AKP-nin binası qarşısında əsrarəngiz atışma, Fərman Dəmirqolun qardaşı öldürüldü
AKP-nin binası qarşısında əsrarəngiz atışma, Fərman Dəmirqolun qardaşı öldürüldü
Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda dövlət çevrilişi planının təşkilatçısı olaraq tanınan keçmiş TİKA və MİT mənsubu, professor Fərman Dəmirqolun qardaşı AKP qərargahı qarşısında baş verən atışmada öldürülüb. Türkiyə qaynaqlarında gedən xəbərlərə görə, hadisə fevralın 14-nə keçən gecə İstanbulda AKP-nin mərkəzi seçki qərargahının qarşısında baş verib. Fərman Dəmirqolun qardaşı Coşkun Dəmirqol AKP binasından çıxarkən naməlum şəxs onunla mübahisə etməyə başlayıb və silahını çəkərək atəş açıb. Ağır yaralanan Dəmirqol xəstəxanada keçinib. Coşkun Dəmirqolun AKP məclis üzvlüyünə namizəd olduğu bildirilir. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, hadisənin siyasi motivi yoxdur və iki tərəf arasında “özəl məsələdən” qaynaqlanıb. Cinayətkar hadisə yerindən qaçsa da polislər tərəfindən tezliklə yaxalanıb. Lakin onun kimliyi hələ açıqlanmır.
Fərman Dəmirqol hadisə ilə bağlı açıqlamasında deyib ki, ona verilən məlumata görə qardaşı AKP binası qarşısında iki şəxs arasında davanı ayırmaq istəyib, Coşkun Dəmirqol tanımadığı şəxsin vurmaq istədiyi qadını qorumaq istəyəndə atılan güllə ona dəyib. Onun sözlərinə görə, həmin iki şəxs arasında mübahisə siyasi məsələ üstündə baş veribmiş. Dəmirqol öldürülən qardaşının 59 yaşında olduğunu və üç uşağı qaldığını deyib. O, bu gün dəfn edilib.
Qeyd edək ki, Fərman Dəmirqol 1995-cı il OMON hadisələrinə adı qarışdığı üçün Azərbaycandan deportasiya edilib.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4251