Xəstə əsgərlər məmurları üz-üzə qoyub
Xəstə əsgərlər məmurları üz-üzə qoyub
Səfərbərlik xidmətinin rəhbəri məsuliyyəti Səhiyyə Nazirliyinin üzərinə atdı
Bir neçə gün əvvəl Müdafiə Nazirliyi məlumat yaymışdı ki, yanvar ayında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılan xeyli çağırışçıda xəstəlik aşkarlanıb. Məlumatda daha sonra deyilirdi ki, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçılardan xəstəlik aşkarlanmış 157 nəfər geri qaytarılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimov məsələyə münasibət bildirib. “Çağırışçıların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tibb müəssisələrində həkim yoxlamasından keçirilməsi barədə deyilənlər doğru deyil”, – deyə Arzu Rəhimov jurnalistlərə açıqlamasında vurğulayıb. Arzu Rəhimov daha sonra əlavə edib: “Azərbaycanda bütün çağırışçılar tibbi şəhadətləndirməni qeydiyyatda olduqları rayonların mərkəzi xəstəxanalarında keçirlər”.
O, daha sonra qeyd edib ki, hər bir çağırış dövründə yerli icra hakimiyyəti başçıları tərəfindən verilən qərarlar hərbi həkim komissiyaları müəyyən olunur: “O hərbi həkim komissiyaları yerli xəstəxanalarda yoxlamadan keçmiş çağırışçılara ekspertiza rəyləri verirlər”.
Bununla da Arzu Rəhimov faktiki olaraq məsuliyyəti üzərindən ataraq, Səhiyyə Nazirliyini günahkar çıxarıb.
Keçmiş baş hərbi komissar Əliağa Hüseynov da məsələ ilə bağlı fikirlərini açıqlayıb. O, “Yeni Müsavat”a müsahibəsində bu barədə deyib: “Bu, olan hadisədir. Həqiqi hərbi xidmətə çağırış hər kvartalın 1-dən başlayır və bir ay davam edir. Yəni ildə dörd dəfə: yanvar, aprel, iyul və oktyabrda. Bu uşaqlar bu müddətdə, üç ay ərzində rayon çağırış komissiyalarından keçirilir və bunlara göndəriş vərəqəsi verilir. Yəni filan tarixdə gəlib orduya gedirsən. Hərbi xidmətə gedən günü bunlar tibbi komissiyadan keçmirlər. Keçmişdə Müdafiə Nazirliyinin nəzdində tibbi çağırışçılar üçün həmişə tibbi qəbul komissiyası olub. Bu, mənim də vaxtımda var idi. Bunlar tibbi komissiyadan xüsusi məqsədlə keçirilirdilər. Yəni bu uşaqlar ki, bir neçə ay əvvəl komissiyadan keçmişdilər, onların sonradan hansınınsa qolu sına bilər, yaxud cavan uşaqlardır, başları açıq gəzirlər, özlərini soyuğa verirlər. Axı bu adam iki ay öncə komissiyanı keçib. Yəni yanvarda əsgər gedəcəksə, artıq gənc noyabr-dekabrda komissiyadan keçib, sənədini alıb. Insan beş gün ərzində də yoluxucu xəstəliyə tutula, əsəb də keçirə, yaxud başqa şeylər də ola bilər. Ona görə də xahiş edirəm, qoy bu məsələyə heç vaxt hansısa rəng verilməsin”.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4230