Riçard Kozlariç: “Əliyev ABŞ-İran yaxınlaşmasından məmnun deyil…”
Riçard Kozlariç: “Əliyev ABŞ-İran yaxınlaşmasından məmnun deyil…”
ABŞ-ın “Eurasianet” portalı Vaşinqtonla Tehran arasındakı yaxınlaşma və Azərbaycanın buna münasibəti barədə məqalə ilə çıxış edib.
Virtualaz.org saytı xəbər verir ki, məqalənin müəllifi ABŞ-ın Bakıdakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru Riçard Kozlariç və politoloq Eldar Məmmədovdur.
Məqalədə deyilir ki, yanvarda Cenevrdə əldə edilmiş nüvə razılaşmasından sonra Birləşmiş Ştatlarla İran arasında başlayan yaxınlaşma Amerikanın Cənubi Qafqaz prioritetlərinin xüsusən Azərbaycan üçün dəyişməsinə səbəb olacaq. Belə ki, son illər ABŞ İranın şimal qonşusu olan Azərbaycanın Tehranın cilovlanmasına yönələn Qərb siyasətindəki mühüm rolunu nəzərə alaraq demokratiya məsələsini arxa plana keçirmişdi. Lakin indi Birləşmiş Ştatlar İranla işgüzar münasibətlərin bərpası üçün ilk addımlar atır, həmçinin Almaniya Tehranla münasibətlərini qaydaya salmağa çalışır. Ona görə də Vaşinqtonun Bakıda insan haqlarının pozulmasına dözümü azalır.
Müəlliflər qeyd edirlər ki, 1979-cu il inqilabından sonra ABŞ-ın bütün siyasəti İranın regional enerji və təhlükəsizlik layihələrindən təcrid olunmasına yönəlmişdi. Bir çox regional oyunçular isə İranla ABŞ arasında qarşıdurmanın strateji baxımdan onlara sərfəli olduğunu görürdülər. Azərbaycan da belə regional oyunçulardandır. 1991-ci ildə müstəqilliyini əldə edəndən sonra Bakı ən mühüm milli məqsədinə çatmaq – separatçı Dağlıq Qarabağ regionu üzərində nəzarəti bərpa etmək üçün Qərbin dəstəyinə nail olmağa çalışır. Bu məqsədlə Bakı əvvəldən qərbmeylli siyasət yürüdüb, Qərbin iri enerji şirkətlərini özünün neft-qaz yataqlarına buraxıb və İranı bu layihələrdən kənarda saxlayıb. Çünki Amerika qanunları bu ölkənin şirkətlərinə İranla hər hansı formada əməkdaşlığa qadağa qoyduğu üçün zəruri olaraq belə vəziyyət yaranıb.
Rəsmi Bakı həmçinin NATO ilə tərəfdaşlıq münasibətləri yaradıb, İsraillə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edib və bu da Azərbaycanın Vaşinqton üçün strateji əhəmiyyətini artırıb. Bir çox ekspertlər hesab edirdilər ki, Azərbaycan hətta ABŞ-ın, yaxud İsrailin İrana qarşı hərbi əməliyyatlarında platsdarm rolunu oynayacaq. Bunun əvəzində Qərb Azərbaycanı demokratiya məsələsində sıxışdırmayıb.
Lakin Cenevrə razılaşması mövcud mexanizmi dəyişdirəcək. İndi nəinki ABŞ-ın İrana hərbi zərbə ehtimalı aradan qalxır, eyni zamanda Suriya, İraq, Livan və digər Yaxın Şərq ölkələrində sünni cihadçılarının güclənməsi Birləşmiş Ştatları şiə İranla əməkdaşlığa məcbur edir.
Belə bir vaxtda Azərbaycanın anti-İran siyasətində roluna ehtiyac qalmır. Amerikanın neomühafizəkar çevrələrinin İrana qarşı Azərbaycanla müttəfiqlik ideyası indi Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları üçün ziyanlıdır. İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın sərt anti-Qərb ritorikası Vaşinqtonun Bakını şərtsiz dəstəkləməsinə kömək edirdi. Ancaq indi İranın daha mötədil prezidenti Həsən Ruhaninin ritorikası Tehranın ABŞ və Qərbin maraqları üçün başlıca təhdid olduğuna dair fikirlərin çəkisini azaldır.
Müəlliflərin qənaətinə görə, öz tərəfindən Azərbaycan çətin ki, mümkün Amerika-İran yaxınlaşmasını alqışlasın. Çünki bu halda Azərbaycanın enerji resurslarının təchizatçısı kimi rolu qeyri-müəyyən gələcəklə üzləşəcək. İranın yeni qlobal enerji oyunçusu kimi dirçəlməsi Azərbaycanın mövcud gəlir mənbələrinin ciddi şəkildə boğulmasına səbəb ola bilər. Çünki investorlar Tehranda Bakıdan daha sərfəli təkliflər ala bilərlər.
Bununla belə Əliyev administrasiyası son hadisələrdən məmnun olmasa da onun qarşısını da ala bilməz. İsrail və Səudiyyə Ərəbistanından fərqli olaraq Azərbaycanın ABŞ-İran yaxınlaşmasına qarşı çıxmaq üçün rıçaqları yoxdur. Ona görə də Bakı sakitcə oturub və gözləyir ki, İsrail nə vaxt Qərb-İran sövdələşməsini pozacaq. Ancaq Obama-Kerri komandası İranla yekun nüvə razılaşmasında tam qərarlı olduqlarını nümayiş etdirir.
Əliyev komandası üçün bu vəziyyət o deməkdir ki, ölkəsinin Qərb üçün strateji əhəmiyyətini yeni əsaslarda formalaşdırsın. Bu, avtoritar tendensiyadan əl çəkməkdən, Qərb və ABŞ-la strateji tərəfdaşlığını yenidən qurmaq üçün üzərinə demokratiya, insan haqları və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliklər götürməkdən ibarət ola bilər.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4202