Sumqayıt hadisələri: Heç vaxt heç yerdə deyilməyənlər.
Sumqayıt hadisələri: Heç vaxt heç yerdə deyilməyənlər.
Sumqayıt hadisələrinin ildönümü yaxınlaşır. Illərlə bu hadisənin başvermə səbəbini və təfərrüatını ölkə və dünya ictimaiyyətinin bilməsi üçün KIV-lərdə məlumat yaymaqla, sonralar isə 2010-cu ildə yazılmış kitabın yayılması ilə məşğul olmuşam. Bundan sonra da vətəndaşlıq borcumu yerinə yetirməklə fəaliyyətimi davam etdirəcəm. Bu dəfə isə dövlət ittihamçısı olduğum Sumqayıt hadisələri ilə bağlı gördüyüm işlərdə nələrlə qarşılaşdığımı, ölkə ictimaiyyətinin, xüsusilə hakimiyyət dairələrinin fəaliyyətimə münasibəti barədə yazmaq qərarına gəldim. Bunun səbəbi hansısa inciklik deyil, çünki gördüyüm işləri kimlərinsə xoşuna gəlmək üçün yox, Vətənim, Millətim üçün görmüşdüm.
Novruz Məmmədov da məndən soruşdu ki…
Məşğul olduğum cinayət işi ilə bağlı məhkəmə baxışında qarşılaşdığım çətinliklərlə, o dövr səlahiyyət sahiblərinin cinayətə bərabər məsuliyyətsizliyindən “Sumqayıt SSRI-nin süqutunun başlanğıcı” kitabında yazdığımdan bir daha həmin hadisələrə qayıtmaq istəmirəm. Indi deyəcəklərim kitabın yazılmasından bir az əvvəl və xüsusilə kitab nəşr olunandan sonra baş verənlərlə bağlıdır. Iş üzrə hökm elan olunduğu gündən 1996-cı ilə qədər heç kimin xəbəri olmadan özümlə götürdüyüm ittiham aktı və işlə bağlı olan qeydlərimi gizlətməkdən başqa çarəm qalmamışdı, çünki Azərbaycan dövlətinin taleyi, özünü qoruma gücü hələ bəlli deyildi. 1996-cı ilin fevral ayından başlayaraq hər il hadisələrin ildönümü ərəfəsində “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində və “ANS” telekanalında hadisələr barəsində, öz təşəbbüsümlə müsahibələr təşkil edirdim. Nəhayət, 18 fevral 2010-cu il tarixdə “ANS” telekanalında “Cümə axşamı Sevinc Osmanqızı ilə” verilişində iştirak etdim. Həmin verilişdə özümlə götürdüyüm ittiham aktını, qeydlərimi nümayiş etdirib bildirdim ki, artıq hadisələrdən 20 ildən artıq vaxt keçib, hadisələrin şahidləri, o cümlədən mən yaşlanmışıq, bütün bunları araşdırmaq lazımdır, sonra gec olacaq… Bu illər ərzində susan cəmiyyət sanki oyandı. Mənə yüzlərlə zəng edən, hadisələrin təfərrüatı ilə maraqlananlar oldu. Təxminən bir həftə sonra bir tədbirdə təsadüfən görüşdüyüm Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da məndən soruşdu ki, həmin verilişdə dediklərim doğrudurmu? Bəli cavabı alan kimi xahiş etdi ki, dediklərimlə bağlı Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevə məktub hazırlayıb ünvana çatdırılması üçün ona verim. Həmin gün məktubu hazırlayıb verdim. Bir müddət sonra ictimaiyyətə məlum olan Zülfüqarlılar işi ilə bağlı Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla telefonla danışmaq üçün katibəsinə zəng etdim. Bir az sonra gözləmədiyim halda F.