Səttar Mehbalıyev AMEA Əməkdaşlarını Öz Qullarına Çevirib?

12.02.2014 - 16:15

Səttar Mehbalıyev AMEA Əməkdaşlarını Öz Qullarına Çevirib?

Redaksiyamıza Elmlər Akademiyasının (AMEA) əməkdaşı Əli Hüseynov tərəfindən bir məktub daxil olub. Ə.Heseynov bu məktubun bir nüsxəsini Həmkarlar İttifaqı Konfederasiyanın sədri Səttar Mehbalıyevə, surətini də Antikorrupsiya Komissiyasına göndərib. 



Məktubunda Ə.Hüseynov AMEA-da və Həmkarlar İttifaqında mövcud olan korrupsiya, qanun pozuntuları və sistemin çürüklüyündən yazır. Akademiya əməkdaşının dediyinə görə, Həmkarlar Təşkilatları tərəfindən ümumi AMEA üzrə təqribən 500 min manat pul yığılır. Lakin həmin pulların hara xərclənməsi barəsində hesabatı heç bir halda öyrənmək olmur. 



Sənəddə başqa faktlarla da bağlı məlumatlar var. Məktubun əsas məqamlarını nəzərinizə çatdırırıq. 





AR Həmkarlar İttifaqı Konfederasiyanın sədri 

cənab S. Mehbalıyevə; 

surətləri: 1) Antikorrupsiya Komissiyasına və KİV-nin redaksiyalarına, AMEA-nın əməkdaşı Hüseynov Əli Ömər oğlu tərəfindən 



ƏRİZƏ



Çox hörmətli Səttar müəllim!



Öz vətəndaşlıq borcumuzu yerinə yetirərək, 10 ildən artıq əməkdaşı olduğumuz AMEA-nın “Azad Həmkarlar Təşkilatı”nda (AHT), o cümlədən də rəhbəri olduğunuz HT Konfederasiyasında baş verən proseslər və bu proseslərin Azərbaycan cəmiyyətində baş verən digər proseslərə təsiri barəsində öz fikirlərimizi Sizə çatdırmağı vacib bildik. Çünki bundan sonra da susmaq mümkün deyil.



Diqqətinizə çatdırmaq istəyirik ki, AMEA-nın “Azad Həmkarlar Təşkilatı” artıq çoxdan “azad” deyil, ÖZƏLDİR !! Onu özəlləşdirən şəxs də, artıq lap çoxdan ona rəhbərlik edən Adil Mirabdulla oğlu Mirabdullayevdir. Bu da qəribə deyil. Çünki sosiologiya elmi birmənalı olaraq sübut edir ki, istənilən bir şəxs eyni bir vəzifədə 5 ildən artıq bir müddətdə işlədikdə o mütləq bürokrata çevrilir. Biz isə yalnız onu əlavə edə bilərik ki, əgər həmin şəxs (soyadından asılı olmayaraq) 10 ildən, xüsusən də 15 ildən artıq eyni bir vəzifədə işləyirsə o nəinki bürokrata çevrilir, mütləq və mütləq korrupsionerə də çevrilir. Bəli-bəli, Səttar müəllim korrupsionerə çevrilir! Bununla da həmin işə həmişəlik təhkim olunur. 



Yəqin buna görədir ki, AMEA-nın institutlarında da:



1) HTK-ləri demək olar ki, yalnız bir sədrdən ibarətdir. İdarə heyətinin üzvləri isə yalnız görüntü üçün lazımdırlar. Sədr onlara HTK-də nə baş verdiyindən “baş açmağa” imkan vermir. İdarə heyətinə seçəndə də elələrini seçirlər ki, heç nə ilə işləri olmasın. Yalnız sədrin yaratdığı cüzi imtiyazlara da “şükür edib” otursunlar. Çünki, yalnız sədr rəsmən ayda təqribən 70-80 manat məvacib alır. Qalanlarının da boş yerə “özlərini cırmağa” bir o qədər də həvəsləri olmur.



2) Onların heç normal iclas keçirməyə otaqları da yoxdur. Odur ki, hərdənbir zorla “kvorum” toplayaraq, 20-30 dəqiqəlik yığıncaqları olur ki, onların da əksəriyyətinin protokolları olmur. Bəzi hallarda heç hesabat-seçki xarakterli “ümumi iclasların” da protokolları olmur. Onda bu “şaraşkina kontora” deyilsə onda nədir?!



AMEA-nın əksər institutlarında HTK sədrləri az qala birdəfəlik və ömürlük seçilirlər. 10-15 il sədrlik etmək adi haldır. Hətta 20-25 il sədrlik edənlər də var. 



