“Azsığorta”nın zəlzələ maxinasiyası
Fevralın 10-da baş vermiş zəlzələ ilə bağlı sığorta şirkətinin məlumatı rəsmi məlumatlarla uyğun gəlmir

“Azsığorta”nın Hacıqabul rayonundakı filialına isə dağıntılarla bağlı bir neçə rayondan müraciətlər daxil olub. Filialın qəza eksperti Qismət Əsədov fins.az-a bildirib ki, İmişlidə fərdi evə, Sabirabad rayonunun Moranlı kəndində mağazaya, Hacıqabulda kafeyə, Beyləqanda isə ticarət obyektinə zərər dəyib.
Zəlzələnin törətdiyi dağıntılarla bağlı şirkətin Lənkəran filialına da müraciət edilib. Filialın nümayəndəsi Ramil Kərimov bildirib ki, bu müraciət Yardımlıda mağazaya dəyən zərərlə bağlıdır.
“Hazırda bütün müraciətlərlə bağlı araşdırmalar aparılır – artıq şirkətin ekspertləri hadisə yerlərində obyektlərə baxış keçirirlər”, – deyə “Azsığorta”dan bildirilib.
Virtualaz.org-un zəruri əlavəsi: Yəqin xatırlayırsınız, dünən Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, nazirliyin “Qaynar xətt”inə ölkənin heç bir yerindən dağıntılar barədə məlumat daxil olmayıb.
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov da zəlzələdən sonra mediaya “ilkin olaraq dağıntı haqda məlumat daxil olmayıb” demişdi.
Bununla belə o, zəlzələ ilə bağlı ətraflı məlumat toplanıldığını da vurğulamışdı: “Bundan sonra hər hansı dağıntı olub-olmaması ilə bağlı ətraflı məlumat verilə bilər”.
Lakin sonradan ondan heç bir xəbər çıxmadı.
Saytların dünən verdikləri məlumatlarda Şamaxıda və digər rayonlarda da dağıntı barədə məlumat yox idi.
Burada istər-istəməz ortaya sual çıxır: onda “Azsığorta” şirkətinin açıqladığı faktlar hardandır?
Digər maraqlı məqam: nə üçün bütün faktlar (1-i istisna olmaqla) ticarət və xidmət obyektləri ilə bağlıdır?
Və nəhayət: əhali, yerli hakimiyyət orqanları bütün bunlar barədə nə üçün aidiyyəti dövlət qurumlarına müraciət etməyiblər?
Əlbəttə, bizim heç bir halda “Azsığorta” şirkətinin adına və işgüzar nüfuzuna xələl gətirmək və ya fəaliyyətini şübhə altına almaq fikrimiz yoxdur. Amma yuxarıdakı rəqəmlər həqiqətən də maraq doğurur: bütün müraciətlər nəyə görə adi vaxtlarda əksəriyyətin nəinki yada salmadığı, əksinə imkan düşdükcə ondan uzaq durmağa çalışdığı bir quruma ünvanlanıb?
Digər tərəfdən, sığorta şirkətinin özünün qəfildən bu cür operativlik göstərməsi nə ilə bağlıdır?
Güman edirik ki, bu suallar aidiyyəti dövlət orqanlarını da maraqlandıracaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=4100