Ələsgərov mobil telefonuma zəng edib məni qəbul edəcəyini bildirdi və gələndə özümlə Sumqayıt hadisələri ilə bağlı materialları da götürməyimi xahiş etdi. Həmin gün baş tutan görüşdə əsas məsələ Sumqayıt hadisələri oldu. Uzun sürən izahatdan, mübahisədən, niyə bu günə qədər rəsmi müraciətimin olmadığı ittihamından sonra bildirdim ki, onsuz da bu iş Sizlər üçün maraqlı deyil, ona görə xahiş edirəm ki, mənim başqa işlə bağlı şikayətimi dinləyəsiniz. Fuad Ələsgərovun cavabı məni çaşdırdı və qəbul etməsinin səbəbini aydınlaşdırdı. Fuad Ələsgərov bildirdi ki, nahaq yerə belə düşünürsüz, məhz bu məsələ ilə bağlı cənab Prezident bizi bu günlərdə topladı, Sumqayıt hadisələrinin tam araşdırılması üçün hamımıza tapşırıq verdi və biz bu işlə ciddi məşğuluq. Bir neçə gün sonra Fuad Ələsgərov yenidən mənə zəng edib bildirdi ki, cinayət işinin materiallarını Azərbaycanda tapa bilməyiblər və buna görə onlar tərəfindən hüquq mühafizə orqanlarının işçiləri Rusiyaya göndərilib, ancaq Moskvada da tapa bilmədiklərindən işçilər Stavropola yola düşüblər. Əvvəllər Stavropol diyarında məhkəmə sədri işlədiyimdən məsələdə kömək etməyimi istədi. Qətiyyətlə bildirdim ki, cinayət işinin materialları ya Ali Məhkəmədə, yaxud Respublika prokurorluğunda olmalıdır. Bildirildi ki, Ali Məhkəmədə yoxdur, ancaq yenə axtararlar. Iki gündən sonra Fuad Ələsgərov zəng edib təşəkkür etdi və bildirdi ki, cinayət işinin materialları Respublika prokurorluğunun arxivində tapılıb, ancaq xüsusi əhəmiyyət kəsb edən video kasetlər məhv edilib. Hakimiyyətin yüksək rütbəli məmurlarının məsələyə bu cür yanaşması məni çox sevindirdi. Fikirləşdim ki, nəhayət Sumqayıt hadisələrinin əsl mahiyyəti açılacaq və bütün dünyada Azərbaycan xalqına atılmış böhtan ifşa olunacaq. Ancaq sevincimin ömrü qısa oldu…
“Xalq qəzeti”ndən rədd cavabı
14 mart 2010-cu il tarixdə, var gücü ilə Sumqayıt hadisələrinin ədalətli araşdırılmasını əngəlləyən, elan etdiyi hökm ilə məhkəmə dövrü aşkar olunan faktları gizlədən, prosesə sədrlik etmiş, çıxardığı sifarişli hökmlərə görə hüquq müdafiəçisi Leyla Yunus tərəfindən məşhur “zolaqlı mantiya”ya layiq görülmüş Ali Məhkəmənin keçmiş hakimi Mənsur Ibayevin imzası ilə “Xalq qəzeti”ndə “Aslan Ismayılov öz günahlarını ört-basdır etmək üçün şantaca əl atır” başlıqlı bir səhifəlik yazı çıxdı. Həmin gün “Xalq qəzeti” təkzib, yaxud müsahibə vermək istəyimə rədd cavabı verdi. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova müraciətimdən sonra qəzetin, səhv etmirəmsə, Rəşad adlı əməkdaşı məndən Sumqayıt hadisələri və “Xalq qəzeti”ndəki materialla bağlı bir səhifəlik geniş müsahibə götürdü. 3 gündən sonra müsahibə yoxlanılması üçün mənə göndərildi. Sonradan müsahibə dərc edilmədiyinə görə baş redaktorla əlaqə saxladıqda bildirildi ki, problemi yuxarılarla həll edim. Bundan sonra bu məsələ ilə bağlı heç kimlə əlaqə saxlaya bilmədim.
