Heydər Əliyev repressiyasının qurbanı:Sahib Sailov

16.02.2014 - 01:21

Siyasi qısqanclığın qisası
və ya Rudenkonun sözləri birinci katibi düşmənə çevirir

Boris Gevorkov Heydər
Əliyevin bilavasitə köməkliyi ilə Sahib Sailovdan da intiqamını alırdı

Heydər Əliyev vəzifə qısqanclığı üzündən SSRİ rəhbərliyi
tərəfindən Azərbaycanda ondan başqa kiminsə tanınmasını istəmirdi

 (Əvvəlini burdan http://www.cumhuriyyet.net/sonxeber/4042-heyder-eliyevin-bala-stalin-intiqami.html
oxuya bilərsiniz)

12 dekabr Azərbaycan tarixinin ötən 60 illik
dövründə böyük rol oynamış Heydər Əliyevin həm də rəsmi vəfat günüdür. Bu ərəfədə
bir daha onun kimliyi, keçdiyi həyat yolu, fəaliyyəti, indiyə qədər haqqında
deyilən və deyilməyənləri, bildiklərimizi və bilmədiklərimizi ümumiləşdirib bu
günün prizmasından yaxın tariximizə işıq salmaq istədik. Qəzetimizin bir neçə
sayında bu barədə yazılar dərc etdik. Mövzunu yalnız sabiq dövlət başçsının
ölüm günü ilə bağlı olduğundan yekunlaşdırmaq istədik. Amma… Redaksiyamıza
müraciət edən çoxsaylı oxucular mövzunun davam etdirilməsini xahiş etdilər.
Oxucularımızın istəyi ilə mövzuya “davam” dedik. Yazıda qeyd olunanlarla bağlı
maraqlı şəxslərin, adı keçənlərin yaxınlarının, oxucularımızın da fikirlərinə
yer ayırmağa hazırıq. Yeganə məqsədimiz yaxın tariximizə işıq tutmaqdır…

Sahib Sailov kimdir?

Heydər Əliyev Azərbaycan KP
MK- nin birinci katibi seçiləndən sonar onun qəzəbinə və hədəfinə gələn,
repressiyaya məruz qalanlardan biri də Şamaxı Rayon Partiya Komitəsinin birinci
katibi Sahib Sailov olmuşdur. Onun da “urulmasına”səbəb SSRI rəhbərliyi tərəfindən
tanınması olmuşdur. Hətta Sov.IKP MK-nın kadr üzrə katibi Kapitonov o vaxt olan
qaydaya əsasən Heydər Əliyevə S.Sailovu Azərbaycan KP MK kənd təsərrüfatı üzrə
katib vəzifəsinə ehtiyat yazmağı tapşırmışdır. Heydər Əliyev isə vəzifə
qısqanclığı üzündən SSRİ rəhbərliyi tərəfindən Azərbaycanda ondan başqa kiminsə
tanınmasını istəmirdi. Sov.İKP MK Baş katibi L.İ.Brejnevin köməkçisi akademik
Arbatovun, SSRI Nazirlər Soveti sədrinin vəzifəsini icra edən Tixonovun (O vaxt
Kosıgin xəstə olduğu üçün onun vəzifəsini Tixonov icra edirdi.) və digərlərinin
S.Sailovu tanımaları Heydər Əliyevdə ona qarşı qısqanclıq yaratmışdır. Bu və
digər səbəblərdən də Heydər Əliyev S.Sailovun məhv edilməsinə qərar vermişdir.

S.Sailovun yüksəliş illəri İmam Mustafayevlə Vəli
Axundovun respublikaya rəhbərlik etdikləri illərdə olmuşdur. S.Sailov 1954-cü
ildə V.I.Lenin (indiki Tusi) adına Azərbaycan Pedaqoji Institutunun tarix
fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə Sov.IKP
MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-64-cü
illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGI Mərkəzi
Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir.

1962-64-cü illərdə Zaqafqaziya respublikalarında
ictimai əsaslarla fəaliyyət göstərən Sovetə rəhbərlik etmişdir. 1963-71-ci
illərdə respublika Xalq Nəzarəti Komitəsi Ali Şurasının üzvü kimi fəaliyyət
göstərmişdir. 1964-78-ci illərdə Azərbaycan KP MK-da məsul təşkilatçı, daha
sonra Astara, Qasım Ismayılov (indiki Göranboy), Şamaxı rayonlarının partiya
komitəsində birinci katib vəzifələrində işləmişdir. Tarix elmləri namizədidir.
11 kitabın müəllifidir. “Muğanın övladları kitabı S.Sailovun bir tarixçi kimi
əsl tədqiqat əsəridir. Kitabda respublikamızın Muğan bölgəsinin mənəvi
yüksəlişi, neçə-neçə əsrin mənzərəsi öz əksini tapır. Kitabla bağlı çoxsaylı
alimlər: Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru Fəridə
Məmmədova, Azərbaycan MEA-nın müxbir üzvü, Texnika elmləri doktoru, professor
Ramiz Qurbanov, Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Filologiya
elmləri doktoru Cənnət Nağıyeva və digərləri öz müsbət rəylərini yazmış və
kitab ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

S. Sailovun “Yaşadığım
illər, keçdiyim yollar” kitabından…

“Heydər Əliyev məni yanına çağırıb dedi ki,…”

Şamaxı rayon partiya komitəsinin birinci katibi Sahib
Sailovun başına gələnlər, üzləşdiyi haqsızlıqlar, məruz qaldığı repressiyalar,
vəzifəsindən və partiyadan xaric olunub həbs atılması və digər məsələlər barədə
onun özünün  və dostlarının xatirələrində
maraqlı məlumatlar yer alır.  S.Sailov
2007-ci ildə “Araz” nəşriyyatında çap etdirdiyi “Yaşadığınm illər, keçdiyim
yollar” kitabında yazır:

“1976-cı ilin sonları idi. Heydər Əliyev məni yanına
çağırmışdı. Söhbətə sualla başladı.

– Sailov, Sosialist Əməyi Qəhrəmanı adını kim verir?

– Əlbətt də, – dedim, – Mərkəzi Komitənin Bürosu və
Siz. Əgər Siz təqdim etməsəniz, Büro qərar çıxarmasa, heç vaxt, heç kəsə,
nəinki Sosialist Əməyi Qəhrəmanı adı, heç adi medal da verməzlər.