Bəlkə elə buna görə A. Mirabdullayev özünə institut direktorlarından da yaxşı kabinet, qəbul otağı, buxqalteriya və sairə düzəldib. Bununla da bir xeyli tanışlarının uşaqları üçün “iş yerləri” də açıb. Odur ki, istədiyi vaxt hərdən bir işə dəyir. Əsasən isə tutduğu vəzifədən sui-istifadə edərək öz şəxsi problemlərinin həlli ilə məşğuldur. Hətta, bildiyimiz qədər özünə “elmlər doktoru” elmi dərəcəni də təmin eləyib. Halbuki, özlərini elm yolunda “çürüdənlər” AAK-dakı problemlər üzündən heç cürə buna yiyələnə bilmirlər (o cümlədən də elə biz özümüz, doktorluq dissertasiyamızı hələ 2000-ci ildə müvəffəqiyyətlə müdafiə etməyimizə baxmayaraq). 



Nəticədə də, AMEA-nın 35-40 struktur bölməsinin HT-nın hər birisinin illik büdcəsi təqribən 8-15 min manata çatdığı, ümumi AMEA üzrə isə təqribən 500 min (!!) olduğu halda, həmin pulların hara xərclənməsi barəsində hesabatı və sairəni illər uzunu çalışmağımıza baxmayaraq şəxsən biz heç cürə əldə edib öyrənə bilməmişik. 



Bütün bunlar bizi o qənaətə gətirir ki, Hİ Respublikamızda korrupsyanın ən güclü təsirinə məruz qalan təşkilatlarından birisidir. İctimai nəzarətdən kənar qalması da bunun üçün daha münbit şərait yaradır. Odur ki, orada maliyyə şəffaflığından danışmağımıza belə dəyməz !! 



İndi isə diqqətinizi xüsusi cəmləşdirin. Çünki, bu “Həmkarlal” təşkilatın yol verdiyi çoxsaylı qanun pozuntularından ən ağlasığmazını diqqətinizə çatdırmaq istəyirik. Bu qanunun kütləvi surətdə pozulması faktı o qədər iri miqyaslı və kütləvi hal alıb ki, demək olar ki, heç kim daha fikir də vermir. Bu fakt ondan ibarətdir ki, ən azı AMEA-da bütün işçiləri yazılı razılığı olmadan (ərizə və ya digər formada), hətta heç bir xəbərdarlıq belə etmədən “avtomatik olaraq” həmkarlar təşkilatına üzv edirlər və onların maaşından hər ay müəyyən faizləri üzvlük haqqı kimi tuturlar. İşçinin öz razılığı olmadan onun maaşından faizlər çıxmaq hansı məntiqə və yaxud qanuna uyğun ola bilər?! Əgər bu “Həmkarlar” İttifaqı AMEA-da alimlərlə belə davranırlarsa, digər müəssisələrdə qeyri-alimlərin başına Sizcə hansı oyunları gətirərlər?! 



Ən qəribəsi də budur ki, “Həmkarlara” özlərindən də xəbərsiz “avtomatik” qəbul etdikləri halda “Həmkarlardan” çıxmaq istəyən mütləq rəsmi ərizə yazmalıdır, sonra “ümumi iclas” tərəfindən onun bu ərizəsinə baxılmasını gözləməlidir və sairə. Biz hələ müxtəlif formada qınaqları, təhdidləri və digər təzyiq vasitələrini demirik. Hətta kiməsə “həmkarlardan” çıxmaq nəsib olsa belə, mühasibatlıqda onun maaşından faizləri tutub-tutmadıqlarını axıra qədər ayırd etmək böyük bir problem olacaq! Çünki, işçi hər ay maaşının “tam təhlili” ilə məşğul olmasa bunu ayırd edə bilməz! Çoxları elə buna görə çarəsiz qalıb həmkarlardan çıxmırlar.



Bizim üçün sirr olaraq qalan məsələlərdən birisi də ondan ibarətdir ki, Mirabdullayevdən sonra AMEA həmkarlarına kim başçılıq etməlidir? Bəlkə onun həyat yoldaşı?! Axı bu da dəbə düşür. Məsələn, AMEA İnsan Hüquqları İnstitutunun direktoru rəhmətə gedəndə onun yerinə onun həyat yoldaşını seçdilər. Sizcə, bu faktın özü, başqa uydurulan şərtləri nəzərə almasaq, nə dərəcədə demokratiya və insan hüquqları ilə uzlaşır?! Belə institut insan hüquqlarını necə təhlil edir və başqalarına necə öyrədir?! O direktoru artıq deputat da seçdilər… Deməli bu vəzifə də, çox yəqin ki, özəlləşdi..! Bu ona oxşayır ki, mollalar demişkən “mənim etdiyimi etmə, mənim dediyimi elə…”.



İndi özünüz deyin, belə “azad” həmkarlar, onun müxtəlif səviyyəli komitələrinə sədrlik edənlərdən başqa kimə lazım ola bilər?! İnciməyin, Səttar müəllim, bütün alt komitələrdə barmaqlarını Sizə tərəf də tuşlayırlar və təəsüf ki, müəyyən qədər də haqlıdırlar !! Çünki:



1) Bildiyimiz qədər, orada deyəsən sovet dönəmindən sədrlik edirsiniz. Bəlkə o vəzifəni istəyən və yaxud da bacaran daha yoxdur?! 



