Bakıda həkimlər aksiya keçirdilər
Bakıda həkimlər aksiya keçirdilər
Tibb işçiləri 4 aydır maaşlarını ala bilmirlər; polis aksiya iştirakçılarını zorla ərazidən uzaqlaşdırıb
Bakıda Həsən Əliyev küçəsində klinikalardan birinin həkim və tibbi personalı yol bağlayaraq aksiya keçiriblər. Aksiya ilə bağlı sözügedən yolda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Amma klinikanın tibbi personalı geri çəkilməyib. Onlar bildiriblər ki, 4 aya yaxındır maaşlarını ala bilmirlər. Aksiya keçirən tibbi personal klinika rəhbərliyinin əraziyə gəlməsini, yalnız bu şəkildə dağılışacaqlarını bildiriblər.
Lakin klinika rəhbərliyi əraziyə gəlməyib. Tibbi personal aksiyanı davam etdirib. Klinikanın digər işçiləri də onlara qoşulub. Əraziyə Nərimanov RPİ-dən əlavə qüvvə çağırılıb. Aksiya iştirakçıları hadisə yerindən uzaqlaşdırıldıqdan sonra, yolda nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, həmin ünvanda iki klinika yerləşir- “Nyu Med” və “Nigar” klinikası. Məsələ ilə bağlı məlumat almaq üçün sözügedən klinikalarla əlaqə saxladıq. “Nyu Med” klinikasının baş həkimi Hikmət Musayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi klinikanın tibbi personalı hər hansı bir etiraz aksiyası keçirməyib: “Ümumiyyətlə, bizdə elə şey olmayıb. Klinikamızda heç vaxt maaşlarla bağlı problem yaşanmayıb. Həkimindən tutmuş digər tibbi personalına kimi hər kəs əmək haqqını vaxtı-vaxtında alır. “Nyu Med”in kollektivi olduqca mehribandır və burda hansısa bir narazılıqdan söhbət gedə bilməz”.
“Nigar” klinikasından isə bildirdilər ki, aksiya keçirənlər onların əməkdaşları olmayıb. Klinikanın informasiya mərkəzindən “Yeni Müsavat”a verilən məlumata görə, klinikada heç vaxt maaşlar gecikmir. Üstəlik, klinikada etiraz aksiyasına səbəb ola biləcək hər hansı bir hadisə olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=4288