– Bəs onda necə olur ki, Moskvada – Mərkəzi Komitədə
bəzi adamlar sizin tərəfinizi saxlayırlar?

Səsindəki soyuqluq açıq-aşkar hiss olunurdu. Hiss etdim ki,
burada nəsə bir sirr var.

– Yoldaş Əliyev, – dedim, kiminlə bağlıdır bu söhbət?

– Rudenko sizi haradan tanıyır? Deyə səsinə ovxar
verdi.

Rudenko o vaxt Sov.IKP MK-nın kənd təsərrüfatı üzrə
katibi, Siyasi Büro üzvü F.D.Kulakovun birinci müavini idi.

– Yoldaş Əliyev, – dedim, o, şəxsən məni tanımır.
Üz-üzə gəlsək, mən də onu tanımaram.

– Bəs onda sizi niyə tərifləyir? – Uzun baxışlarla
məni süzdü. – Təqdim olunanlar arasında sizi xüsusi fərqləndirir, tərifinizi
göylərə qaldırırlar. Bu nə ilə bağlıdır?

– Bəlkə mənim haqqımda ona məlumat veriblər, – dedim.
Çünki onun işçilərindən iki nəfər, əvvəlcə Ivanov, sonra isə Kiselyov bizim
rayona gəlmişdi. Onlar Rayon Partiya Komitəsinin işi ilə məşğul olublar. Yəqin
ki, mənim barəmdə xoş söz deyiblər.

Nə isə… Söhbətimiz çox gərgin keçdi. Heydər Əliyev
dediklərimlə heç cür razılaşmadı.” (səh. 135)

“Qara vəzir” iş başışnda…

Və ya Sailov partiyadan və işdən necə çıxarılır?

Sailovun1977-ci ilin avqust ayında Cəlilabad rayonunda respublika
üzümçülərinin müşavirəsi keçirilərkən, S.Sailov da çıxışa yazılıb, gördükləri
və görəcəkləri işlər barədə danışmaq istəyirdi. O çıxışa başlayan kimi AKP MK
kənd təsərrüfat üzrə katibi Hacıağa Ibrahimov onun sözünü kəsib, üzünü Heydər
Əliyevə tutaraq deyir: “Sailov partizanlıq eləyir.
Bizə demədən, icazəsiz-filansız, rayonun bütün sosialist öhdəliklərini
“Selskaya jizn” qəzetində dərc etdirib. Mənə elə gəlir ki, bu öhdəlikləri
təkrar etməyə ehtiyac yoxdur.” S.Sailov xitabət kürsüsündən
qolu-qanadı sınmış halda düşür.

Müşavirədən bir həftə sonra S.Sailovu AKP MK təşkilat şöbəsinin müdiri İsmayıl
Əsgərov çağırtdırır. Katibəsi deyir, gözləyin, on dəqiqədən sonra qəbul edəcək.
S.Sailov yazır: “Vaxt gəlib keçdi. Bir də gördüm ki, o arxa
qapıdan çıxıb harasa getdi. Mənim gözləməkdən başqa çarəm yox idi. Yarım saat
da keçdi. Sonra gördüm ki, qayıdıb gəldi. Məni içəri çağırdı və mənə bir vərəq
uzatdı. Oxudum, gözlərimə inanmadım. Mərkəzi Komitənin bu gün keçiriləcək
Bürosunda İsmayıl Əsgərovun mənim işdən azad edilməyim barədə təqdimatı idi. Öz
özümə fikirləşdim: “axı mən neyləmişəm ki, məni belə səssiz-səmirsiz işdən azad
edirlər? Eybi yox, büroda öz sözümü deyərəm”.

Artıq məsələ həll olunmuşdu. Məni işimdəki nöqsanlara
görə birinci katib vəzifəsindən azad etdilər. Yeri gəlmişkən deyim ki, bu
Büroya qədər işlədiyim müddətdə heç bir cəza almamışdım. Beynimi qara-qura
fikirlər sarmışdı. “Axı bu nöqsanlar nədir? Dünənə qədər Şamaxı Rayon Partiya
Komitəsinin işi təqdir olunur, təcrübəsi öyrənilirdi. Müşavirələrdə,
yığıncaqlarda bizi nümunə göstərirdilər. Radio, televiziya, mətbuat gecə-gündüz
bizdən danışırdı. Birdən-birə nə oldu? Hardan əsdi bu qara yel?”

Əlbətdə, bunlar haqqında heç kəs, heç nə demədi.

26 dekabr 1976-cı ildə Mərkəzi Komitənin Plenumu oldu.
Burada mənim Plenum üzvü, respublika Ali Sovetinin deputatı kimi vəzifələrimdən
azad edilməyim barədə məsələ müzakirə olundu. Yalnız bir nəfər danışdı –
Mərkəzi Komitənin şöbə müdiri I.Əsgərov.

Məni plenumun tərkibindən və partiyadan xaric etdilər.

Mənə söz verildi. Çox yığcam bir çıxış elədim.
Çıxışımın əsas məğzi bu idi: əgər Mərkəzi Komitə mənə etimad göstərsə, bütün
varlığımla özümü doğrultmağa çalışacasğam.

Sailovdan
Maqsud Əlizadənin heyfini çıxırlar

Heydər Əliyev Plenum iştirakçılarına müraciət etdi ki,
bu barədə kim nə deyə bilər. Zal susdu. Heç kəs bir kəlmə də söz demək
istəmirdi, deməyə bir əsasları da yox idi.

Heydər Əliyev sonra Büro üzvlərinə üz tutdu:

– Kimin bu barədə sözü var, kim danışmaq istəyir?

Yenə heç kəs dinmədi. Büro üzvlüyünə namizəd, Dağlıq
Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi Boris
Gevorkov əl qaldırdı. O, xitabət kürsüsünə qalxıb:

– Yoldaş Əliyev, – dedi, – son vaxtlar Sailov özündən
müştəbeh olmuşdu. Heç kəsi saya salmır, heç kəslə hesablaşmırdı. O, bu
cəzanı almalıydı, adı da. Mən Plenumun qərarını alqışlayıram.

