Bazarlar mafiyanın əlindədir
Bazarlar mafiyanın əlindədir
Konfederasiyası həyəcan təbili çalır
Vahid Məhərrəmov: “Biz ölkəni təmin edəcək qədər məhsul istehsal eləsək, yavaş-yavaş öz bazarımıza da sahib çıxa bilərik”
“Kənd Təsərrüfatı bu saat çox ağır, acınacaqlı vəziyyətdədir. Biz sadəcə problemi qaldıra bilirik. Kreditlərin uzunmüddətli verilməsi əksərən təmin olunmur”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Respublikası Sahibkarlar (Işəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Mehman Mehmanov prezident Ilham Əliyevin kənd təsərüfatı sahəsində investisiyalarla bağlı ciddi problemlərin olması barədə tənqidinə münasibət bildirərkən deyib.
Konfederasiya rəsmisi qeyd edib ki, fermerler məhsul istehsal etsə də, onu satışa çıxara bilmir.
M.Mehmanov bildirib ki, Qusarda almalar, Göyçayda xurmalar çürüyür, insanlara nə qədər ziyan dəyir. Zərər görmüş sahibkar gələn il kənddə qalmır. Varını-yoxunu yığıb paytaxta üz tutur, kirayə ev tutub burda pul qazanmağa gəlir. Bu, böyük bir problemdir. Kənd təsərrüfatında istehsal olunan məhsulun nəticəsinə maraq yaratmaq lazımdır.
Onun sözlərinə görə, əvvəllər dövlət orqanları məhsulun tədarükünü, xaricdə satışını təmin edirdi. “Indi belə bir xidmət yoxdur. Əkib-becərən adam onu sata bilmir”.
M.Mehmanov kəndlilərin bazarlara buraxılmadığını deyib: “Bazarlarda mafiya oturub. Onlar həmin məhsulu kəndçidən qəbul etmir. Istehsalçı məcbur olub məhsulu qiymətindən ucuz satır. Ortada dəllallar, alverçilər qazanır. Nə qədər ki, insanlar şəhərə qaçacaq, kəndlər də boşalacaq, kənd təsərrüfatı da acınacaqlı vəziyyətdə olacaq”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə “Azadlıq”a açıqlamasında problemin istehsalla bağlı olduğunu deyir. Bu gün bazarda inhisarlar ona görə mövcuddur ki, ölkədə istehsal dayanıqlı, davamlı deyil: “Əgər biz ölkəni təmin edəcək qədər məhsul istehsal eləsək, yavaş-yavaş öz bazarımıza da sahib çıxa bilərik. Epizodik olaraq bəzi sahələrdə hərdən istehsal artır, digər halda azalır. Belə olan halda, əlbəttə, inhisarçılar bundan çox məharətlə istifadə edirlər. Yəni onların əlinə imkan keçir, bazarda boşluq yaranır, ona görə də bazara xaricdən istehsal olunan məhsulu idxal edib asanlıqla satmaq olar. Xaricdə istehsal kifayət qədər dayanıqlı olduğu üçün onlar da davamlı şəkildə məhsul idxal edə bilirlər. Azacıq hiss edəndə ki, burda məhsul qıtlığı var, həmin məhsulun ölkəyə gəlməsinə nail olurlar. Indi çalışmalıyıq daxili istehsal hesabına bazarın tələbatını ödəyək, daha çox və daha keyfiyyətli istehsal edək”.
Ekspertin sözlərinə görə, belə olan halda bazara inhisarçıların da gücü çatmaz. Onların yeganə yolu qalır ki, burda güc tətbiq etməklə bizim istehsalçıları, yaxud da sahibkarları sıradan çıxarsınlar: “Biz öz bazarımıza sahib olmaq üçün daxili istehsalı artırmalıyıq, məhsulun keyfiyyətini yüksəltməliyik. Onda sahibkarlar üçün imkan yaranmayacaq ki, onlar yaranmış vəziyyətdən sui-istifadə etsinlər”.
azadlıq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=4269