Daha bir Qarabağ qazisi hökumətə mesaj göndərdi
Daha bir Qarabağ qazisi hökumətə mesaj göndərdi
“Ağzımı tikib, ölüm aclığına başlayacam”
Qarabağ qazisi Zaur Həsənovun faciəli ölümündən sonra ölkədə özünü yandıranlar, müxtəlif formada intihar edənlər artmaqdadır. Görünür, Zaur Həsənovun faciəli ölümü də qazilərə qarşı münasibəti dəyişməyib. Bu dəfə başqa bir Qrabağ qazisi ölüm aclığına başlayacağının anaonsun verdi.
2-ci qrup Qarabağ qazisi Ağayev Namiq Əli oğlu 1 həftədən sonra Nizami rayon Icra Hakimiyyətinin binası qarşısında ağzını tikərək ölüm aclığına başlayacaq. Ağayev Namiq Füzuli rayonundan məcburi köçkündür. 12-13 yaşlarında iki övladı var.
O, ölüm aclığına başlamasının səbəbini belə izah edir: “1994-cü ildən “Neftçilər” metrosu yaxınlığında, binanın tinində 1 kv.metr sahəsi olan piştaxtada siqaret satmaqla ailəmi dolandırırdım. Ötən ilin fevral ayından problemlər başladı. Polis işçiləri gəlib bildirdilər ki, Prezidentin sərəncamı var “küçə ticarəti qadağandır”. Həmin vaxt mətbuata və dövlət orqamlarına şikayətlər etdim. Iyun ayında cəmiyyətin sədri ilə birlikdə Nizami rayon Polis Idarəsinin rəisinin yanında olduq. Razılaşdıq ki, yenidən ticarətlə məşğul ola bilərəm. Ötən ayın 21-dən etibarən 24-cü Polis bölməsinin rəisi və ÇPA rota komandirinin müavini gələrək ticarət nöqtəmi yenidən yığışdırdılar. 24-cü bölmənin rəisi ilə birlikdə Nizami RPI-nin rəis müavininin yanında oldum. Qəbuldan sonra 24-cü bölmənin rəis müavini və əraziyə baxan ÇPA rota komandirinin müavini dedilər ki, 1 həftəlik götür, sonra kömək edərik. Bir həftə sonra bildirdilər ki, 1 kv metr sahəsi olan köşk düzəltdir və binanın tininə qoyub işlə. Dəfələrlə aldatdıqlarından inanmadım. Cəmiyyətin sədri Mehdiyevlə birlikdə gedib təkrar razılaşdıq. Təqaüd kartını girov qoyub 600 manat faizə pul götürdüm. 580 manat sexə verərək köşk düzəltdirdim. Lakin gətirib razılaşdığımız yerə qoymaq istəyəndə yenə də imkan vermədilər. Halbuki rəisin qohumunun metro ətrafında bir neçə taxta köşkü var. “Ramal” şadlıq evinin arxasında 100-ə yaxın köşk var. Gündə 25 manat ödəməklə işləyirlər. Lakin Qarabağ qazisinə, məcburi köçkünə bu şərait tanınmır. Qeyd edim ki, bacımın əri şəhid olduğu üçün onun da iki uşağına kömək etmək öhdəliyim var. Artıq ailəmi dolandıra bilmirəm. Evdə övladlarımın üzünə baxa bilmirəm. Yaşadığım yeri istənilən vaxt yoxlayıb baxa bilərlər. “Neapol” dairəsində 43/2 Texniki Peşə Məktəbinin yataqxanasının zirzəmisində 21 ildir ailəmlə bərəbər “çürüyürük”. Əgər mənim tələblərimə dövlət baxmasa, tələbimə əməl olunmasa, düz bir həftə sonra Nizami RIH-nin binası qarşısında ağzımı tikərək ölüm aclığına başlayacam. Indiyə qədər döymədiyim qapı, yazmadığım dövlət orqanı qalmayıb. Qəti addımlar atacağım barədə bütün dövlət orqanlarına – başda prezident olmaqla – məlumat vermişəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4273