Daha heç kəs bir kəlmə söz demədi. Mən partiya
sıralarından xaric edildim.”(səh. 137-140)

Boris Gevorkov pozuculuq əməllərinə görə öz dəstəsilə birlikdə Azərbaycan
LKGI MK-dan MK-nın birinci katibi Maqsud Əlizadə tərəfindən kənarlaşdırılmışdı.
Bundan sonar M. Əlizadə müəmmalı şəkildə qətlə yetirilir və qətlin səbəbi bəlli
olmur. Maqsud Əlizadənin qətlə yetirilməsində bəzi mənbələr Boris Gevorkovla
bağlı müəmmanın rol oynadığını bildirirlər. Maraqlıdır ki, həmin vaxt Heydər
Əliyevin Gevorkovla, Maqsud Əlizadənin isə Sahib Sailovla yaxın münasibətləri
və bir- birlərinə qarşılıqlı dəstəkləri olub. İş elə gətirmişdi ki indi də
Boris Gevorkov Heydər Əliyevin bilavasitə köməkliyi ilə Sahib Sailovdan da
intiqamını alırdı.

Sailov necə həbs olunur?

Plenumdan iki gün sonra, 28 dekabr 1977-ci ildə Sahib Sailov səhər saat
10-da respublika prokurorluğuna çağırılır və həbs olunur. O respublika
prokurorluğuna çağırılan kimi, evində axtarış aparılır. S.Sailov yazır: “Uşaqlarım söyləyir ki, axırıncı dəfə mən evi tərk edəndə
formalı-formasız orqan işçiləri mənzilimə doluşurlar… Elə sürətlə axtarış,
sorğu-sual başladı ki, sanki göylərdə şimşək çaxırdı. Kənddə-kəsəkdə izim dəyən
yerlərin hamısında axtarış aparılıbmış. Hətta qəbiristanlıqda belə. Ancaq
Sailovun nə olmayan “QAZ-24″-dən, nə saysız qızıllarından, nə də çürümüş
pullarından bir nişan tapılmayıbmış.”

Kürdəmir Rayon Partiya Komitəsinin birinci katibi Məmməd Məmmədovun
“ifşası” üçün hazırlanmış ssenari S.Sailova qarşı da istifadə olunur.
S.Sailovla yaxınlığı olan müxtəlif sahələrdə işləyən heç bir cinayəti olmayan
bir qrup adamlar həbs edilir. Onlardan üzümçülük-şərabçılıq trestinin rəisi
Babacan Kərimov, Göylər kənd Engels sovxozunun direktoru Hidayət Vəliyev,
Nəsimi sovxozunun direktoru Mülkalı Əliyev, Avtobazanın rəisi Azər Quliyev,
müəllimlərdən Ağamehti Ağayev, Nadir Səmədov, Əlixan Abdullayev, Nisə
Hüseynova, Püstə Abbasovanı göstərmək olar ki, bunların da bir neçəsi sonradan
həbsdən azad edildilər.

Qərəzli cinayət işi

Bu cinayət
işinin qərəzli olması bir də onunla sübut olunur ki, prokurorluq Samaxını
yoxlayıb qurtarmamış S.Sailovun 1969-1973-cü illərdə işlədiyi Qasım-İsmayılov
(indiki Göranboy) rayonunda da ondan narazı adamların axtarışına başlamışdır.
Təbii ki, rayonun birinci katibindən hamı razı qala bilməzdi. Prokuror Şükür
Rzayev (Heydər Əliyev təkrarən hakimiyyətə gələndən sonra ona respublika
prokurorluğunda şöbə müdiri vəzifəsini vermişdi. Sonra da Bakı şəhər prokuroru
təyin etdi.) Qasım İsmayılov rayonunda bir neçə narazı adam tapıb, onlardan da
ifadə almışdır. Beləliklə, prokuror Ş.Rzayev və istintaq qrupu çalışırdı ki,
haqq-nahaq S.Sailovu cinayətkar etsin. Qeyd etmək lazımdır ki, S.Sailovun həbsi
üçün ən çox canfəşanlıq edən prokuror Şükür Rzayev olmuşdur.

Sailovun 15 il həbs cəzası-
Şuşa həbsxanası

Prokuror Ş.Rzayev və istintaq qrupu özləri böyük cinayət törədib, Şamaxıda
olan bütün təsərrüfat rəhbərlərini, idarə və müəssisə rəhbərlərini, kolxozların
sədrlərini, sovxozların direktorlarını, kənd sovet sədrlərini, demək olar bütün
zümrədən olan adamları çağırıb səni tutacağam deyə qorxutmuş, milyonlarla pul
yığmışlar.

Nəhayət,
S.Sailovu damğalamaq üçün 180 nəfər adam dindirilib və düzüb-qoşublar. Sonda
S.Sailovun ittihamnaməsi 11 nəfərin cinayət işilə birlikdə “baxılması üçün” Ali
Məhkəməyə göndərilir. Ona 15 il cəza müddəti, onun da 3 ilini bağlı rejimdə, 12
ilini ciddi rejimdə çəkməklə kəsilir. O bağlı rejimini Şuşa həbsxanasında,
qalanını isə 2 saylı kolonda çəkir. Dəfələrlə onun məhv edilməsi üçün cəhd
edilir. Onu Allah saxlayır. 10 ilə yaxın zülmlər, sarsıntılar, mənəvi və fiziki
əziyyətlər çəkdikdən sonra amnistiya ilə azadlığa çıxır. Azadlığa çıxandan
sonra Ali Məhkəmə onun işinə yenidən baxır və o əməllərində cinayət tərkibi
olmadığı üçün tam bəraət alır.

70- ci illərin “Mixaylo”-su…

Aradan illər keçir. Vaxtilə Azərbaycan LKGI Mərkəzi Komitəsində Sahib
Sailovla birlikdə işləyib və onunla çox yaxşı münasibətdə olmuş, sonradan
DTK-da işləyib, DTK-nın 5-ci Idarəsinin rəis müavini vəzifəsinə qədər
yüksəlmiş, filologiya elmləri doktoru, DTK generalı Yasif Nəsirli 2005-ci ildə
“Adiloğlu” nəşriyyatında çap etdirdiyi “Dünya” adlı
kitabında Sahib Sailovun həyatının ağır, firtınalı vaxtını, başının üstündə
ölüm kabusunun dolandığı günləri ürək ağrısı ilə qələmə alır. Həmin romandan
S.Sailovla bağlı hissəni (səh. 169-200) müəyyən ixtisarla oxucuların diqqətinə
çatdırırıq;

“Həyat qəribədir. Bu qəribəliyin ortasında isə insan dayanır. Həyatda hər
şey dəyişir. Insan da dəyişir. Münasibətlər də dəyişir. Yeniləri ilə əvəz
olunur. Lakin elə məsələlər var ki, onlar insan hafizəsində əbədi olaraq həkk
olub qalır. Onunla dünyasını dəyişənə qədər yaşayır.
Zaman-zaman təzələnir, ətə-qana dolur. Yaz, payız, qış onu yuyub apara
bilmir.

