Sələfiləri hansı qüvvələr varlandırır..?

12.02.2014 - 12:45

Sələfiləri hansı qüvvələr varlandırır..?

Azərbaycanda sələfi icmasının sürətlə böyüməsində bu qrupa tanınan biznes imkanları böyük rol oynayır 

 

Azərbaycanda radikal görüşlü sələfilərin Suriyaya savaşa getməsi hökumət qurumlarını hərəkətə gətirib. Ancaq hələlik rəsmi Bakının Suriyada savaşan azərbaycanlılarla bağlı hansı addımları atacağı dəqiq deyil. Yalnız hökumət rəsmiləri, deputatlar və ekspertlərin müxtəlif çağırışları səslənməkdədir. MM deputatları arasında radikal dindarlara qarşı cinayət işinin açılması, Suriyaya gedənlərin vətəndaşlığını ləğv olunması kimi təkliflər var. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuata müsahibəsində radikal sələfilərin geniş yayıldığı “Sədərək” və “Binə” kimi ticarət mərkəzlərinin qapadılmasını təklif edib. 
Deputatın təklifi birmənalı qarşılanmayıb. İlk növbədə sələfi icması nümayəndələri bu çağırışa etiraz ediblər. Bir qrup sələfi Milli Məclisin sədri Oqtay Əsədova etiraz məktubu yazıblar. Ancaq fakt var ki, son günlər mediaya ötürülən məlumatlarda Azərbaycanda sələfi icmasının sürətlə genişlənməsi, bu qrupun himayəçilərinin olması ilə bağlı iddialara rast gəlinir. Redaksiyamıza göndərilən məlumatlarda Bakı ilə yanaşı, bölgələrdə də sələfi icmalarına ticarət və iş qurmaq üçün imkanlar yaradıldığını təsdiqləyən məqamlar var. Bunlarda biri Qəbələdə sələfi cərəyanına mənsub iş adamlarının himayə olunması haqdadır. Məktubda qeyd olunur ki, Qəbələ rayonunun mərkəzində bir çox obyektlər məhz bu cərəyanın nümayəndələrinə verilib. Sitat: “Son günlər bir tərəfdən mətbuat, bir tərəfdən Qafqaz Müsəlmanlar İdarəsi, dövlət nümayəndələri hamı vəhhabiləri, sələfiləri  ya da xəvaricləri (bunların bir çox adları, amma bir məqsədləri var), bir sözlə, saqqalıları pisləyir, onların Suriyaya “cihad” üçün getməsinin pis tərəflərindən danışırlar. Heç kim də sual vermir ki, bəs bu qısa balaq, topa saqqallılar haradan belə çoxalır, ətraflarına insanları haradan cəlb edirlər? “Sədərək” və “Binə” ticarət mərkəzlərindəki  bu zümrə üzvləri barədə mətbuatda müxtəlif xəbərlər gedib. Lakin bu tək “Sədərək” və “Binədə” deyil, regionlarda da eyni vəziyyətdir. Məsələn, biri elə respublika turizmimizin gözü, aynası gözəl Qəbələmiz. Qəbələnin mərkəzi sayılan 28 may küçəsi  və  H. Əliyev prospektidir ki, hansı ki, bir çox ticarət obyektləri, “Qəbələ” hotel və qədimi cümə məscidi bu küçələrdə yerləşir”.
Məktubda qeyd olunur ki, hər iki küçə vəhhabilərin nəzarəti altındadır: “Bu ərazidəki obyektlərin böyük əksəriyyətini olar istifadə edirlər, hansı ki, əllərinin altında çayxanaları, internet klubları, mağazaları və digər ticarət obyektləri var. İlk baxışdan burda qeyri-adi heç bir şey yoxdur, hamısı qanuni görünür, amma hər bir qəbələli təsdiq edə bilər ki, çayxananın arxa otağında bu dini əqidə nümayəndələri dəfələrlə toplaşıb və toplaşırlar, bəzən onların sayı 25-30 nəfərə çatır”.
Məktubda həmçinin Qəbələdə dini zəmində bıçaqlaşma hadisəsinin bu ərazidə baş verdiyi qeyd olunur: “Qəbələdəki dini zəmindəki bir bıçaqlanma hadisəsi də məhz bu küçədə və sələfilərlə xəvariclərin arasında baş vermişdir. Bəli, hər bir Azərbaycan vətəndaşının sərbəst şəkildə ticarətlə məşğul olmaq, pul qazanmaq hüququ var. Amma vətəndaş bu peşə yerindən digər məqsədlər üçün istifadə edirsə dövlətin və millətin təhlükəsizliyi üçün problemlər yaratmağa çalışırsa, artıq bu barədə dövlət nümayəndələri ciddi düşünməlidir”.  
Qeyd edək ki, son günlər mövzu aktuallaşdıqdan sonra əsas diqqət məhz Azərbaycanda radikal dini qrupların hansı mənbələr tərəfindən himayə olunmasına yönəlib. Redaksiyaya ötürülən və əldə etdiyimiz məlumatlarda Azərbaycanda sələfi qruplarını himayə edən güclü “əllər”in olduğu qeyd olunur. Daha əvvəl söhbət əsasən siyasi himayəçilikdən gedirdisə, indi əsas diqqət məhz biznes və ticarət sahəsində himayəçilik məsələsinə yönəlib. 
Bizə çatan məlumatlara görə, Şeyxin qardaşının məhz ticarət mərkəzlərinin adını çəkməsi təsadüfi deyil. Məsələ ondadır ki, hökumət orqanlarında sələfi qruplarını himayə edən nüfuzlu dairələr var. Məhz bu himayə nəticəsində “Binə” və “Sədərək” ticarət mərkəzlərində böyük sayda sələfi camaatı işləyir və böyük biznes şəbəkəsi yarada bilib. Ərəb ölkələri və Çinlə böyük ticarət şəbəkəsi qurmuş sələfi camaatı üzvləri Azərbaycanda monopoliyada olan ticarət markaları və bir sıra məhsulların böyük həcmdə dövriyyəsini təşkil edir. Bu işdə xaricdən, xüsusən də Dubaydan varlı ərəb iş adamlarının böyük dəstəyi olsa da, Azərbaycanda da bu şəbəkəyə şərait yaradan nüfuzlu məmurlar və iş adamları var. 
Bizə verilən məlumatlara görə, Azərbaycan hakimiyyətində olan bəzi şəxslər məhz ərəblərlə olan güclü biznes əlaqələri səbəbilə yerli sələfi icmalarını himayə edir. Bunun nəticəsində ölkədə bir sıra məhsullar, yüngül sənaye məhsulları məhz bu qrupun nəzarətindədir. Bu səbəbdən də hazırda adı gedən ticarət mərkəzlərində, o cümlədən Bakının mərkəzində bir sıra ticarət şəbəkələrində camaat nümayəndələrinə məxsus çoxlu sayda obyektlər fəaliyyət göstərir. Bizə çatan məlumata görə, hakimiyyətdə bir çoxları sələfi qrupların bu qədər fəallaşması, güclənməsində məhz onlara yaradılan bu cür ticarət imkanları və əldə etdikləri qazancdır. 
Bu baxımdan A.Paşazadənin qardaşının verdiyi açıqlama fərdi təşəbbüs deyil, hakimiyyət içərisində mövcud olan fikrin ifadəsidir. Ancaq o da bildirilir ki, hələlik sələfi icmasının maliyyə qaynaqlarının yox edilməsi ilə bağlı yekun qərar yoxdur.
 
Müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4142

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031