Rusiyanın tarix dərsliklərində Azərbaycan haqqında nələr yazılır?

14.02.2014 - 13:00

Rusiyanın tarix dərsliklərində Azərbaycan haqqında nələr yazılır?

Rusiya tarixşünaslığının Azərbaycanla bağlı yazılmasının vacib bildiyi tarixi proseslər hansılardır və bu faktlara Rusiya elmi hansı mövqedən yanaşıb? Orta və ali məktəblərdə şagird və tələbələrə ölkəmiz haqqında hansı məlumatlar verilir? Rusiya elmi Azərbaycan tarixinin qlobal mahiyyət daşıyan hansı faktlarından yan keçib və ölkəmizin bir nömrəli problemi sayılan erməni təcavüzünü necə tədris edir?

Virtualaz.org bildirir ki, bütün bu suallara cavab tapmaq üçün APA-nın Moskva müxbiri paytaxtın ən böyük kitab mağazalarında, kitabxanalarda və Rusiyanın təhsil ocaqlarında araşdırma aparıb.

Virtialaz.org  həmin araşdırmanın nəticələrini təqdim edir.

İlk olaraq paytaxtın kitab mağazalarına yollandıq. Moskvanın ən böyük kitab mağazalarından biri olan “Molodaya Qvardiya” kitab mağazasında olduq. Kitab mağazasında orta məktəblər üçün tarix dərsliklərinə nəzər saldıq. “Azərbaycan” adına Rusiyanın nəşr etdirdiyi tarix dərsliklərində ilk dəfə 11-ci sinif şagirdləri üçün “Rusiya tarixi” dərslik vəsaitində SSRİ-nin yaradılması bölməsində rast gəlmək olar. Həmin bölmə 1920-ci ildə Azərbaycan SSR-in yaranması və SSRİ-yə qoşulması haqqındadır. 1918-ci ildə yaranan, Şərqin ilk müstəqil müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında Rusiya tarixi susmağa üstünlük verib. 

Ədalət naminə qeyd edək ki, Ermənistan və Gürcüstanın demokratik respublikaları haqqında da kitabda bir kəlmə yazılmayıb. Azərbaycan mövzusuna həmin dərslikdə ikinci dəfə SSRİ-nin dağılması mərhələsində toxunulub. “Birinci millətlərarası münaqişələr” bölməsində Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verilib. Qarabağda separatçı rejimin fəaliyyətinə nəzər salan kitab müəllifləri (A.A.Danilova, A.i.Utkina, A.V.Filippova) yazırlar ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hərəkatı başlayıb: “Dağlıq Qarabağ əhalisinin 80 faizini təşkil edən ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini dəstəkləyirdilər. Azərbaycan isə buna qarşı çıxırdı. Bu vaxt azərbaycanlılar Ermənistanı, ermənilər isə Azərbaycanı tələsik tərk etməyə başladılar. 1989-cu ildə Cənubi Qafqazda qaçqınların sayı 300 mini keçmişdi. Bunların çoxu terror aktlarının və silahlı insidentlərin qurbanı olmuşdular”. 

Daha sonra dərslikdə 1988-ci il hadisələrinin 90-cı illərdə qanlı müharibəyə çevrildiyi yazılır: “1990-cı ilin yanvarında Bakıda erməni qətliamı baş verir. Bu səbəbdən SSRİ-nin ali rəhbərliyi Bakıya qoşun yeridir. Nəticədə sovet mənbələrinə görə 83 nəfər, Azərbaycan mənbələrinə görə isə 300 nəfərdən çox insan həlak olur”. 

Alimlər fakta hiss olunacaq qədər soyuqqanlı yanaşmağa çalışsalar da, nəticə etibarilə dərslikdə 1990-cı il 20 Yanvar hadisələri oxucuda erməni qətliamı olması təəssüratı yaradır. Deməliyik ki, rəqəmlər də reallıqdan uzaqdır. 

Orta məktəb şagirdləri üçün “Ümumdünya tarixi” adlı dərslik vəsaitində isə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumata Azərbaycana aid olan bölmədə deyil, Ermənistana aid olan bölmədə rast gəlmək mümkündür. Belə ki, dərslikdə Dağlıq Qarabağ konfliktinin Ermənistan üçün həll olunmayan problem olaraq qaldığı yazılır. Dərslik müəllifləri 1994-cü il mayın 12-də imzalanan Bişkek protokolunun Azərbaycan və Ermənistan arasında deyil, Azərbaycan və Dağlıq Qarabağ arasında imzalanması kimi təqdim ediblər. 

