İcra başçısına sərt sual verən kəndli həbslə hədələnir
İcra başçısına sərt sual verən kəndli həbslə hədələnir
“2013 bitdi. İcra başçısı çıxsın qarşımıza, sadalasın görək, rayon büdcəsini hara, necə xərclədi. Bunu tələb etmək haqqımızdır, ya yox?”
Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində Ağcabədinin Təzəkənd kənd sakini Mahmud Əsədov deyib.
M.Əsədov rayonun icra başçısı Şahin Məmmədovdan hesabat istəyir. Bir ağcabədili kimi onu dövlət büdcəsindən ayrılmış milyonların hara xərcləndiyi maraqlandırır. Deyir yollar da həmin yollardır, su, qaz, işıq problemi də yerində qalıb. Nə məktəb düzəlib, nə bağça, nə də başqa inzibati binalar. Necə deyərlər, Ağcabədidə köhnə hamam, köhnə tasdır.
Bəs büdcənin pulları hara xərclənib?
Sadə kəndlinin özünü dinləyək: “Yerli icra nümayəndəliyinə neçə dəfə müraciət etdik ki, büdcəni bu qədər yeyib talayırsınız, heç olmasa kənd qəbiristanlığına bir az pul xərcləyin. Tülkü, çaqqal qəbirləri eşib ölülərimizi çıxardır. Nə bələdiyyə, nə də kənd icra nümayəndəsi bizə yaşamağa imkan vermir. Bizim kənddə yalnız iki nəfər gün görür – biri bələdiyyə sədridir, o biri də icra nümayəndəsi”.
Mahmud Əsədov deyir ki, yerli bələdiyyə sədri ilə icra nümayəndəsi büdcədən qopardıqları ilə kifayətlənmir, hələ kəndlilərin də cibinə girirlər. Onların cahilliyindən istifadə edib saxta sənədlərə qol çəkdirib pul yığırlar: “Dedilər ki, daha sovet vaxtı deyil, indi kəndə qaz çəkilməsini istəyirsinizsə, siz də bu işdə hökumətə kömək etməlisiniz, çünki bu, tək hökumətin işi deyil. Adamlar da razılaşdılar, dedilər əlimizdən nə gəlirsə, kömək edərik. Bələdiyyə sədri Kamilə Qasımova ilə icra nümayəndəsi Əbülfət Əsgərov əllərinə bir siyahı alıb qapı-qapı düşdülər, adamlardan 5, 10, 20 manatdan yığdılar. Ancaq hələ də maşınla odun alıb evimizi onunla qızdırırıq. Çox dirəşdik ki, pul yığdınız, qaz xətti çəkdirmədiniz. Axırda dedilər, bizim qaz xətti çəkdirmək kimi vəzifəmiz yoxdur. Pullarımızı da qaytarmadılar”.
Mahmud Əsədovun sözlərinə görə, icra başçısının, icra nümayəndəsinin və bələdiyyə sədrinin rayondakı macəralarından rayon prokurorluğa və Baş Prokurorluğa da yazıblar. Necə deyərlər, bu “yazı-pozu” işlərində o özü daha aktiv oldğna görə indi “başı ağrıyır”.
“Yaşadığım ünvana tez-tez xarici maşında adamlar gəlir. Gah oğlanlarımı, gah da məni hədələyirlər. Oğlanlarımla mənə xəbər yollayıblar ki, ora-bura şikayət yazmayım. Yoxsa oğlanlarımı da, məni də şərləyib həbsə atdıracaqlar. Mən bunu da prokurorluğa yazmışam. Ancaq araşdırmırlar” – deyir Mahmud Əsədov.
Onun sözlərinə görə, yerli icra hakimiyyəti ilə dava açmasının bir səbəbi də rayonda torpaqların məmurlar tərəfindən mənimsənilməsi ilə bağlıdır.
Sadə kəndli məmurlardan bələdiyyə fondunda olan 186 hektar torpağın da hesabatını tələb edir: “Torpaq hanı? Hamısı məmurların istifadəsindədir. Toxumçuluq adı ilə 100 hektarı keçmiş kolxoz sədrinin oğlunda, qalan hissəsi keçmiş ferma müdirinin oğlu olan icra nümayəndəmizdədir. 2004-cü ildə Mingəçevirdə prezidentlə görüşəndən sonra onun tapşırığı ilə mənə 3 hektardan artıq xüsusi sənədlə bələdiyyə
torpağı icarəyə verildi. Amma 2011-ci ildə də əlimdən alındı”.
Kənd icra nümaqyəndəsi Əbülfət Əsgərov və bələdiyyə sədri Kamilə Qasımova isə kəndlinin ittihamları ilə razılaşmırlar. Onlar virtualaz.org saytına açıqlamalarında bir neçə Təzəkənd sakininin yerli prokurorluğa da eyni iddialarla müraciət etdiklərini, prokurorluqda araşdırma aparıldığını, ancaq deyilənlərin təsdiqini tapmadığını bildirdilər…
***
“İcra başçısı su xətlərini doğratdırıb, satdırıb. 3 ildir ki, sahələrə gedən suvarma suları ilə “suvarılırıq””.
Bunu isə virtualaz.org-a Ağcabədi şəhərinin sakini Sahib Nuriyev danışır. O, şəhərin su xətlərinin yerli icra hakimiyyəti tərəfindən doğranaraq satıldığını iddia edir: “Əhaliyə isə içməli su əvəzinə suvarmada istifadə olunan su verilir. Səbəb də odur ki, Qarqar çayından gələn 32 kilometrlik çuqun su xətləri başçı tərəfindən doğratdırılıb, satılıb. Artezianların da taleyi qaranlıqdır. Birini Qalatəpə deyilən ərazidə öz əkin sahəsində dədə malı kimi işlədir. İndi şəhərin içməli su xətti yaxınlıqdan keçən Yuxarı Qarabağ suvarma kanalına qoşulub. Bu su isə nəinki içməyə, heç məişətdə istifadə etməyə də yaramır”.
Ağcabədi Rayon İcra Hakimiyyətindən bu ittihamla bağlı virtualaz.org saytına bildirirlər ki, şəhər camaatının bu iddiaları rayon prokurorluğunda araşdırılıb və təsdiqini tapmayıb. Adamlar isə yerli prokurorluqla məmurların zəncirvari əlaqələri üzündən belə cinayətlərin ört-basdır olunduğunu deyirlər.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4270