Başqanlığa namizədliyimi irəli sürmək barədə düşünürəm
13.02.2014 - 17:49

Başqanlığa namizədliyimi irəli sürmək barədə düşünürəm
2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır. Buna görə mayın 24-də keçiriləcək qurultayda indiki başqan İsa Qəmbər namizədliyini verə bilməz. Çünki bu dəyişiklikdən sonra İsa Qəmbər artıq iki dəfə – 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda başqan seçilib.
“Media forum” saytı bunu nəzərə alaraq Müsavat başqanlığına potensial namizədlərə eyni suallarla müraciət edib. Müsavat başqanının müavini Arif Hacılının müsahibəsini təqdim edirik.
– Mayın 24-nə təyin olunmuş qurultayda eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayan nizamnamə maddəsinin ləğvi və İsa Qəmbərin yenidən başqanlığa namizəd imkanı əldə etməsi ehtimalı varmı? Sizin şəxsi fikriniz necədir: İsa Qəmbərin başqan postunda qalmasını istəyirsinizmi?
– Bu mövzu 2003-cü ilin prezident seçkisindən sonra daim müzakirə olunur. Partiya üzvləri zaman-zaman nizamnamədə dəyişiklik edilməsi, İsa Qəmbərin yenidən başqan seçilməsi təkliflərini irəli sürüb. Hər dəfə bu mövzu gündəliyə gələrkən İsa Qəmbər qətiyyətlə belə dəyişikliyin əleyhinə çıxıb. Bu baxımdan nizamnamənin həmin bəndinin dəyişdirilməsi nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən real görünmür.
– Başqanlığa namizəd olmaq fikriniz varmı? Belə fikriniz yoxdursa, başqan postuna iddialı olanlardan kimin namizədliyini dəstəkləmək niyyətindəsiniz?
– Başqanlığa namizədliyimi irəli sürmək barədə düşünürəm. İsa bəylə, partiya rəhbərliyinə daxil olan şəxslərlə, partiyanın əsas yükünü daşıyan silahdaşlarımla müzakirələr aparıram. Qərarım bu müzakirələrin nəticəsindən asılı olacaq.
Sualın ikinci hissəsinə isə yalnız namizədlər irəli sürüləndən sonra cavab versəm, daha düzgün olar.
– Yeni başqan (siz və ya başqa birisi) Müsavatda nələri dəyişməlidir? Partiyanın idarəçilik formasının dəyişməsi, başqanlıq institutunun ləğvi mümkündürmü?
– İstənilən demokratik seçki yeni imkanlar yaradır. Hətta eyni şəxslərin yenidən seçilməsi belə təşkilata yeni ruh, yeni nəfəs gətirir. Partiyanın bütün rəhbər strukturlarına yeni şəxslər də gələcək. Partiya idarəçiliyinə yeni təcrübəli siyasətçilərin, gənclərin gəlməsi zəruridir. Bu da təşkilatın daha səmərəli və çevik fəaliyyətini təmin edəcək.
Müsavat həm də Azərbaycan cəmiyyətinin yaratdığı bir dəyərdir. Oturuşmuş, müqəddəs ənənələri olan bir təşkilatdır. Kimin başqan seçilməsindən asılı olmayaraq partiyanın əsas ideoloji siyasi xətti davam etdiriləcək. Belə fikirlər var ki, Müsavat başqanı seçilsəm, partiyanın hakimiyyətə qarşı mübarizəsi daha da sərtləşəcək. Bu isə bəzi opponentlərimizi, xüsusilə hakimiyyəti qane etmir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4212