Milli Məclisdə Gürcüstan prezidentinin də telefonu alınıb
Milli Məclisdə Gürcüstan prezidentinin də telefonu alınıb
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində fevralın 12-də Milli Məclisdə oldu.
Bununla bağlı hər kəsi maraqlandıran məsələ bu idi: parlament binasına smartfon və android tipli telefonlarla girmək qadağası Gürcüstan prezidentinə və onunla birgə gələn diplomatlara da şamil olunacaqmı? Axı Milli Məclisdən bu qadağa ilə bağlı verilən açıqlamalarda da qətiyyətlə bildirilir ki, bu qadağa hər kəsə aiddir. Binaya daxil olan deputatlar da, Milli Məclisin işçiləri də, qonaqlara da buna əməl etməlidir.
Milli Məclisdə Gürcüstan prezidentinin və onunla birgə gələn diplomatların da telefonları alınıbmı?
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu virtualaz.org-a açıqlamasında bu suala öncə cavab vermək istəməyərək həmin diplomatların telefonunun olmadığını dedi. Daha sonra isə bu qadağanın kimliyindən asılı olmayaraq hər kəsə aid edildiyini söyləyərək gürcü prezidentin və onu müşayiət edən şəxslərin telefonlarının alındığını təsdiq etdi.
Qeyd edək ki, fevralın 11-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının 3-cü iclasında iştirak etmək üçün Milli Məclisə gələn Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun telefonu parlamentin mühafizə xidməti əməkdaşı tərəfindən əlindən alınmışdı.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4260