Orta məktəb şagirdləri üçün nəzərdə tutulan ən vacib dərsliklərdən biri olan “Rusiya tarixi XX-XXI əsrin əvvəli” dərsliyində Azərbaycan adına Sovetlər İttifaqının yaranması mərhələsində rast gəlinir. Tarix elmləri doktoru V.A.Şestakovun müəllifi olduğu dərslikdə də 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti barədə qeyd yoxdur. Dərslikdə 1920-ci ildə Azərbaycan SSR-in yaradılması qeyd olunur, Azərbaycan-Ermənistan münaqişəsi haqqında da birtərəfli fikirlərə rast gəlinir. Müəllif “1989-cu ilin fevralında Sumqayıtda baş verən qətliam zamanı 32 nəfərin öldürüldüyünü” yazır. 

Eyni faktlara ali məktəblər üçün dərslik vəsaiti olan A.S.Orlov, V.A.Georgiev, N.Q.Georgieva, T.A.Sivoxina müəllifləri olduğu “Rusiya tarixi” dərsliyində də rast gəlmək mümkündür. 

Adıçəkilən bütün dərsliklərin müasir dövr bölmələrində Rusiya-Çeçenistan müharibəsi “separatizm” ifadəsi ilə müşahidə olunur. Dağlıq Qarabağ münaqişəsində isə “separatizm” ifadəsi işlədilmir. 

Orta və ali məktəb dərsliklərində olan bütün bu təzadlı fikirlərə Rusiya prezidenti yanında Tarix Şurasının üzvü, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, bir sıra tarix dərsliklərinin müəllifi, professor Yefim Pivovarın münasibətini öyrəndik. 

Y. Pivovar APA-ya açıqlamasında Rusiya tarixşünaslığının tarix fənninin tədrisi üçün iki istiqamət seçdiyini söyləyib: “Bunlardan birincisi orta məktəb səviyyəsində, ikinci istiqamət isə ali məktəb və daha yüksək pillədə olan təhsil səviyyəsində yazılan tarixdir. Orta məktəbdə tədris olunan tarix dərsliklərində şagirdlərə ən çox bizim ümumi tariximizdən bəhs edilir. Həmin tarix isə Rusiya imperiyası dövrü, Sovetlər İttifaqının yaradılması ilə başlayır, mövcudluğu və süqutu ilə davam edir. Bu dövrləri əhatə edən və xalqların taleyinə təsir edən mühüm tarixi hadisələr dərsliklərə salınır. Hazırda Azərbaycan da, Rusiya da müstəqil dövlətdir. Təbii ki, Rusiya daha çox öz tarixi ilə əlaqədar faktların tarix dərsliklərində tədris olunmasına üstünlük verir. Eynilə Azərbaycan da öz tarixi ilə bağlı faktlara üstünlük verir. Ona görə də hesab edirəm ki, adıçəkilən məktəb dərsliklərində hansısa tarixi dövrlərin olmaması gələcək nəsil üçün təhlükəli ola bilər. Çünki biz qonşu xalqlarıq, həmsərhəd ölkələrik. Azərbaycanda rus diasporu, Rusiyada isə Azərbaycan diasporu fəaliyyət göstərir. Fikrimcə, qonşu xalqların tarixdə təsviri müsbət olmalıdır. Onların yaşadığı faciələri göstərməmək yaxşı hal deyil. Hansısa tarixi faktdan yan keçmək və ya o barədə susmaq sözsüz ki, doğru deyil”. 

O ki qaldı ali məktəblər üçün yazılan tarix dərsliklərinə, Y. Pivovar hesab edir ki, burada faktlar ətraflı verilməlidir: “Azərbaycan haqqında qədim dövrdən bu dövrə kimi bütün faktlar yer almalıdır. Azərbaycanın əvvəllər Rusiya imperiyası dövründə, daha sonra müstəqil olması, Sovetlər İttifaqına qatılması və yenidən müstəqilliyini əldə etməsi Rusiya tarix dərsliklərinə salınmalıdır. Təəssüflər olsun ki, hər iki ölkənin müasir dövrü ilə əlaqəli tarixi faktlar xalqlarımıza yaxşı bəlli deyil. Müasir tarixi dövr siyasi proseslərlə əlaqəli olmaya bilməz. Müasir tarixi dövr həm də tarixçilərin şahid olduğu dövrdür. Bu dövr tarixçilərə şərait yaradır ki, şahidi olduqları hadisələri qeydə alsınlar. Lakin çox vaxt müəyyən səbəblər üzündən bu tarixi dövr obyektiv yazılmır. 20 Yanvar hadisələri ilə bağlı faktlar Rusiya ictimaiyyətinə çox gec gəlib çatıb. Hadisələrin yozumundan asılı olmayaraq, 1990-cı ilin 20 Yanvarında baş verənlər faciə idi. SSRİ-nin son illərində bir çox yerdə belə faciələr baş vermişdi. Hesab  edirəm ki, bu tarixi faktlar hələ də tam araşdırılmayıb, öyrənilməyib. Bütün bu tarixi hadisələrin tarixçilər tərəfindən yenidən işlənməsinə ehtiyac var. Bu faktlara nəinki orta və ali məktəb dərsliklərində rast gəlinmir, hətta bu barədə indiyə kimi bir elmi iş belə yazılmayıb. Bu mövzuda elmi iş yazılsa belə, həmin iş siyasiləşdirilməməlidir. Məncə, bunun vaxtı artıq gəlib çatıb. Mən özüm Azərbaycan-Rusiya ikitərəfli münasibətləri barədə elmi əsər yazmışam. Hesab edirəm ki, bu mövzuda tarixi əsərlər çox yazılmalıdır”.  

