Köhnə məhəllələrin sakinləri mitinqə hazırlaşır?
Köhnə məhəllələrin sakinləri mitinqə hazırlaşır?
Bakı şəhərinin mərkəzindəki köhnə məhəllələrin ləğvinə start verilməsi xəbəri həmin ərazilərdə yaşayan əhalini çox sarsıdıb. Sökülməsi nəzərdə tutulan məhəllələrə baş çəkərkən sakinlərin köçürülmə xəbərini nə qədər həyəcan və narazılıqla qarşıladıqlarının şahidi olduq. Ərazidə fotoçəkiliş apararkən bizə yaxınlaşan sakinlər köhnə Bakının bir parçasının məhv ediləcəyindən narahatlıqlarını dilə gətirir, bu qədim məhəllələrdəki xatirələrini bölüşür, bəzi memarlıq abidələri haqqında bilgi də verirdilər.
“Qış bulvarı”nın ucbatından Füzuli və Şəmsi Bədəlbəyli küçələrində hətta memarlıq abidələrini yerlə-yeksan edən şəhər rəhbərliyinin indi də digər qədim məhəllələrlə eyni cür davranacağı həqiqətən ağır məsələdir. Iş burasındadır ki, bu məhəllələrin də sökülməsinə “Qış bulvarı”nı uzatmaq məqsədilə qərar verilib.
Bakı Şəhər Icra Hakimiyyəti Yasamal rayonu ərazisində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxa hissəsindən başlayaraq üzüyuxarı – Hüseyn Cavid bağınadək olan köhnə məhəllələri söküb, yerində park salacaq. Yaşı 150-200 ildən artıq olan bu məhəllələrdəki evlərin hər kv.metrinə görə isə 1500 manat veriləcək… Sakinlərin heysiyyətinə toxunan da budur: həm ata-baba oçağından – şəhərin mərkəzindən zorla köçürülür, həm də əvəzində dəyər-dəyməzinə kompensasiya verilir?! Halbuki bu ərazidə ucalan yeni yaşayış binalarında mənzillərin kv.metri 3000 manatdır…
Dram Teatrının yerləşdiyi Mirzağa Əliyev küçəsi Hüseyn Cavid bağınadək uzanır. Bu küçəyə bitişik daha 7 küçə var ki, onlar da üzüyuxarı belə sıralanır: Mirzə Fətəli, Mustafa Sübhi, Zülfü Adıgözəlov, Abdulla Şaiq, “Sovetski”, Tağı Şahbazi və Ismayıl bəy Qutqaşınlı küçələri. Bunlar isə ümumilikdə, 10 mindən çox evi əhatə edir.
Mirzağa Əliyev küçəsində olarkən iki memarlıq binası diqqətimizi cəlb etdi. Bunlardan birində məşhur teatr aktyoru Abbas Mirzə Şərifzadə, digərində isə görkəmli jurnalist Osman Mirzəyev yaşayıb. Birincisi Mirzağa Əliyev 115-də, ikincisi isə Mirzağa Əliyev 102-də yerləşir ki, onlardan yalnız sonuncusunun 1916-cı ildə tikildiyini öyrənə bildik.
Bu məhəllənin sakini olmayan, ancaq bu ərazidə fəhləlik edən bir kişi “plana düşəcək” həmin binalara görə çox təəssüfləndiyini bildirdi. O, bir-iki il öncə “Qış bulvarı”na görə tarixi binaların necə söküldüyünü və bundan necə kövrəldiyini danışdı. Indi yenidən həmin dağıdıcı mənzərə ilə üz-üzə gələcəyindən həyəcan keçirdiyini söylədi.
Söküləcək məhəllələrdən birinin sakini olan cavan oğlan isə dədə-babadan burada yaşadıqlarını və hüquqları uğrunda sonadək mübarizə aparacağını bildirdi. Bu yolda heç nədən çəkinmədiyini söyləyən gənc neçə-neçə sakinin də onunla həmfikir olduğunu vurğuladı. Onun fikrincə, bu iş həm də qürur məsələsidir; söhbət, Bakının köklü əhalisinin şəhərin mərkəzindən kütləvi şəkildə köçürülməsindən gedir: “Biz ya halallıqla kompensasiya ödənilməsini, ya da bu ərazidə yenidən tikiləcək binalarda yaşayış sahəsi ayrılmasını tələb edirik” – dedi həmin gənc.
Sonda onu da öyrəndik ki, ata-baba yurdundan zorla köçürüləcəyinə etiraz edən əhali fevralın 16-da, saat 12.00-da mitinq keçirmək qərarına gəlib. Mitinqi “Sovetski” küçəsindəki 173 saylı orta məktəbin qarşısında keçirmək planlaşdırılıb.
“Bakılılar Bakıda qalmalıdır”
Xatırladaq ki, hələ ötən ilin yayında Bakının köhnə məhəllələrinin ləğv ediləcəyi ilə bağlı xəbərlər həmin ərazilərdə yaşayan əhali arasında birmənalı qarşılanmamışdı. O zaman Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə bildirmişdi ki, yaxın vaxtlarda paytaxtın mərkəzindəki köhnə evlərin sökülməsi davam edəcək. Birinci mərhələdə Dram Teatrının binasının arxası və Hüseyn Cavid bağı arasında, ikinci mərhələdə Füzuli meydanı və “Nizami” metro stansiyası arasındakı evlər söküləcək. Növbəti iki mərhələdə isə “Sovetski” və “Kubinka” məhəllələri tarixə qovuşacaq.
Sakinlərin narazılığına əsas səbəb Bakının tarixən və təbii şəkildə kompakt yaşayan köklü əhalisinin şəhərin mərkəzindən zorla köçürülməsiylə bağlıdır. Bu məsələyə münasibətdə əməkdar memar Feyzulla Quliyev mətbuata açıqlamasında bildirib ki, sözügedən ərazilərdə şəhər mühitinin yenidən qurulması Böyük Bakının Regional Inkişaf Planına əsasən aparılır. Onun fikrincə, köhnə məhəllələrin yerində tikiləcək yeni yaşayış binalarında sakinlərin yerləşdirilməsi mümkün və məqsədəmüvafiqdir. Lakin bu kimi məsələlər yenidənqurma zamanı dövlət və özəl sektor arasında razılaşdırılmalı, ortaq məxrəcə gəlinməlidir: “Məsələn, özəl şirkətlər yeni tikiləcək çoxmərtəbəli yaşayış binalarının bir hissəsini yerli əhali üçün ayırır, tikinti işlərinin gedişi zamanı isə sakinlər dövlətin hesabına müvəqqəti ünvanlarda yerləşdirilir”.
F.Quliyev onu da xatırladıb ki, hələ 1960-cı illərdə Bakı şəhərinin rəhbəri olan Əliş Ləmbəranski tarixi və köhnə məhəllələrdə yaşayan əhalinin köçürülməsi probleminə münasibətdə “Bakılılar Bakıda qalmalıdır” ifadəsini işlədib. Eyni zamanda, mərhum Rauf Gülməmmədov Bakı şəhər rəhbərliyində çalışdığı 1989-1993-cü illərdə “Kubinka” məhəlləsində yenidənqurma işləri zamanı tikiləcək evlərdə yerli əhalinin ənənəvi ticarət məşğuliyyətinin nəzərə alınmasını da memarlara tövsiyə edib. Belə ki, o vaxt həmin məhəllədə yenidən tikiləcək evlərin həyətyanı sahəsilə yanaşı, ticarət sahəsinin yaradılması da təklif olunub.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4235