Onun ölüsü də təhlükəlidir
Bin Ladenin meyitinin fotolarını dərhal yandırmaq əmr edilib.
Amerika KİV-lərinin verdiyi xəbərlərə görə, bu barədə əmri ABŞ-ın xüsusi əməliyyatlar üzrə komandanlığının rəhbəri, admiral Uilyam Makreveyn verib.
Faktı Amerikanın “Judicial Watch” insan haqları təşkilatı üzə çıxarıb. Təşkilat informasiya azadlığı haqda konstitusiya qanununa istinad edərək hökumətə bin Ladenin cəsədinin fotolarının təqdim edilməsi barədə rəsmi sorğu göndərib. Lakin sorğuya cavabdan məlum olub ki, fotolar artıq yoxdur.
Bin Laden 2011-ci il, mayın 1-də Pakistanın Abbotabad qəsəbəsində Amerika xüsüsi təyinatlılarının keçirdiyi əməliyyatda öldürülüb. Lakin bu əməliyyatla bağlı müəmmalar hələ də qalır. Bin Ladenin cəsədi təyyarə ilə Əfqanıstana, oradan isə Amerika hərbi gəmilərindən birinə aparılıb və daha sonra okeana atılıb.
ABŞ administrasiyası terrorçunun cəsədinin şəkillərini yaymaqdan imtina edib və bunun yeni terror hücumlarına səbəb ola biləcəyini deyib.
Məlum olub ki, admiral Makreveyn informasiya azadlığı haqda qanun əsasında bin Ladenin cəsədinin şəkillərinin açıqlanmasının tələb olunacağını nəzərə alaraq öz tabeçiliyində olan şəxslərə 2011-ci, il mayın 13-də bu məzmunda təcili əmr göndərib: “Onlar (bin Ladenin cəsədinin fotoları) dərhal Mərkəzi Kəşfiyyat İdarəsinə verilməlidir. Əgər şəkillər hələ də sizdə qalırsa, onları dərhal məhv edin, yaxud (ünvan silinib) çatdırın”.
“Judicial Watch” təşkilatı bin Ladenin cəsədinin şəkillərini almaq üçün o vaxtdan mübarizə aparırdı. Təşkilat bu məqsədlə Pentaqona və Mərkəzi Kəşfiyyat İdarəsinə sorğular göndərmişdi. Lakin sorğulara cavab verilməyib. Təşkilat Pentaqonu məhkəməyə verəndə isə Müdafiə Nazirliyinin nümayəndələri məhkəmədə bildirdilər ki, onlar sorğuda söhbət gedən təsvirlərin heç birinə malik deyillər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4084