Artıq 2010-cu il aprel ayının sonu idi. Övladlarıma mənə böhtan atıldığını və kitab yazmaq fikrimi açıqladım. Qeyd edim ki, buna qədər ölkədə tanınmış bir neçə jurnalistə məndə olan bütün materialların surətini təqdim edib bu barədə kitab yazmalarını xahiş etmişdim. Söz verənlər çox olsa da heç bir iş görülməmişdi. Övladlarım bir neçə xarici dil bildiklərindən onlardan internet vasitəsi ilə dünyada Sumqayıt hadisələri ilə bağlı çap olunmuş bütün materialları tapıb azərbaycan dilinə tərcümə etmələrini xahiş etdim. 1 ay 10 gün bütün ailə üzvlərim gecə-gündüz bu işlə məşğul olduq. Oğlanlarım Vaqif, Ziyəddin gecə-gündüz arxiv materiallarını axtarıb tapır, tərcümə edir və kompyuterdə yığırdılar. Həyat yoldaşım öz arxivimdə olan materialları toplayırdı. Vaqif ev üçün printer, skaner aldı. Həmin günlər evimiz nəşriyyata oxşayırdı. Gün ərzində 4-5 saat yatırdıq. Ilk günlər evdə deyəndə ki, kitabı 28 May Müstəqillik gününə yekunlaşdırmalıyıq, etiraz edən olmasa da, hamı gülümsəyirdi ki, bu qədər materialın içindən ilin axırına çıxsaq yaxşıdır. Ancaq hamı gecə-gündüz işləyirdi, çünki bu işin mənim üçün həyatım qədər vacib olduğunu bilirdilər. Hər dəfə o günlər yadıma düşəndə təəccüblənirəm ki, hamımızda o qədər güc, həvəs haradan yaranmışdı və bir daha əmin oluram ki, sağlam ailə sağlam ideya ətrafında birləşəndə onların qarşısında duracaq maneə yoxdur! Mayın ilk günlərindən Vaqiflə, Ziyəddin işlərinin azaldığından bu kitabla bağlı sayt yaratmağı təklif etdilər. Təklif sözarası olduğundan “özünüz bilərsiniz” ifadəsi ilə kifayətləndim. Ancaq 26 may 2010-cu ildə kitabın təqdimatı zamanı gördüyüm www.sumgayit1988.com saytının heç də kitabdan az əhəmiyyətli olmadığını anladım. Oğlum Vaqifin dostunun atasının mətbəəsi olduğundan mayın 14-ü və ya 15-i material mətbəəyə təqdim olundu. Kitabın 28 maya qədər təqdimat mərasimi keçiriləcəyini bildirən oğluma deyilən sözlər yadıma düşəndə bu gün də özümü gülməkdən saxlaya bilmirəm. Vaqifə demişdilər ki, ay bala normal adamlar 5 ilə kitab yazır, ən azından 5 ay əvvəl də çapa təqdim edirlər. Ancaq anormallar 1 aya kitab yazıb 10 günə də onu çap edib təqdimatını keçirmək istəyərlər. Bütün mətbəə işçilərinin fədakarlığı nəticəsində kitab mayın 25-i gecə hazır oldu.
26 mayda “Hyatt Regency” otelinin Quba zalında ölkənin 100-ə yaxın tanınmış şəxslərinin iştirakı ilə təqdimat mərasimi keçirildi. Təqdimatda iştirak edən Milli Məclisin üzvləri Qənirə Paşayevə, Rəbiyyət Aslanova, Səməd Seyidov, Vahid Əhmədov, Gültəkin Hacıyevə, Nəsib Nəsibzadə, ziyalılar Şirməmməd Hüseynov, Cəmil Həsənli, Çapay Sultanov, akademiklər Teymur Bünyadov, Rafiq Əliyev, Ramiz Rövşən, Rüstəm Ibrahimbəyov, rəhmətlik Anar Məmmədxanov və adlarını çəkmədiyim digər şəxslər kitabın erməni təbliğatına qarşı xüsusi əhəmiyyətini qeyd etdilər. Oğlanlarım tərəfindən yaradılan sayt da həmin gün tədbir iştirakçılarına təqdim edildi. Az müddət sonra məni Xarici Işlər Nazirliyinə dəvət edib kitabın bir çox dillərə tərcüməsi üçün razılığımı, yayılması üçün çap olunmuş kitablardan istədilər. Dünya şöhrətli kinorejissor Rüstəm Ibrahimbəyov kitabın əsasında, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sifarişi ilə çəkdiyi “Köçərilər” filmindən də, möhtəşəm film çəkmək istəyini bildirdi, razılığımdan sonra “Prokuror imperiyaya qarşı” filminin ssenarisini yazdı və Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayevlə görüşüb çəkiliş xərclərinin ödənilməsi üçün rəhbərliyə müraciət etmək razılığını aldı.
(ardı var)
Short URL: http://www.cumhuriyyet.net/?p=4133