Hökümə Qurbanova ilə bağlı şok faktlar – Foto
Azərbaycanın korifey sənətçilərindən olan Hökümə Qurbanovanın qızı, əməkdar artist Vəfa Fətullayevada sovet dövründə məşhur aktrisa olub. Cəmi 42 il yaşayan Vəfa Fətullayevanın ailəvi dostlarından olan Fərhad Abdullayev Hökümə xanımın SSRİ xalq artisti Ələsgər Ələkbərovla sevgi tarixçəsi haqda yazdığı məqaləni Axar.az-a təqdim edib.
Məqalədə Hökümə Qurbanovanın həm şəxsi həyatı, həm də yaradıcılığı haqda maraqlı məlumatlar yer alıb:
“– Bu nə cürət? Bu nə cəsarət?Sən bilirsən, kimin qapısına gəlmisən?Bilirsən, bura kimin evidir? Hətta Bakının böyük bəyləri də bu qapını iznsiz döyməyib!
Malikat xanım sakitləşə bilmirdi. Böyük qonaq otağında o küncdən bu küncə çapır, gur səsi dahi bəstəkar Müslüm Maqomayevə (məşhur müğənninin babası) məxsus Qubernski (indiki Füzuli) küçəsindəki mülkün divarlarında əks-səda verirdi. Tanınmış Terequlovlar nəslinin nümayəndəsi olan Malikat xanım Müslüm bəyin bacısı idi.Zadəgan qadın baş verənlərin şokundan heç cür ayıla bilmirdi. Bir an əvvəl qızı Hökümə ağlayaraq yan otağa qaçmışdı. Malikat xanım elə ona görə də gur səslə danışırdı ki, dediklərini qızı da eşitsin:
– Hökümə, bu idi sənin bayram payın? Əziz Novruzu belə gətirdin Qurbanovların ocağına?Bayram xonçamızı belə bəzədin? Allah üzümüzə baxdı ki, atan Abbasəli yoxdur evdə!
Araya bir anlıq sükut çökdü.Yalnız qonşu otaqdan Hökümənin ara-sıra hönkürtü səsi gəlirdi.Bütün bu hay-küyün səbəbkarı isə otağın kandarında qıpqırmızı qızarmış və başını aşağı dikərək ürkək baxışlarını gizlətməyə çalışan qarabuğdayı, gözəgəlimli cavan bir oğlan idi.Əlindəki gül dəstəsini arxasında gizlətsə də, vücudu tir-tir əsirdi.Malikat xanım çağırılmamış qonağa yaxınlaşdı:
– Neçə yaşın var?
Oğlan başını qaldırıb ev sahibəsinin üzünə baxmağa cürət eləmədi.
– 21.
– Görürəm, ağzından süd iyi gəlir. Bu da bolşeviklərin qız istəməsində təzə hoqqadır? Elçiyə bir bax! Heç sənin evlənən vaxtındır?
– Mən… Höküməni…
Oğlan sözünün ardını gətirə bilmədi.
– Qızımın adını çəkmə! Qadağan eləyirəm sənə! Hə… Bəs, öz adın nədir?
Nəhayət ki, oğlan başını azacıq qaldırdı.Malikat xanım düz onun gözlərinin içinə baxırdı.
– Ələsgər…
– Soyadın nədir?
– Ələkbərov…
– Hə… deməli, yoldaş Ələsgər Ələkbərov. Gör sənə nə deyirəm…
Ələsgər artıq Malikat xanımın dediklərini eşitmirdi.Çünki Hökümə qonşu otaqdan çıxıb göz yaşlarını silə-silə həsrətlə onlara baxırdı. Ələsgərin imkanı olsaydı, qaçıb sevgilisini bağrına basar, gözlərindən öpərdi, ona belə əzab verdiyi üçün qarşısında diz çöküb bağışlanması üçün yalvarardı…
Azərbaycan teatrının dahi sənətçiləri Ələsgər Ələkbərovla Hökümə Qurbanovanın məhəbbət hekayəsi çoxdan başlamışdı.Onlar məktəbdə tanış olmuşdular və bu tanışlıq əvvəlcə dostluğa, sonra isə məhəbbətə çevrilmişdi.Hökümə hələ teatra gəlməmişdi, o, texnikumu bitirərək konservatoriyanın fortepiano sinfində oxuyurdu.Ələsgər isə teatrda yenicə işə düzəlmişdi.Amma hələ Ələsgərdən əvvəl də bu qızın qəlbində səhnəyə əbədi məhəbbət yaranmışdı. O, ilk dəfə teatra Müslüm Maqomayevlə getmiş, “Leyli və Məcnun” operası onun kövrək qəlbində silinməz izlər buraxmışdı.
Hökümə səhnəyə gələndə Sona Hacıyeva, Mərziyyə Davudova, Fatma Qədri kimi görkəmli aktrisalar öz sözlərini demişdi, indi yeni ifaya ehtiyac vardı. O, bu boşluğu doldurmağı bacardı.
Ə.Ələkbərovla evlilikdən Nailə adlı qızları dünyaya gəlsə də, izdivacın ömrü uzun sürmədi. Qısqanclıq hissi və qarşılıqlı ittihamlar bir-birini dəlicəsinə sevən bu istedadlı insanları ayırdı.İndi əzəmətli aktyor Ə.Ələkbərov bütün vacib qadın tərəf-müqabili rollarında H.Qurbanovanı görmək istəmirdi.Nəticədə aktrisa uzun müddət baş rollardan məhrum oldu. Lakin deyilənə görə, 53 yaşında dünyasını dəyişmiş Ə.Ələkbərov ömrünün son gününədək qəlbinin dərinliklərində ilk sevgisini unuda bilməmişdi.
Bir müddət sonra Hökümə xanım teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurdu və bu evlilikdən onların Vəfa adlı qızları doğuldu.Vəfa Fətullayeva da anası kimi istedadlı aktrisa oldu.Lakin ikinci evlilikdə boşanma ilə bitdi.
Dahi aktrisa ahıl çağında övlad itkisi ilə üzləşdi, qızı Vəfa 42 yaşında gözlərini əbədi yumdu və cəmi bir il sonra 1988-ci ilin payızında Hökümə Qurbanova da dünyasını dəyişdi.
…1931-ci ilin Novruz axşamı.Bolşeviklər bu xalq bayramını rəsmən qadağan etsələr də, evlərdə xonçalar qurulur, şamlar yandırılır.Göz yaşlarını boğaraq qonşu otaqdan çıxıb anası ilə Ələkbərə ümidlə baxan Hökümə hələ gələcək taleyindən xəbərsizdir.
Bu Novruz axşamı Məlikat xanım çağırılmamış qonağı “yox” kəlməsi ilə məyus yola saldı. Amma qızının “əgər ona getməyəcəyəmsə, deməli, başqa heç kim üçün “hə” sözünü məndən eşitməyəcəksiniz, evdə oturub qarıyacağam!” deməsi bu dünyagörmüş qadını fikrindən daşınmağa vadar etdi. Çünki Məlikat xanım Hökümənin gözlərindəki sevgi işartısını çoxdan sezmişdi…”
Short URL: http://www.cumhuriyyet.net/?p=42933