Hakimiyyətdən Xocalı faciəsinə sayğısızlıq
Hakimiyyətin “anoloqu olmayan” addımları davam edir. Məsələn alman xalqının diqqətini ermənilərin Xocalıda törətdiyi vəhşiliklərə cəlb etmək məqsədilə Almaniyanın Maqdeburq şəhərində avtomobil yürüşü təşkil olunub. Bəli, biz bir daha şahid oluruq: faciənin ömrü uzandıqca, o, gülünc mahiyyət alır. Yəqin, razılaşarsınız ki, 10-5 il əvvəl kimə desəydin ki, gəlin Xocalı faciəsini dünyaya tanıtmaq üçün Avropada avtomobil yarışı keçirək, adamı söyərdilər, əbləh sayardılar. Indisə belə təkliflərlə çıxış etmək Ramiz Mehdiyevin təbirincə desək, kreativlik sayılır.
Məqalənin davamı həyəcanvericidir: “Yürüş zamanı minik avtomobillərindən ibarət karvan Azərbaycan bayrağı, eləcə də “Ermənilər Qarabağdan çıxmalıdır!”, “Xocalıya ədalət!” və s. şüarlar yazılmış plakatlarla 2 saat ərzində şəhərin küçələrində hərəkət edərək, yerli sakinlərin marağına səbəb olub”. Gəlin, səmimi olaq. Alman kimi soyuqqanlı bir xalqı avtomobil yürüşü ilə necə təəccübləndirmək olar? Avtomobilin üstündə böyük ehtimalla, hətta Azərbaycan dilində “Ermənilər Qarabağdan çıxsın! söhbəti almanın nə vecinə?
Gör adam nə qədər bekar olmalıdır ki, sürətlə şütüyən avtomobillərin üzərində yazılan fikirləri oxusun. Ağılınıza belə şey gəlirmi? Avtomobilin üstündə qaldırılan şüarlarla bir avropalının düşüncəsi dəyişəcəksə, o adamın fikrini, hətta küləyin titrəməsi də dəyişə bilər. Burda bir məqam da var, nooldu bəs, Azərbaycanda küçə yürüşlərindən söz düşəndə, bizim hakimiyyətdəkilər deyir ki, keçdi o dövran?! Yürüşlə, mitinqlə adamları təsirləndirmək guya, qədimdə qalıb. Bu, əlbəttə, belə deyil, mitinqlə adamları təsirləndirmək olar. Ancaq Xocalı kimi problemi maşın yürüşü ilə dünyaya çatdırmaq, Ilahi, necə də mənasız və gülməlidir…
İnsan da öz dərdini belə ucuzlaşdırarmı? Mən ölü, siz diri, bu məsələni kim təşkil edibsə, yaxşı avtoşluq azarı varmış. Öz xəstə marağına Xocalı kimi dərdi halə edib. Niyə belə insanlar tənəyə tuş gəlmir, əksinə, dövlətdən “moledes” alır? Gəlin, ümid edək ki, faciə günlərimizdə hansısa palatka toyunda oxuduğuna görə müğənninin ağzını cıran camaatımız, bu rüsvayçı hadisəyə də biganə qalmayacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=4096