Bu yaxınlarda bir toya getmişdik. Ağız deyəni qulaq eşitmirdi. Birdən –
qəflətən hər şey dəyişdi. Elə bil zala günəş doğdu, təzə ab-hava gəldi. Musiqi
səngidi, zal ürəkdolusu nəfəs aldı. Elə bil üstümdən ağır bir yük götürüldü.

Ilahi, mikrofondakı səs nə qədər tanış, doğma idi. Doğrudanmı danışan
MIxaylo idi? Böyük natiqlik məharətinə malik olan bu insan elə iyirmi il bundan
əvvəl olduğu kimi, sözləri necə də gözəl, seçə-seçə, ahənglə, xüsusi
tələffüslə, nida ilə söyləyir. Bəli, özüdür, Mixaylodur.

Bir anlığa mənə elə gəldi ki, bu səsi Mərkəzi Komitənin Plenumunda,
respublika fəallar yığıncağında, Moskvanın Qurultaylar Sarayında… dinləyirəm.
Indi bu məsələlərdən danışanda bəzi insanlar ağız büzürlər. Lakin mən
qorxmuram, çəkinmədən keçmişimizdən danışıram. Axı, biz o keçmişi yaşamışıq. O
keçmişdə işləmişik, çörək yemişik, ailə qurmuşuq, övlad böyütmüşük. Zəhmət
çəkmişik, ad-san qazanmışıq. Şəhərlər salmışıq, yollar çəkmişik, ixtiralar
etmişik…

Indi göydəndüşmə özündənbəylər, müştəbehlər var ki, bizim keçmişimizdən,
tarixdə qoyduğumuz izlərdən qorxurlar. Bizi təcrid etməyə çalışırlar. Lakin
tarix ən böyük hakimdir. O, hər şeyi zamanı çatanda öz yerinə qoya bilir,
sahmanlaya bilir. Yağı yağ, ayranı ayran edir.

Həyatın qəribə qanunları var. Insan nədən qaçsa, o, qarşısına çıxır. Siz
həmişə xəyanəti, rəzaləti, ikiüzlülüyü, qeyrətsizliyi, kəmfürsətliyi
qamçılayırdınız. Mərdlik, qoçaqlıq, qorxmazlıq, yenilməzlik göstərərdiniz. Yeri
gələndə isə deyərdiniz:

 Ölümdən – xəyanət pis,

 Ölümdən rəzalət pis!

 Bəzən necə gözləsən,

 Ölüm, sən ey səadət!

Hə Sahib müəllim, Siz idiniz – Sahib Sailov! Xəyanət, xatirələr bu yerdə
məni çəkib keçən əsrin 60-70-ci illərinə aparır. Ali məktəbi təzəcə
qurtarmışdım. Məni Komsomolun Mərkəzi Komitəsinə işə göndərmişdilər. Siz isə
məndən əvvəl orada çalışırdınız – Mərkəzi Komitənin katibi idiniz. Kənd
təsərrüfatı məsələlərinə baxırdınız. Respublika gəncləri arasında böyük nüfuz
sahibi idiniz. Çevik təşkilatçılıq qabiliyyətiniz var idi. Sağlam düşüncəniz,
məsələlərə fəal münasibətiniz hələ Sizi çəkib vəzifə pillələrində uzaqlara
aparacaqdı…

Ayrı-ayrı sahələrdə işləsək də, çox az vaxtda doğmalaşdıq, yaxınlaşdıq.

O vaxtlar Sizin səyiniz, bacarığınız nəticəsində onlarla azərbaycanlı oğlan
və qız Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görüldü. Kənd
təsərrüfatının müxtəlif sahələrində çalışan minlərlə gənc yüksək dövlət
mükafatları aldı, orden və medallarla təltif olundu.

Siz Özbəkistanda, Moskvada keçirilən ümumittifaq müşavirələrində dolğun
məruzələrlə çıxış etdiniz. Respublikamızın, xalqımızın inkişafı üçün böyük
zəhmət çəkdiniz.

Hələlik tale üzünüzə gülür, yolunuza işıq saçırdı. Sizi Azərbaycan
Kommunist Pariyası Mərkəzi Komitəsinə məsul vəzifəyə irəli çəkdilər. Sonra
Astara, Qasım Ismayılov rayon partiya komitələrinə başçılıq etdiyiniz illərdə
on minlərlə insana çörək verdiniz. Möcüzələr yaratdınız. Sözün əsl mənasında
dönüb Mixaylo oldunuz. Biz komsomol, partiya işçiləri isə Sizi öz aramızda
Mixaylo adlandırırdıq. Bax, beləcə, özünüz də bilmədən həyat Sizə “Uzaq sahillərdə”
filmindəki Mixaylo ləqəbini verdi.

Siz təkcə bir ailənin, bir nəslin, bir rayonun oğlu olmaqla qalmadınız. Siz
Azərbaycan xalqının böyük, şərəfli oğlu kimi özünüzlə fəxr edə bilərsiniz.

Yüksəlişə gedən yol

Sizi Şamaxı
Rayon Partiya Komitəsinə birinci katib seçdilər. O vaxt Şamaxı rayonunun
təsərrüfatı bərbad halda idi. Camaat çörək, geyim, iş cəhətdən çox əziyyət
çəkirdi. Bir neçə ilin içərisində Şamaxı nəinki Azərbaycanda, hətta o vaxtkı
SSRI məkanında, eləcə də Bolqarıstanda, Rumıniyada, Çexoslovakiyada,
Yuqoslaviyada şöhrət qazandı. Minlərlə şamaxılının əyni təzə paltar, qapıları
maşın, kranları su gördü. Sailovun döşünü orden-medallar bəzədi. Səsi-sorağı
bütün respublikanı bürüdü. Azərbaycan KP MK bürosu Sizə Sosialist Əməyi
Qəhrəmanı adı vermək üçün qərar çıxardı, Moskvaya göndərdi

Gözləyirdiniz
ki, bu gün-sabah SSRI Ali Sovetinin Fərmanı çıxacaq, qohum-əqrəba, dost-tanış
təbrikə gələcək. Əslində hər şey yaxşı gedirdi, Sizi MK-ya çağırmışdılar,
təbrik etmişdilər. Lakin deyir, sən saydığını say, gör fələk nə sayır.