2) Siz qurultay nümayəndələrinə başqa heç kimin vəd etmədiyi və ya edə bilməyəcəyi nə vəd edirsiniz ki, onların hamısı hər dəfə yalnız Sizə səs verirlər və yalnız Sizi seçirlər? Axı heç Peyğəmbərlər hamının sevgisini qazana bilməyiblər…! Onda Sizin hər dəfə “yekdilliklə” seçilməyiniz nə qədər demokratik və ədalətli sayıla bilər?! 



3) Əgər bu çox çətin və pis vəzifədirsə – niyə həmişə Siz əziyyət və məşəqət çəkməlisiniz?! Yox əgər “yaxşı yer”dirsə – onda niyə bundan yalnız Siz və Sizin yaxınlarınız bəhrələnməlidirlər?! 



4) Əgər “rəhbərlik” işdən çıxarmasa indidən sonra da neçə il sədrlik etmək fikrindəsiniz (yalnız deməyin ki, bu seçkili vəzifədir) ?!



5) Belə olan halda, Siz tabeçiliyinizdə olanlardan necə ədaləti və demokratiyanı tələb edə bilərsiniz və niyə A.Mirabdullayev kimilər 15-25 il öz vəzifələrini zəbt eləməsinlər (nəzərə alaq ki, onların da maddi maraqları var.., arvad-uşaqları var..) ?!



6) Həmkarlar Konfederasiyasına sədrlikdən savayı, bildiyimiz qədər, deputatlıq, rektorluq kimi digər işləriniz də var. Bu vəzifələrin hətta birisindən irəli gələn problemləri bir adam təkbaşına yerinə yetirə bilməz. Əgər bacarsaydı ona müavinlər, köməkçilər və sairə lazım olmazdı. 



AMEA-dakı maaşımla AMEA-nın yeməkxanasında yarımborş yeməyə məcburuq. Daha nə etməli idik ki, heç olmasa 50 yaşlarımızda normal qidalana bilək və uşağımızın əynini təmin edə bilək ?!



Səttar müəllim, inanın bizə, hətta bu adama o qədər yer eləmir. Ən əsası budur ki, elə bu vaxt hansısa bir nazirin və yaxud da digər yüksək rütbəli məmurun uşaqları, hətta məzələnmək üçün 1 milyon dollara ayı kababını yeyirlər (!), hansısa bir qadın müğənniyə 40-50 min avroluq çanta bağışlayırlar və sairə. Səttar müəllim, əgər müəllimsinizsə, başa salın niyə biz bütün bunlarla qeyd-şərtsiz razılaşmalı, belə məmurların idarə etdikləri Vətəni ürəkdən sevməli və onun uğrunda Qarabağ müharibəsində qan tökməliyik?! Bəs bu məmurların uşaqlarıda orada qan tökəcəklərmi, yoxsa onların ayı kababını yeməkdən buna vaxtları olmayacaq?! Belə şəraitdə “Həmkarlar” kimlərə həmkar olacaqlar, yoxsa həmişəki kimi, həm kar, həm də lal olacaqlar?!



Deyə bilərsiniz ki, bəs “Vətəndaşların şikayət və ərizələrinə baxılması haqqında” Azərbaycan Respublikasının qanunu var…!! Bəli, doğma vətənimizdə “kağız üzərində” belə qanunlar çoxdur. Amma, hamı bilir ki, “cəmiyyətin içində”, gündəlik həyatımızda isə, onların “izi də” yoxdur. Varsa niyə cavabları ala bilmədik? Elə bu müraciətimizin cavabını ala biləsiyikmi? Yəqin ki, yox. Çünki necə deyərlər: “bura Azərbaycandır…” – uğrunda canımızı da verməyə hazır olduğumuz ŞANLI VƏTƏNİMİZDİR!!! Amma, kimlərsə də fikirləşirlər ki, “bura Azərbaycandırsa, deməli düzələn deyil (!)” Bununla belə, hörmətli Səttar müəllim, “mexaniki olaraq” yazırıq və bütün bunlar “Həmkarlarla” bağlı bizi narahat edən problemlərin yalnız kiçik bir hissəsidir. Biz öz vəzifəmizi yerinə yetirdik – diqqətinizə çatdırdıq! Qalanı Sizlikdir – nəyisə dəyişə də bilərsiniz, “sabit və stabil” də saxlaya bilərsiniz. Şəxsən bizim üçün həqiqətən də artıq bir elə fərqi yoxdur. Bu müraciətimizin heç Sizə çatacağına və ona heç olmasa “göz gəzdirəcəyinizə” də ümidimiz çox azdır. Odur ki, KİV-də də dərc etdirəsiyik. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4156

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930