Yasamalda gərginlik: Başçının göndərdiyi polisləri qovdular
15.02.2014 - 13:22
Yasamalda gərginlik: Başçının göndərdiyi polisləri qovdular – FOTOLAR
Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində binanın qarşısında tikintinin başlanması gərginlik yaradıb.
Xatırladaq ki, AzNews.az-ın fevralın 13-də verdiyi məlumata görə, Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın qarşısında inşa işlərinin aparılması üçün ərazini hasara alıblar. Sakinlər bildirib ki, ərazidə yeni hündür mərtəbəli yaşayış binası tikilir ki, bu zaman da bütün tikinti qaydaları kobudcasına pozulur.
Binanın bloku ilə yeni inşa edilən tikilinin arasında cəmi 6 metr məsafə var. Sakinlər deyib ki, hazırda hərəkət etmək mümkün deyil, bina tikildikdən sonra isə vəziyyət daha da dözülməz olacaq. Bununla əlaqədar sakinlərlə ərazini hasarlayan şirkətin əməkdaşları arasında mübahisə yaranıb.
Tikinti şirkətinin nümayəndələri isə ərazinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığını bildirərək, onları təhqir də ediblər.
Həmin gün axşam saatlarında isə sakinlər rayon icra hakimiyyətinə yürüş ediblər. Burada onları icra hakimiyyəti başçısının müavini Səməd İslamov qəbul edərək, tikintidən xəbərsiz olduqlarını və onlar tərəfindən belə bir qərarın verilmədiyini deyib.
Başçının müavini bildirib ki, səhər əraziyə baxış keçiriləcək və problem həllini tapacaq. Lakin səhər, yəni dünən əraziyə icra hakimiyyətinin nümayəndələri deyil, kran, bulduzer – qazıntı texnikaları gəlib və bünövrə qazıntısına işlərinə başlanılıb. Sakinlərin ciddi təzyiqindən sonra iş dayandırılıb və çəkilmiş hasar uçurulub.
Bu gün isə əraziyə tikintini aparacaq işçilərlə polis əməkdaşları gəlib. Daha sonra isə polisin mühafizəsi ilə qazıntı işləri davam etdirilib. Bu isə adıçəkilən ünvandakı köhnə binanın sakinlərinin qəzəbinə səbəb olub. Vəziyyətin gərginliyini görən tikinti şirkətinin əməkdaşları işi saxlayıb. Polis isə ərazidən uzaqlaşıb.
AzNews.az tikinti aparılması nəzərdə tutulan yerdən fotoları təqdim edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4282