Axşam saat
doqquz olardı. Adətən Siz raykomun büro iclasını aparanda tapşırığınıza əsasən
Sizi telefonla birləşdirmirdilər. Əgər fövqəladə bir hadisə baş verməsəydi.
Lakin rabitə ilə birbaşa olan telefon susmaq bilmirdi, aramsız zəng çalırdı.
Ürəyinizdə “Allah xeyrə calasın”, – deyib, dəstəyi götürdünüz. Telefonçu qızın
səsi otaqda aydınca eşidildi: “Yoldaş Sailov, Moskvadan – Mərkəzi Komitədən
təcili Sizi istəyirlər”.

Sizi axtaran
Sov.IKP MK Baş katibi L.I.Brejnevin köməkçisi akademik Arbatov idi. Bir qədər
sonra isə MK-nın kadr üzrə katibi Kapitonov zəng çaldı. Hər ikisi Sizi yüksək
mükafat münasdibətilə təbrik etdi. Onlar bir-birindən xəbərsiz Sizi yüksək
vəzifəyə çəkməyi tövsiyə etdiklərini bildirdilər. Hətta o da məlum oldu ki, o
vaxtkı olan qaydaya əsasən Kapitonov Sizi Azərbaycan KP MK kənd təsərrüfatı
üzrə katib vəzifəsinə ehtiyat yazmağı tapşırmışdır.

Siz dəstəyi
yerinə qoyanda sevincdən çox həyacan və narahatlıq keçirdiyinizi büro üzvləri
sezdilər. Niyə, nə üçün? Burada pis nə var idi ki?!

Bəli, Siz yaxşı
başa düşürdünüz ki, Moskva ilə əlaqələr respublika rəhbərliyinin xoşuna
gəlməyəcək. onlar belə şeylərə bərk qısqanır və nə də olsa, bunu güzəştə
getməyəcəklər. Əslində beləcə fikirləşməyə də haqqınız vardı. Əlaqəsi olanların
başına nə kimi müsibətlər açıldığını yaxşı bilirdiniz. Ona görə də iki-üç
gündən sonra respublika rəhbərliyinin reaksiyasını öyrənməjk üçün Bakıya
yollandınız. Qəbula getdiniz. Köməkçi həmişəki kimi Sizi çox mehribanlıqla
qarşıladı, qabağınıza çay qoydu. Özünü katibin otağına verdi ki, yanına getmək
istədiyinizi bildirsin.

Amansız intiqam…

Bir neçə
dəqiqədən sonra köməkçi pərt halda geri döndü. Əhval-ruhiyyəsi tamam
pozulmuşdu. O, bilmirdi ki, iki gün bundan əvvəl Sizin bəxt kitabınız bağlanıb.
Iki gün bundan əvvəl katibin yanında dördlərin – DTK sədri, respublikanın Baş
prokuroru, daxili işlər naziri və MK kadrlar şöbəsi müdrinin iclası olmuş və
Sizi məhv etmək barədə tapşırıq almışlar.

Köməkçi:

-Dedi ki,
probleminiz varsa, şöbələrdə həll edib, təcili rayona qayıdasınız. Sizin
fəaliyyətinizi yoxlamaq üçün sabah rayona böyük komissiya gələcək.

O, bir qədər
sözünə ara verdi. Elə bil ki, boğulurdu, nəfəsi çatmırdı. Sanki hansısa
qeyri-adi anlaşılmazlıq olduğunu fikirləşirdi.

– Nə baş verib,
Sahib müəllim, – soruşdu, – Deyəsən işləri korlamısınız?!

Siz dinmədiniz.
Artıq hər şey Sizə əyan idi. “Bu xəmir çox su
aparacaq”. Az müddətdə gözünüzün qabağından nələr gəlib keçdiyini, bunun nə ilə
nəticələnəcəyini bir özünüz, bir də Allah bildi. 37-ci il hasdisələri,
faciələri, günahsız qurbanlar bir anlıq sizin içinizdən dolanıb keçdi. Siz
yaxşı bilirdiniz ki, onlar Sizdən amansız intiqam alacaqlar…

Onlar hər şeyə
güzəştə gedə bilərlər. Lakin vəzifə kreslolarını yox. Haçandan-haçana özünüzə
gəldiniz. Başınızı qaldırıb köməkçinin gözünə baxdınız. Sonra da acı-acı
gülümsəyərək, istehza ilə üçcə söz dediniz:

– Hər şey bitdi.

Iki günün, iki
gecənin içində ayaq səsləriniz gələndə taybatay açılan qapılar üzünüzə
bağlandı. Çörək verib, qulluğunda durduğunuz insanlar Sizdən üz döndərdi. Bir
yerə baxdınız, bir göyə baxdınız, bir dönüb özünüzə baxdınız. Çaşdınız,
sarsıldınız, özünüzü tənha hiss etdiniz. “Ilahi, həyatın sonu budurmu? Bəs
mənim xeyirxahlıqlarım? Bəs mənim yuxusuz gecələrim? Yüzlərlə alçaldılan
insanların haqlarını özlərinə qaytaran bəlkə mən deyilmişəm?”

Bir andaca
gözünüzün qabağına öz iş kabinetində gülləbaran edilən və qanı bu günə kimi
yerdə qalan komsomol dostun, Azərbaycan komsomolu Mərkəzi Komitəsinin birinci
katibi Maqsud Əlizadə, Azərbaycan KP MK katibi, gözəl yazıçı-alim Şıxəli
Qurbanovun müəmmalı ölümü, Beyləqan Rayon Partiya Komitəsinin birinci katibi,
Lenin ordenli Vahid Ismayılovun raykomun qonaq otağının qapısındakı ağacdan
asılması, Neftçala Rayon Partiya Komitəsinin birinci katibi Xankişiyevin öz
evindəcə qoşalülə ilə qətlə yetirilməsi gəldi. Kürdəmir Rayon Partiya
Komitəsinin birinci katibi Məmməd Məmmədovun faciəsi yadınıza düşdü. Onu
türmədə şprislə qanını sorub öldürdülər. Zaqatala Rayon Partiya Komitəsinin
birinci katibi Əbdürrəhmanovun həbsi və s… Indi doğrudanmı növbəti qurban
mənəm?”

