Azərbaycanda Əhalinin sayı artıb
Azərbaycanda Əhalinin sayı artıb
Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən virtualaz.org saytına verilən məlumata görə, hazırda Azərbaycan əhalisinin sayı 9477,1 min nəfərdir. Bu isə ötən ilin göstəricisindən 120,6 min nəfər çoxdur.
Ölkə üzrə əhalinin sıxlığı bir kvadratkilometrə 109 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinlərinin, 49,7 faizi kişilərin, 50,3 faizi isə qadınların payına düşür.
Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub. Belə ki, 2013-cü ildə ölkədə 172,6 min körpə doğulub, Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulmuşdur.
Ölkə əhalisinin təkrar istehsalı təmin olunaraq, uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür.
Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6,0-dan 5,8-ə qədər azalıb.
2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4204