Kredit qadağalarının daha bir şok sirri

14.02.2014 - 12:14

Kredit qadağalarının daha bir şok sirri

Olimpiya “əjdahası” milyardlarımızı udacaq

Siyasi hakimiyyət bütün maliyyə axınını Avropa Olimpiya Oyunlarının təşkilinə yönəldib; banklara istehlak, mənzil və avtomobil kreditlərini məhdudlaşdırmaq, vəsaitləri olimpiya infrastrukturunun tikintisinə və modernləşməsinə yönəltmək tapşırılıb
Mənzil, istehlak və avtomobil kreditlərinin verilməsinin məhdudlaşdırılması 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlıdır. Bu mənbələr hesabına qənaət edilən maliyyə resursları olimpiya oyunları ilə bağlı infrastrukturların tikintisinə sərf ediləcək. Bu barədə “Yeni Müsavat”a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, rəsmi qurumlar bunu banklarda problemli kreditlərin çəkisinin artması ilə izah edirlər: “Ancaq bu, gerçək səbəb yox, bəhanədir. Olimpiya oyunları ilə bağlı infrastrukturun tikintisinə və hazır infrastrukturun modernləşməsinə bir neçə milyard manat xərclənməsi nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi dövlət büdcəsinin investisiyaları hesabına, bir hissəsi isə bankların kreditləri hesabına xərclənəcək”.
Mənbənin iddiasına görə, olimpiya xərclərinin qarşılanması səbəbindən dövlət büdcəsinin sərmayələrinin bölgüsündə də ciddi dəyişiklik olacaq: “Vəsaitin ən azı 40-50 faizi olimpiya xərclərinin qarşılanmasına yönələcək. Büdcə sərmayələrinin bölgüsü ilə bağlı hakimiyyət çevrələrində ciddi fikir ayrılığı var və bu barədə son qərar hələ qəbul edilməyib”.

Bu ilin büdcəsində büdcə sərmayələrinə 6 milyard 260 milyon manat vəsait ayrılıb. Qaydalara görə, büdcə sərmayələrinin bölgüsünü Nazirlər Kabineti həyata keçirir. Hər il bu ərəfələrdə Nazirlər Kabineti investisiyaların təşkilatlar arasında bölüşdürülməsi ilə bağlı qərarlar verir. 2014-cü ilin investisiyalarının bölgüsü haqda qərar hələ yoxdur. Bir neçə günə həmin qərarın imzalanması gözlənilir.

Mənbənin iddiasına görə, olimpiya xərclərinin qarşılanması hakimiyyət daxilində ciddi narazılıq yaradıb: “Əvvəlki illərdə büdcədən böyük pay alan təşkilatların – “Azərenerji”, “Azərsu”, Bakı Metropoliteni və başqa qurumların bu dəfə payının azalacağı gözlənilir. Əvəzində isə Gənclər və İdman Nazirliyinin payının əhəmiyyətli dərəcədə artması nəzərdə tutulur (Olimpiya infrastrukturlarının tikintisinə bu qurum nəzarət edəcək). Eyni zamanda infrastruktura aidiyyəti olan Nəqliyyat Nazirliyi (yolların abadlaşdırılması), Mədəniyyət və Turizm Nazirliyi (hotellərin modernləşməsi), Bakı Şəhər İcra Hakimiyyəti (şəhərin təmizliyi) və başqa qurumların payının artması nəzərdə tutulur. Vəsait çatışmazlığı ucbatından 2013-cü ildə başlayan bəzi layihələrin icrası dondurulub. İndi büdcədən böyük pay almağa öyrəşmiş təşkilatlar böyük narahatlıqla paylarının nə qədər azaldılacağını gözləyirlər”.

Xəbər qaynağımız hakimiyyət üçün gərginlik yaradan bir məqamı da xüsusi vurğulayır: “Neftin qiymətinin ucuzlaşma riskinin yüksək olması hakimiyyəti ciddi narahat edir. Ucuzlaşma neftdən asılı büdcə üçün fəlakət deməkdir. Hazırda neftin büdcədə payı 70 faizi ötüb. Ucuzlaşma olarsa, büdcə gəlirləri kəskin azala bilər. O biri tərəfdənsə neft hasilatının da azalma tendensiyası var. Bu baxımdan hakimiyyət büdcə sərmayələrini əvvəlki səxavətlə bölmək niyyətində deyil. Onsuz da bu il 2013-cü illə müqayisədə dövlət investisiyalarının həcmi 655 milyon manat və ya 9,5 faiz azalıb. Belə bir vaxtda olimpiyanı təkcə büdcə xərcləri hesabına qarşılamaq çox təhlükəli riskdir. Ona görə də hakimiyyət bu xərclərin bir hissəsini bankların resursları hesabına həyata keçirmək niyyətindədir. Mənzil, istehlak və avtomobil kreditlərinə qoyulan qadağalar da elə bununla bağlıdır. Bank kreditlərinin 70 faizindən çoxu məhz bu kreditlərin payına düşür. Bank kreditləri hesabına olimpiya infrastrukturunun tikintisinə təxmini hesablamalara görə, 2 milyard manata yaxın vəsait qoyulması planlaşdırılır”.

Bakıda 2012-ci ildə keçirilən “Eurovision-2012″ mahnı müsabiqəsinin 1 milyard manata başa gəldiyini xatırladan mənbə olimpiya oyunlarına ev sahibliyinin daha bahalı layihə olduğunu vurğulayır: “Olimpiya oyunları “Eurovision”dan fərqli olaraq bir neçə arenada keçiriləcək və üstəlik də daha çox qonaq gələcək. Ona görə olimpiya xərcləri mahnı müsabiqəsinin xərclərindən bir neçə dəfə çoxdur. Ümumiyyətlə, olimpiya oyunlarınadək hakimiyyət bir çox layihələri təxirə salmağı nəzərdə tutur. O da ola bilsin ki, layihənin icrası iri holdinqlərdən birinə həvalə edilsin. Son qərar ayın 25-dək veriləcək”.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4241

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930