Davam edir 37…

Bir qədər qabağa qayıdaraq deyim ki, illər keçəcək, təkcə Azərbaycanda,
keçmiş SSRI məkanında deyil, dünyanın bir çox ölkələrində müasir pedaqoji elmin
zirvəsində dayanan istedadlı alim, professor, əməkdar elm xadimi, həm də gözəl
yazıçı-publisist, xeyirxah və nəcib insan Əjdər Ağayev bu məsələ ilə əlaqədar
belə yazacaq; “Həyatda elə insanlar var ki, işıqlı simaları,
yaradıcı, qurucu əməlləri ilə tezliklə şöhrət tapır, ad-san sahibi olur,
el-obaya, xalqa, vətənə faydası ilə seçilir, yüzlərin, minlərin, milyonların
rəğbətini qazanır, örnəyə çevrilir. Və birdən bu parlaq “ulduz” kiminsə və ya
kimlərinsə gözlərini “qamaşdırır”, onu “söndürmək” üçün yollar axtarılır və çox
təəssüf ki, yol tapılır. 1937-ci ildən başlayaraq repressiya qurbanları və daha
sonralar bəd əməlli vəzifə sahiblərinin “qurban”ı olmuş neçə-neçə şəxsiyyət
belələrindəndir”.

Bu sətirləri
yazmışdım ki, “Bakı-Xəbər” qəzetində Sahib Sailovun “Ömrün səhifələri” və
“Saxta hökm (Həyat davam edir)” kitabları haqqındakı məlumat və verilmiş bir
parça diqqətimi cəlb etdi. Böyük ürək yanğısı və döyüntüsü ilə yazılmış bu
kitabları tapıb oxudum…

…Üstündən çox
vaxt, uzun illər keçsə də, 37-ci il yaşayır, davam edirdi. Bir qədər forma
dəyişmişdi, məzmun elə həmin məzmun idi. Sizin adınıza yazılan qəhrəmanlıq
ulduzunu Salyan Rayon Partiya Komitəsinin birinci katibinə verdilər. Özünüzü
isə işdən çıxardılar, partiyadan xaric etdilər. Respublikada “Sailov ifşası”
başladı. Sizə yalançı, saxta hökm verib həbs etdilər. Bax beləcə, tariximizə
yeni bir qanlı səhifə yazıldı. Həmişəki kimi cəmiyyət susdu, ziyalı susdu. Sizi
tanıyanlar bir loma çörəklərinin xatirinə səslərini içinə çəkdilər. Haqsızlıq,
ədalətsizlik at belinə qalxdı, cövlan etdi. Töhfənlə Bəxtiyarın əllərinə dəmir
əsa alıb, ayaqlarına dəmir başmaq geyib, Sizlə bağlı ədalət axtarışına
çıxdılar.

Arvadınızın saç-birçəyi
ağardı, dərddən beli büküldü, otuz yaşı hələ tamam olmayan oğlunuz Bəxtiyarın
da saçları rəngini dəyişdi. Düz 9 ildən çox gecə-gündüz Sizi aradılar… Allaha
şükür ki, yenidən tapdılar…

DTK və Prokurorluq iş
başında

Siz həbs olunanda mən Dövlət Təhlükəsizlik Komitəsində işləyirdim. Mərkəzi
Komitədə, həm də mənim iş yerimdə bizim yaxın dost olduğumuzu yaxşı bilirdilər.
Bir gün DTK sədri general Vitali Krasilnikov məni yanına çağırıdı.
Könülsüz-könülsüz şöbənin işlərini xəbər aldı. Lakin hiss etdim ki, məni nə isə
başqa bir işlə əlaqədar çağırıb. Belə də oldu.

 – Bilirsən, Sailovu tutmaq istəyirlər? – dedi,
– Büroda söhbət getdi, işi bizim istintaq şöbəsi aparsın. Etiraz etdim.

Söhbətinə bir az ara verdi. Aydınca bilinirdi ki,
fikrimi öyrənmək istəyir.

– Mənə elə gəlir ki, Sailovun DTK-lıq işi yoxdur –
dedim.

 – O, patrtiyaya, xalqa sədaqətli insandır. Təmiz
adamdır, özü də yaxşı təşkilatçıdır.

V.Krasilnikov:

– Mən bunları soruşmaq istəməzdim.

– Vitaliy Serqeyeviç, – dedim, – insanın vəzifə
borcundan əlavə, bir də vicdan borcu var. Ona görə bunları deyirəm.

Mənə müsbət rəğbəti olan Vitaliy Krasilnikov:

 – Düz deyirsən, lakin bəzən sərt qanunlar
qarşısında vicdan borcu zəif görünür. Baş prokuror Zamanov Sizinlə Sailov barədə
söhbət etmək istəyir. Gedin, onunla görüşün.

Mən 75-ci
ildə DTK-ya işə gələndə Abas Zamanov sədrin birinci müavini işləyirdi.
Bir-birimizi yaxşı tanıyırdıq. Bir qədər sürüşkən xasiyyəti var idi. Bərkdə əli
yox idi. Küləyin əsdiyi səmtə gedən adam idi. Yuxarıların dediyi onun üçün
qanun idi. Sözün əsil mənasında buyruq adamı idi. Mən də, onu tanıyan bir çox
başqaları da belə düşünürdülər.

Zəng vurdum.
Vaxt təyin etdi. Prokurorluğa getdim. Köməkçisi məni birinci mərtəbədə –
qapının ağzında gözləyirdi. Zamanov məni çox mehribanlıqla qarşıladı. Kofe,
peçenye gətirdi, viski süzdü.

A.Zamanov:

– Iki gündən
sonra MK-nın plenumu olacaq, – dedi. – Sailovun işinə baxacaqlar. O, Mərkəzi
Komitənin üzvüdür, Ali Sovetin deputatıdır. Plenumdan sonra biz onu həbs
edəcəyik. Istərdik ki, Siz onunla bağlı bildiklərinizi yazasınız. Bu, Sizin
gələcək siyasi karyeranız üçün də lazımdır.

Mən:

– Abas
Tağıyeviç, – dedim, – mən yoxlama briqadasında olmamışam. Onu yalnız müsbət
adam kimi tanıyıram. Bu da Sizə, istintaqa bir şey verməz.

