanların səhhətinin qorunması ilə bağlı dəstək xahiş edib. Bu məqsədlə ötən həftə nazir təşkilatın Avropa üzrə təmsilçisi Kazimieras Lukauskasla görüşüb. Görüşdə razılaşdırılıb ki, OİE Azərbaycanın milli veterinar qanunvericiliyinin təkmilləşdirilməsində texniki dəstək verəcək və yarış atlarının səhhətinin qorunması ilə bağlı əməkdaşlıq edəcək.Nazir Heydər Əsədovun atların səhhətindən niyə narahat olduğu məlum deyil. Çünki Azərbaycanda at yarışlarına qatılan atların səhhətində hansısa problemin yaranması barədə ictimaiyyət məlumatlandırılmayıb.
Məlumdur ki, Azərbaycanda son illər at yarışlarında da irəli çıxmaq istəyir. Azərbaycanın Atçılıq Federasiyasının prezidenti Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevdir. Ötən il məlum olmuşdu ki, federasiya Bakıda Polo üzrə ilk Dünya Kuboku yarışlarında iştirak etmək üçün öz komandasını formalaşdırıb və bu məqsədlə Argentinadan təyyarələrlə xüsusi olaraq yetişdirilmiş cins polo atları gətirdib. Həmin atların yolüstü Almaniyanın Frankfurt aeroportunun sərnişin terminalında enməsi ciddi problem yaratmışdı və alman polisi atları saxlayıb xüsusi anqarda yerləşdirməli olmuşdu. Həmin atların Atçılıq Federasiyasının bazasında saxlanıldığı məlumdur, ancaq Argentina havasına öyrəşmiş bu atların hazırkı səhhəti ilə bağlı məlumat yoxdur.
Eləcə də məlumdur ki, bir çox yerli məmurların və nazirlərin xüsusi yetişdirilmiş cins yarış atları var və onları vaxtaşırı olaraq xaricdə keçirilən at yarışlarına göndərirlər. Həmin atların da səhhətinin qorunması xüsusi diqqət və ciddi beynəlxalq əməkdaşlıq tələb edir(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=4046