Bir neçə məmur xariclə əlaqəyə görə həbs edilə bilər
Bir neçə məmur xariclə əlaqəyə görə həbs edilə bilər
İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlə bağlı ilginc məlumat
Dövlət başçısı Ilham Əliyevin son müşavirədə məmurların xarici dairələrin təsirinə düşə biləcəyi barədə narahatlığı əsassız deyil. Bu barədə məlumat redaksiyamıza iqtidardakı mənbələrdən sızıb. Xəbərdə iddia edilir ki, Ilham Əliyev bu fikri mülahizələrə deyil, konkret məlumatlara əsaslanaraq səsləndirib. Iddialara görə, YAP-çıların Ilham Əliyevin xüsusilə bu fikrini şərh etməsi və hakimiyyətdə belə bir problemin olduğuna eyham vurması təsadüfi deyil. Və yaxın vaxtlarda bir neçə məmur xarici dairələrin təsirinə düşməsi ittihamı ilə həbs edilə bilər.
Qeyd edək ki, YAP-çı deputat Siyavuş Novruzov mətbuata açıqlamasında belə bir təhlükənin olduğuna açıq işarə vurmuşdu.
Ondan sonra isə digər YAP-çı deputat Mübariz Qurbanlı bu barədə danışıb. O, Siyavuş Novruzovdan fərqli olaraq fikrini daha konkret ifadə edib. YAP-çı deputat ANS-ə müsahibəsində deyib: “Burda siyasi məsələ də var. Ola bilsin ki, kimlərsə bu və ya digər yaranmış situasiyada hansısa qüvvələrin, hansısa xarici dairələrin təsiri altında öz məqsədinə çatmaq istəyir, yaxud özünün gələcəkdə rolunu artırmaq istəyir. Hər halda cənab prezident bunu təsadüfən demir. Görünür, bununla əlaqədar müəyyən məlumatlar, müəyyən hadisələr var ki, bunlar deyilibdi.
Cənab prezident bunu təsadüfən deməyib. Ola bilər ki, ayrı-ayrı bu cür qruplara, dairələrə xidmət göstərmək istəyənlər var ki, bunlara xəbərdarlıq edir. Bu çağırışlar hesab edirəm ki, kimlərisə ayıldacaq və bu cür düşünənlər varsa, ya onlar özləri başa düşüb geri çəkiləcək, ya da prezident özü onları kənarlaşdıracaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4175