Qurban Məmmədovdan hakimlərə ləyaqət dərsi

15.02.2014 - 11:04

Qurban Məmmədovdan hakimlərə ləyaqət dərsi

Tanınmış hüquqşünas sifarişlə qərar verən hakimlərin ünvanına elə ittihamlar yağdırdı ki…

Tanınmış ictimai-siyasi xadim, hüquqşünas Qurban Məmmədovun işi ilə bağlı ötən gün Apelyasiya Məhkəməsində növbəti proses keçirildi. Qurban Məmmədov bu dəfə də tək buraxılmamışdı. Ona dəstək üçün Milli Şuranın sədri Cəmil Həsənli, keçmiş nazir Rəhim Qazıyev, publisist Xaliq Bahadır məhkəmə zalındaydılar. Prosesdə fasilə yaranarkən Müsavat başqanı Isa Qəmbər, politoloq Eldar Namazov, Müsavat divanının sədri Arzu Səmədbəyli də zala daxil olub Qurban bəylə salamlaşdılar, ona dəstəklərini ifadə etdilər.

Məhkəmə prosesi ötən iclasda Qurban Məmmədovun verdiyi vəsatətə qiymət verməklə başladı.
Həmin vəsatətdə Qurban Məmmədov işə baxan hakimlərin üçünə də, eləcə də bütün apelyasiya hakimlərinə etiraz vermişdi.

Hakim Qurban bəyin birinci vəsatətinin (apelyasiyanın bütün hakimlərinə etirazı) hüquqi əsasları olmadığından baxılmamış saxladı, məhkəmə heyəti ilə bağlı verən vəsatətin isə rədd edildiyini bildirdi. Bu qərar da belə izah olundu ki, Qurban Məmmədov vəsatətini əsaslandırmayıb.
Belə olanda Qurban Məmmədov məhkəmə heyətindəki iki hakimə – Əflatun Qasımov və Əmir Bayramova konkret maddələrə istinad edərək etiraz vəsatəti verdi. O, hakimdən izn alaraq vəsatətini oxumağa başladı. Fəqət vəsatətdə yer alan tənqidi fikirlər tez-tez onun çıxışının kəsilməsinə səbəb oldu.

Vəsatətin mahiyyətini qorumaqla ixtisarla təqdim edirik.
“Cinayət Prossesual Məcəlləsinin 109.1 və 109.8-ci maddəsinə əsaslanaraq, sədrlik edən Əflatun Qasımov və Əmir Bayramovun bu işdə iştirakına mənim haqqımda olan işin araşdırılmasına etiraz edirəm.
Hələ Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2013-cü il tarixli qərarı ilə mənim haqqımda seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə qərardan verdiyim apelyasıya şikayətimə baxan məhkəmə tərkibində Əflatun Qasımov və Əmir Bayramov da var idi. O vaxt ittiham tərəfi öz mövqeyini belə əsaslandırırdı ki, guya mən, zərərçəkmişi öldürməklə hədələmiş, sübutları saxtalaşdırmış və istintaqdan yayınmağa cəhd etmişəm. Həmin məhkəmə iclasında mən CPM-nin 91.5.21-ci maddəsinə istinad edərək, həbsdə saxlanmanın qanuni və əsaslı olduğunu təsdiqləmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq hüququmun təmin edilməsini, həmin materiallarla tanış olmaq üçün mənə şərait yaradılmasını yazılı vəsatətlə xahiş etmişdim. Adını çəkdiyim hakimlər isə mənə bildirdilər ki, mənim belə bir hüququm yoxdur və mən iş materialları ilə istintaqın sonunda tanış ola bilərəm.
Hakimlərin belə qərar verməsinin iki səbəbi ola bilərdi.

Bir: Hakimlər Əflatun Qasımov, Mirzəli Abbasov (sədrlik edən) və Əmir Bayramov hüquqi cəhətdən kifayət qədər savadlı deyillər.

İki: Onlar verilən tapşırığı yerinə yetiriblər və qəsdlə, bilə-bilə hüquqlarımı pozublar.