Rusiya prezidenti yanında Tarix Şurasının üzvü Dağlıq Qarabağ konflikti ilə bağlı mövzunun öyrənilməsinin bu gün Rusiya tarixşünaslığı üçün çox ağır bir məsələ olduğunu deyib: “Bu konfliktdən milyonlarla insan əziyyət çəkib, bu gün də çəkir. Nə qədər ki, bu konflikt beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmayıb, fikrimcə, kitab-dərslik müəllifləri tərəfləri qıcıqlandırmayacaq şəkildə bu prosesi qısa şəkildə təsvir edəcək. Hesab edirəm ki, bu çox yaxşı fikirdir. Çünki ortaya atılmış hansısa ehtiyatsız bir söz prosesə ziyan vura bilər. Ona görə də həllini tapmamış problemlərin yazılması tarixçilər üçün çox çətindir. Çeçen-Rus müharibəsində “separatizm” ifadəsinin işlədilməsinə isə ayrı cür yanaşmaq lazımdır. Rusiya tarixçisi öz tarixini yazır, Çeçenistana Rusiyanın tərkib hissəsi kimi baxır və həmin termini işlədir. Eynilə Azərbaycan və Ermənistan tarixçiləri də bu üsuldan istifadə edirlər”.

 

35 ildən çoxdur, Moskvada orta məktəbdə tarix fənnindən dərs deyən, paytaxtda yerləşən Kərim Kərimov adına 157 saylı Azərbaycan etnomədəni mənşəli ümumtəhsil məktəbinin yaradıcısı və 16 il bu məktəbə rəhbərlik edən Aida Quliyeva da APA-ya açıqlamasında dərsliklərdə Azərbaycana aid faktların azlığı və yanlış verilməsi hallarına çox rast gəlindiyini bildirib. Onun sözlərinə görə, dərsliklərdə Dağlıq Qarabağ konflikti və Azərbaycanla bağlı digər tarixi hadisələr barədə informasiya qıtlığı mövcuddur: “Hesab edirəm ki, tarix fənnini tədris edən müəllimlər müəyyən informasiyaya malik olmalı, hansısa mövqedən çıxış etməməlidirlər. Müəllim faktlara əsaslanmalı və doğru danışmalıdır. Çünki müəllimin çatdırdığı informasiyanı şagird qəbul edir və həmin informasiya onun beynində məlum tarixi fakta münasibət formalaşdırır. Əgər bu gün Rusiyada şagirdlərə öyrədilirsə ki, bir neçə muxtar respublikadan ibarət ölkənin ərazisi bölünməzdir, o zaman nəyə görə şagirdə Azərbaycan ərazisində olan muxtar vilayətin onun tərkibindən ayrıla bilməsi öyrədilməlidir? Beynəlxalq qanunlar, beynəlxalq hüquq hamı üçün bərabərdir. Heç bir ölkənin Konstitusiyasında yazılmır ki, həmin muxtar vilayətlər ürəkləri istədiyi zaman ayrıla bilər. O ki qaldı Azərbaycanla bağlı orta məktəb dərsliklərində təsvir olunan fraqmentlərə, deyə bilərəm ki, buna çox az yer verilib. Yer verilən fraqmentlər əsasən mədəni problemlərlə bağlı olanlardır. Təəssüflər olsun ki, bu gün Rusiya tarixşünaslığı Azərbaycanın müasir dövr tarixi ilə bağlı yalnız bir-iki cümlə yazmaqla kifayətlənir. Həmin cümlələrlə isə şagirdlərə dolğun informasiya vermək qeyri-mümkündür”.  

P.S. Bu gün Rusiya Elmlər Akademiyasının Tarix İnstitutuna milliyyətcəerməni akademik Aleksandr Oqanoviç Çubaryan rəhbərlik edir. O, həm dəRusiya prezidenti yanında Tarix Şurasının sədridir. Nəzərə alsaq ki, Rusiya tarixşünaslığında önəmli fiqur olan Çubaryanın rəyi olmadan tarix dərsliyi nəşr edilmir, o zaman ali və orta məktəb tarix dərsliklərində ermənipərəst mövqenin müşahidə olunması heç də təəccüb doğurmaz.

 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4247

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031