A.Zamanov
həyatda pis insanların, banditlərin, oğruların etdiklərini dünənə qədər
təriflədiyi Sailovun ünvanına söylədi. Az qaldı desin ki, hətta onun
yaxınlarına da sataşıb. Açığını deyim, ona yazığım gəldi. Ayrıldıq. Mən işə
qayıtdım. Dedilər ki, sədr səni gözləyir. V.Krasilnikov məni mehriban
qarşıladı. Ayağa durub əl verdi. Gülümsəyərək:

– Abas Tağıyeviç
zəng vurmuşdu. Səndən narazıdır. Dedi ki, Nəsirov söhbətdə özünü səmimi
aparmadı.

– Ancaq
ayrılarkən mənə təşəkkür etdi. Görüşümüzdən məmnun olduğunu bildirdi.

V.Krasilnikov
güldü:

– Ehtiyatlı ol,
Zamanov mürəkkəb adamdır. Söhbətlərində qeyri-dəqiqliyə yol vermə. Çağıranda
gedib görüşərsən. Birinci katibin tapşırığıdır, yoxsa qoymazdım.

Baş prokurorluqdan Sailova “özünü öldür” təklifi

Aradan 3-4 gün
keçdi. Demək olar ki, Sailovla müntəzəm görüşürdüm. Onu hər gün istintaqa
çağırırdılar. Təhlükə başının üstünü almışdı. Müəyyənləşdirdim ki, arxasınca
DTK-nın, DIN-nın “naruşka”sı gəzir, telefonuna qulaq asırlar. Qonşu binadan isə
evində gedən söhbətlərə, görüşlərə nəzarət edirdilər. Bizim görüş və
söhbətlərimiz də hesaba düşürdü.

Elə bu vaxtlar idi. Baş
prokuror məni yenidən yanına dəvət etdi.

A.Zamanov:

 – Biz
ikimiz də DTK işçisiyik. Nə baş verdiyini, həm də verəcəyini yaxşı anlayırsan. İstəyirəm açıq
danışaq. Biz Sailovu bu günlərdə həbs edəcəyik. Tapşırıq belədir. Ya güllələnmə
verəcəyik, ya da 15 il həbs cəzası. Bunun da hər ikisinin axırı ölümdür. Mənim
bir təklifim var. Əgər sən istəyirsənsə onun özünə, ailəsinə kömək edəsən, get,
onunla görüş. Bir forma tap, başa sal, qoy özünü öldürsün. Onda ailəsinin də
adı təmiz qalar, özünün də canı qurtarar. Bundan yaxşı yol fikirləşə bilmərəm.
Ancaq bunu sən öz tərəfindən etməlisən.

 Qarşımdakı
çayın buğu təmiz çəkilmişdi. Əlimə götürdüm. Bir qurtum içdim. Səy göstərirdim
ki, müvazimətimi pozmayım, ürəyimdəkiləri boğa bilim, onu hərəkətlərimlə
şübhələndirməyim.

 Mən:

 –
Çalışaram, – dedim.

 Baş
prokuror:

 – Çox sağ
ol, bu, başqa məsələ, – dedi. – İnan ki, bizə də çətindir. Tutarlı bir şey tapa
bilmirik. O, çox ehtiyatla hərəkət edib.

 Qoluma
girib məni liftə qədər yola saldı.

 Axşam
Sailovla Ayna Sultanovanın heykəlinin yanında görüşdük. O, çox pəjmürdəydi,
həyəcanlıydı. Bəzən hətta məntiqini də pozurdu. Allah heç kəsə göstərməsin. Şər
pis şeydir. Şeytan işidir. Onu şərləmişdilər, ona böhtan atmışdılar, iftiraya
salmışdılar.

 Mən onu
sakitləşdirməyə çalışdım. Ürəyimdə isə deyirdim “Sən yaşamalısan, Sahib. Buna
sənin mənəvi haqqın, hüququn vardır. Sən ölməməlisən”. Özümdən asılı olmayaraq
içərimdən gələn səsi boğa bilmirdim:

– Sahib müəllim,
Siz özünüzü ələ almalısınız. Düşmənlərə qalib gəlməlisiniz.
Əsəbiləşməməlisiniz. Iradəsi zəif insanlar intihar edər. Inanın, bir gün
gələcək, o gün Sizin olacaq. Siz yaşayacaqsınız, tariximizdə öz yerinizi
tutacaqsınız.

Bəli, baş
prokurorun tapşırığını bax, beləcə “yerinə yetirdim”. Bu məsələni Sizə açmadım,
danışmadım. Bir qədər keçəcək, müavin işlədiyim 5-ci İdarənin rəisini işdən
azad edəcəklər. Bizə dəxli olmayan, tamamilə başqa sahənin adamını mənə müdir
qoyacaqlar. Ona general rütbəsi veriləcək. Xalq Cəbhəsi hakimiyyətə gələndə isə
o adam qorxusundan kabinetində xidməti pistoleti ilə özünü vurub öldürəcəkdir. Mənim haqqımda
isə Abas Zamanovun yerlisi, sədrin kadr üzrə müavini general Xalıqov Mərkəzi
Komitəyə və Moskvaya göndərdiyi xasiyyətnamədə belə yazacaq: “Y.M.Nəsirovun
S.Sailovla əlaqələrini, dostluğunu nəzərə alaraq onun 5-ci idarəyə rəis təyin
olunmasını məqsədəuyğun hesab etmirəm”. Bir dəfə Oruc
Əliyev yanıma məruzəyə gəlmişdi. Agent xəbər verirdi ki, bu günlərdə
hazırlaşırlar ki, Sailovu ikinci dəfə məhkəmə etsinlər. Guya türmədə respublika
rəhbərliyinin əleyhinə olan Çingiz Hüseynovun “Ailənin sirri” kitabını və başqa
əsərləri oxuyub, dustaqlar arasında təbliğat işləri aparır. Bu isə o vaxt türmə
həyatının üç il də uzadılması demək idi. Biz operativ olaraq agentlərlə iş
apardıq və bu işin qarşısını almağa müvəffəq olduq. Bundan əlavə koloniyanın
müdirinə taspşırdıq ki, yaxşı mənada Sailovun üstündə gözü olsun.

