Sərkisyan danışıqlar körpüsünü yandırdı

15.02.2014 - 16:18

Sarkisyan danışıqlar körpüsünü yandırdı

Ermənistan prezidenti “Yerkrapa”nın qurultayında hədyan dolu bəyanatlarla çıxış etdi

Ermənistanda Qarabağ müharibəsində iştirak etmiş erməni veteranlarının yarımhərbi “Yerkrapa” könüllülər ittifaqının qurultayı olub və prezident Serj Sərkisyan keçmiş səhra komandirləri qarşısında hədyan dolu çıxış edərək danışıqlar üçün körpüləri yandırıb.

Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Sərkisyanın çıxışının əsas hissəsini Qarabağ məsələsinə ayırıb və Azərbaycana qarşı davakar ritorikadan istifadə edib.

“İstəyirik bizi rahat buraxsınlar. Lakin aydındır ki, yaxın gələcəkdə bunların bizi rahat buraxmaq fikri yoxdur. Atəşkəsin əldə edilməsindən bu yana 20 ildən çox vaxt keçib. Bu müddət ərzində Dağlıq Qarabağ öz yaralarını əhəmiyyətli dərəcədə sağaldıb, daxili azadlıqlar məsələsində beynəlxalq ictimaiyyətdən Azərbaycandan daha yaxşı qiymət alır” – deyə Sərkisyan “Freedom House” təşkilatının Dağlıq Qarabağı “qismən azad ərazi” elan edən hesabatına işarə edərək bildirib.

Sərkisyan daha sonra deyib: “Bakıdakı rejim hesab edir ki, əgər Ermənistan cəbhə xəttindəki itkilərini gizlətmirsə, öz xalqını aldatmırsa və dövlətin bütün problemlərini açıq müzakirə edirsə, deməli, zəifdir. Onlar başa düşmür ki, bizim gücümüz elə bundadır. Və başa da düşə bilməzlər. Bu dəyərlər onlar üçün yaddır”.

Sərkisyan daha sonra 90-cı illərin əvvəlinə qayıdaraq deyib: “Burada iştirak edənlərin çoxu yəqin yaxşı xatırlayır ki, 90-cı illərdə Azərbaycanın müdafiə naziri təyin edilən hər kəsin ilk bəyanatı hökmən bir həftədən sonra Stepanakertdə (Xankəndi0red.) çay içəcəyinə dair vəddən ibarət olurdu. Lakin ayındır ki, heç kim onları Stepanakertdə çaya qonaq etməyə hazırlaşmırdı”.

İşğalçı ölkənin başçısı Azərbaycanın indi də belə “lovğa bəyanatlar verdiyini” deyib. Sərkisyan təmas xəttində baş verənləri müharibə yox, “qətl” adlandırıb.

“Açılan atəşlərdən sərhəddə bizim hərbçilərimiz və dinc sakinlərimiz həlak olur. Bu, müharibə deyil, qətldir. Azərbaycan bununla təmas xəttində gərginliyi saxlamaq və öz xalqına göstərmək istəyir ki, guya Qarabağ uğrunda mübarizə gedir” – deyə Serj Sərkisyan bildirib.

O, Azərbaycanın snayperləri təmas xəttindən çəkməkdən imtina etdiyini də xatırladıb. Sərkisyanın sözlərinə görə, təmas xəttindəki atışmaların məqsədlərindən biri də bütün körpüləri yandırmaq, Azərbaycan və erməni xalqları arasında qarşılıqlı anlaşma imkanlarını istisna etməkdir.

Ermənistan prezidenti “Azərbaycanın müharibəyə başlamaq üçün nə gücünün, nə imkanlarının olmadığını” da iddia edib.

Qeyd edək ki, Ermənistan rəhbərliyinin bu davakar ritorikası yanvarın 20-dən sonlarına qədər təmas xəttində səngiməyən, hər iki tərəfdən itkilərlə müşayiət olunan gərginlik zamanı başlayıb. Hansı ki, ötən ilin noyabrında prezidentlərin Vyanada az qala üç illik fasilədən sonra baş tutmuş ilk görüşündə razılıq əldə edilmişdi ki, tərəflər, xüsusən də ölkə rəhbərləri sərt ritorikadan çəkinsinlər. Beləliklə, danışıqlar prosesinin bərpasına şərait yaratsınlar.

Lakin indi Sərkisyanın dediyi kimi, körpülər yandırılır. Həm də körpülərə od vuran Ermənistan prezidentinin “Yerkrapa” saqqallıları qarşısındakı lovğa və davakar çıxışı, Azərbaycan rəhbərliyinin ünvanına hədyan danışmasıdır.

Tam əminliklə qeyd etmək olar ki, işğalçı dövlətin rəhbərliyinin bu cür ritorikadan istifadə etdiyi bir vaxtda Azərbaycan prezidentlər səviyyəsində danışıqların növbəti raunduna qatıla bilməz. Çünki Sərkisyanın və Ermənistan rəhbərliyində yer alan digər şəxslərin son iki-üç həftədə istifadə etdikləri ritorika danışıqları pozmağa yönəlmiş, eyni zamanda Azərbaycan tərəfini sərt addımlar atmağa təhrik etməyə hesablanmış ritorikadır.

Əks halda Azərbaycanın bütün göstəricilər üzrə Ermənistan üzərində əzici hərbi üstünlüyə malik olduğunu beynəlxalq ekspertlərin də təsdiq etdiyi bir vaxtda Sərkisyanın “onların gücü yoxdur” bəyanatını necə adlandırmaq olar? Yoxsa Sərkisyan güc deyəndə Rusiyaya satdığı ölkəsinin ərazisindəki rus qoşunlarını və texnikasını, raketlərini nəzərdə tutur?

Əgər belədirsə, Sərkisyan hansı haqla “Ermənistan dövləti” ifadəsini işlədir? Axı müstəqil dövlət başqa dövlətin hərbi gücü ilə öyünməməlidir.

Yaxud Sərkisyan “İstəyirik bizi rahat buraxsınlar” deyəndə nəyi nəzərdə tutur? İstəyir ki, Azərbaycan işğal olunmuş torpaqlarından imtina etsin?  Görünür, başqa ölkənin ərazilərini işğal edib indi “istəyirik bizi rahat buraxsınlar” demək üçün ancaq Sərkisyan qədər həyasız olmaq lazım idi.

Ermənistan rəhbərliyinin yanvarın 20-dən etibarən təmas xəttində dalbadal təxribatçı hərəkətlər etməsi onunla nəticələndi ki, həmsədrlərin fevral ayında prezidentlərin görüşünü təşkil etmək planı baş tutmadı. İndi Sərkisyanın vaxtilə Qarabağ klanını Ermənistanda silah gücüylə hakimiyyətə gətirmiş “Yerkrapa”nın qurultayında etdiyi çıxış belə danışıqların növbəti aylarda da baş tutmasını sual altına alır.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=4291

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031