Rail Rzayevin general qohumu kimə işarə vurur?

14.02.2014 - 10:20

Rail Rzayevin general qohumu kimə işarə vurur?

İlham Əliyev açılmayan cinayətlərlə bağlı birmənalı mövqe sərgiləməlidir

 

Əyyub Kərimov: “Rail Rzayevin qətlində maraqlı olan qruplar hakimiyyətdə tam zəifləmədiyindən bu qətlin üstü açılmır”

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlindən 5 il ötür və hələ də bu cinayətin üstü açılmayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov fevralın 10-da “Media forum” saytına bildirib ki, Rail Rzayevin qətlə yetirilməsi işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir: “Xəbər verildiyi kimi, Baş Prokurorluq, Daxili Işlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Ölkənin hüquq mühafizə orqanlarının rəhbərliyi tərəfindən nəzarətə götürülmüş həmin iş üzrə cinayətin açılması və onu törədənlərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”- deyə Eldar Sultanov bildirib.

Bir qayda olaraq üstü açılmayan cinayətlər siyasi motivli cinayətlər olur. Rail Rzayevlə yanaşı Elmar Hüseynovun, Rafiq Tağının və digərlərinin qatilləri də hələ tapılmayıb. 

Razil Rzayev kifayət qədər yüksək vəzifə tuturdu və bu adam hətta prezidentin də uçuşuna cavabdehlik daşıyırdı. Belə bir şəxs şəhərin mərkəzində, günün birinci yarısı rahatlıqla qətlə yetirilir və 5 il müddətində bu istiqamətdə heç bir irəliləyiş müşahidə olunmur.

Milli Məclisin deputatı Əliağa Hüseynov isə mətbuata açıqlamasında Rail Rzayevin qətlinin açılmamasından ailəsinin narahatlıq keçirdiyini bildirib və bu işdə xarici faktorun olduğunu diqqətə çəkib: “Təkcə mən yox, Rail Rzayevi istəyən hər kəs arzu edir ki, onun qatili tez tapılsın. Rail Rzayevin düşməni ordumuzun möhkəmliyini istəməyənlər idi. Bir generalın düşməni ancaq ordunu istəməyənlər ola bilər. Hesab edirəm ki, burada da xarici düşmənlərin əli var”.

Bəs, deputat “ordunu istəməyənlər”, “xarici düşmənlər” deyəndə nəyə işarə edir?

Hüquqşünas Əyyub Kərimov hesab edir ki, Rail Rzayevin həbsi siyasi motivlidir və bu cinayətin açılması üçün prezidentin qəti qərarı olmalıdır: “Əvvəla bu suala cavab tapılmalıdır ki, bu adam məişət zəminində, yoxsa xidməti vəzifəsi ilə əlaqədər qətlə yetirilib. Hesab edirəm ki, bu, məişət zəminində törədilmiş cinayət olsaydı çoxdan üstü açılardı. Ona görə də bu qətli tam siyasi adlandırmaq olar. Bu adam böyük vəzifə sahibi olub, öz ixtisası üzrə peşəkar kadrdı və belə bir adamın öldürülməsi orduya zərbə kimi qiymətləndirilməlidir. Bu baxımdan Əliağa Hüseynovun dediklərini məntiqli qiymətləndirmək olar. Bu qətl siyasi olduğu üçün üstü açılmır. Yəni Rail Rzayevin qətlində maraqlı olan qruplar hakimiyyətdə tam zəifləmədiyinə görə, bu qətlin açılmasına əngəl törədirlər. Eyni zamanda bu işdə xarici faktoru da birmənalı inkar etmək olmaz. Bu adam müharibə zamanı ordunun mühüm bir hissəsinə nəzarət etməlidir və belə bir adamın yetişdirilməsi uzun vaxt tələb edir. Bu mənada xarici düşmənlər də bu işdə maraqlı ola bilər. Sözsüz ki, onun qrupdaxili düşmənləri olub və müəyyən qüvvələrlə birlikdə bu qətli reallaşdırıblar”.

Hüquqşünas onu da əlavə etdi ki, bu qətlin açılması prezidentin birmənalı şəkildə müdaxiləsindən keçir: “Ölkə başçısı açılmayan cinayətlərlə bağlı hüquq mühafizə orqanları qarşısında kokret məsələ qoymalıdır və qısa müddətdə nəticə istəməlidir. Əks halda isə məsul şəxslər istefa verməlidir. Yoxsa, biz hər il açılmayan cinayətlərin ildönümünü keçirməkdə davam edəcəyik. Əgər siyasi iradə ortaya qoyulmasa, bu işlərlə bağlı şayiələr, versiyalar həmişə qalacaq. Hansısa siyasi komanda öz hakimiyyəti dövründə törədilmiş cinayətləri açmırsa, belə fikir yaranır ki, həmin qətldə mövcud hakimiyyətin əli var. Siyasi hakimiyyət maraqlı olmalıdır və komandanın hansı üzvünə toxunmasından asılı olmayaraq həqiqəti üzə çıxarmalıdır”.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev 2009-cu ilin fevral ayının 11-də Bakıda, evindən çıxıb işə gedərkən odlu silahdan açılmış atəşlə xidməti avtomobilində qətlə yetirilib. Qətldən sonra cinayət işi açılıb, generalın öldürülməsinin istintaqını Baş Prokurorluq, Daxili Işlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq qrupunun araşdırdığı elan edilib…

 

(azadlıq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4229

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031