Hər iki hakimin hüquqi baxımdan savadsız olması mümkün deyil. Bunu iş təcrübəmdən və onları şəxsən tanıdığımdan bilirəm. Deməli, hər iki hakim mənim siyasi mövqeyimə, müxalifətçilik fəaliyyətimə görə rejim sahiblərinin verdiyi qanunsuz tapşırığı yerinə yetiriblər. Əks halda onlarda qanunu pozmağa belə cəsarət ola bilməzdi.
…Bir italyan yazıçısı deyirdi ki, başqalarının qanunsuz tapşırıqlarını icra edən hakim fahişədən də pisdir və qorxuludur, cəmiyyət üçün təhlükəlidir. Ona görə ki, fahişə yalnız özünə pislik edir, tapşırıq icra edən hakim isə başqalarına (Hakim bu yerdə onun sözünü kəsməyə qalxır: “Qurban Məmmədov, sitatları dayandır!”). Fahişə qadın özünü satır, tapşırıq icra edən hakim isə xalqı, dövlət dəyərlərini!

Hakim:
-Qurban Məmmədov, mahiyyətə dön, sənə xəbərdarlıq edirəm.

Q.Məmmədov:
-Tapşırıq icra edən hakimlər bütün cəmiyyəti, ən əsası isə insanların ədalətə inamını yaralayır və öldürür. Mənim nəzərimdə Əflatun Qasımov və Əmir Bayramov məhz belə hakimlərdəndir. Nəsimi Rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Etibar Hümmətov, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Mirzəli Abbasov, Rizvan Səfərov və Camal Ramazanov da eyni növdədilər. Mən bunlara etiraz edirəm. Xahiş edirəm, haqqımda olan bu cinayət işinə, şəxsi ləyaqət hissini və vicdanını itirməmiş hakimlərin baxması təmin edilsin!.

Qurban Məmmədovun çıxışı hakim heyətində çaxnaşma yaratdı. Onlar Məmmədovu emosionallıqda ittiham etdilər. Məmmədov isə bildirdi ki, dedikləri sifarişlə hökm çıxaran adamlara aiddir.
“Siz mənim həyatımı əlimdən alıb ədalətsiz qərar vermisiniz, hələ məndən emosional olmamaq tələb edirsiniz. Mən sakitəm, amma siz də ədalətlə iş görün”– deyə Məmmədov bildirdi.

Sonra Qurban Məmmədovun növbəti vəsatəti oldu.
Vəsatətlərdə “iş”ə xitam verilərək birinci instansiya məhkəməsinə qaytarılması, Qurban Məmmədova bəraət verilməsi və ya onun ev dustaqlığına buraxılması, məhkəmə istintaqının tam aparılması və s. göstərilirdi.
Qurban Məmmədov vəsatətləri səsləndirərkən istintaq zamanı yol verilən qanunsuzluqları sadaladı və dedi ki, qərəz ucbatından Nəsimi məhkəməsi onlara diqqət ayırmayıb.
Məsələn, o bildirdi ki, CPM-ə görə təqsiriləndirilən şəxs barədə ekspertiza təyin edilərkən ondan xəbərdar olmalıdır, aparılan işləri izləməli, lazım olarsa etirazlarını və s. verməlidir. Qurban Məmmədova isə ekspertiza başa çatandan sonra rəyi təqdim ediblər.
Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsində ona iclas protokolları ilə lazımınca və vaxtında tanış olmaq imkanı yaratmamasından da şikayətləndi.
Protokolun qaralama variantı ilə tanış olan hüquqşünas bildirdi ki, o, tamamilə uydurma tərtib olub, keçirilən proses obyektiv əks olunmayıb. Qurban Məmmədov protokola 500-dən artıq qeyd yazıb, amma onların heç biri protokola salınmayıb.

Məhkəmə müşavirəyə yollanıb, vəsatətlərə qiymət verdi. Vəsatətlərin, demək olar, hamısı rədd edildi. Məhkəmə fevralın 28-i istintaq aparılmadan davam edəcək.
Qurban Məmmədov bu qərardan şikayət verəcəyini bildirdi.

(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=4274

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930