Sahib Sailovun xatirələri…

Yuxarıda Kürdəmir Rayon Partiya Komitəsinin birinci katibi Məmməd
Məmmədovun başına gələnlərdən göründüyü kimi Heydər Əliyev qısqanclıq üzündən
onu məhv etdirməklə yanaşı, ona etibarlı olan 51 nəfər ziyalını da öz
qorxusundan damğalatdırdı və onlardan ən güclüsü, böyük nüfuz sahibi olan
Əlsahib Abdullayevi isə həbsxanada məhv etdirdi. Heydər Əliyev buna bənzər
əməlini Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi Sahib Sailovun
dostlarının da başına gətizdirmişdir. S.Sailov “Yaşadığım illər, keçdiyim yollar” kitabında
(Səh. 140-142) yazır:

Yadıma bir əhvalat düşür. Vəzifədən
çıxmamışdan xeyli əvvəl iki yaxın adam Şamaxıya – mənə dəyməyə gəlmişdi.
Onlardan biri Sabirabad Rayon Icraiyyə Komitəsinin sədri Lətif Səlimov, o biri
isə Bakı şəhər Əzizbəyov rayon milis şöbəsinin rəisi polkovnik Ağa Ağayev idi.
Bu, o vaxtdır ki, artıq Dövlət Təhlükəsizlik Komitəsi rayon şöbəsinin rəisi
Oqtay Mansurov evimizi nəzarətə götürmüşdü. Qonaqlar bizdən çıxanda axşamdan
xeyli keçmişdi. Onlar izləndiklərini hiss etdilər. Polkovnik Ağayev duyuq düşür.

– Lətif, gəl yolumuzu dəyişək, – deyir. – Mən
Bakı istiqamətində gedim, sən isə Göylər yoluna dön. Udulluya, oradan da
Qazıməmmədə, sonra da Sabirabada get.

Sailova
baş çəkir bütün karyerası məhv edilir…

Onlar dedikləri kimi də edirlər. Ağa Ağayevi
Mərəzə postunda saxlayıb, yoxlayırlar. Buradan salamat qurtarır. Bakıya xeyli
qalanda onun maşınını saxlayırlar. Ordan-burdan sorğu sual edirlər. Axırda ona
deyirlər: “Siz Abşeron Rayon Milis Şöbəsinə getməlisiniz”.O, çıxılmaz
vəziyyətdə qalır. Sonra məcbur olub, vəsiqəsini göstərir. Deyir, axı mən özüm
milis rəisiyəm, özü də polkovnik rütbəsində.

Onlar yenə əl çəkmir. Dirənirlər ki, mütləq
şöbəyə getməlisiniz. O, naəlac qalıb şöbəyə getməli olur. Maşınını axtarırlar.
Heç nə tapılmır. Prokurorluğa zəng edib, bu barədə məlumat verirlər. Çox
çək-çevirdən sonra onu buraxırlar.Iş bununla bitmir. Səhəri gün Ağa Ağayev
Daxili Işlər Nazirliyinə, həm də prokurorluğa çağırılır. Burada da yenə
sorğu-sual başlayır: “Şamaxıya nə üçün getmişdiniz? Sailovu nə vaxtdan tanıyırsınız?
Əlaqələriniz necədir?

Öyrəndim ki, Ağa Ağayevi tam nəzarətə
götürüblər. Onu hər yerdə, hər addımda izləyirlər. Bu onu təngə gətirmişdi.
Bilmirdi neyləsin. Uzun müddət belə davam edə bilməzdi.

Onu mənən, ruhən çox incidirlər. Günlərin
birində işdən çıxardırlar. Bununla da ürəkləri soyumadı. Heç nəyin üstündə onu
həbs etdilər. Bundan sonra başına müsibətlər gəldi.

Prokurorluq onun haqqında saxta istintaq
materiallarını sübuta yetirmək üçün məhkəməyə geniş miqyasda təzyiq eləyirdi.
Tapşırıq belə idi. Axırda düzüb-qoşurlar və onu 15 il azadlıqdan məhrum
etdilər.

15
illik həbsdən sonra DİN- ə vəzifəsinə qayıdır

Zavallı Ağa Ağayev cəzasını Sibirdə – tayqa
meşələrində, ağır işlər görə-görə, min bir əzaba dözə-dözə çəkməli oldu.
Ömrünün ən gözəl illəri məhbəsdə keçdi. Bu illərdə ailəsi çox mərhumiyyətlərə
düçar oldu. Həyat yoldaşı bu çətinliklərə, başına gələn müsibətlərə dözə
bilmədi, dünyasını dəyişdi.Ağa Ağayev gözəl ailə başçısı idi. O, dörd övlad
böyütmüşdü.

Deyirlər hər qaranlıq gecənin bir gündüzü var. Hər
günü ölümə bərabər olan bu 15 il arxada qaldı. O, nəhayət ki, azadlığa çıxdı.
Çox müraciətlərdən, yazışmalardan sonra məhkəmənin saxta hökmü ləğv edildi.
Hüquqları bərpa olundu, polkovnik rütbəsi qaytarıldı. Məşhur türk şairinin bir
fikri yada düşür: “Zülmün topu, topxanası varsa, haqqın da bükülməz qolları
vardır”.

Bütün bu müsibətlərə baxmayaraq, təcrübəli
əməliyyat işçisi kimi, onu yenidən Daxili Işlər Nazirliyində işə qaytardılar.
Yenə də əvvəlki hörmət-izzət… O, gecə-gündüz bilmədən dövlətə, dövlətçiliyə
sədaqətlə çalışırdı.

Zaman axır gedir, yaş üstə yaş gəlir. Aradan
xeyli müddət keçdi. Onu təqaüdə göndərdilər.

Xoş məramlı atılmış adicə bir addım – gəlib
dostuna baş çəkməsi onun bütün karyerasını məhv etdi. Işıqlı dünyasını zülmə
döndərdi.

“Qara
vəzir” sübut tapa bilmir


ya Lətif Səlimovun acınacaqlı taleyi…

O ki, qaldı Sabirabad Rayonunun İcraiyyə
Komitəsinin sədri Lətif Səlimovun taleyinə, “qara vəzir”in (S.Sailov “qara
vəzir” dedikdə AKP MK təşkilat şöbəsinin müdiri İsmayıl Əsgərovu nəzərdə tutur.
O, Heydər Əliyevin vuran əli idi. Ona görə də o vaxt onu “qara vəzir”
adlandırırdılar.) əlində tutarlı sübut olmasa da, onu da işdən
kənarlaşdırdılar. Ürəkləri bununla da soyumadı. Barəsində iş qaldırdılar.
Həbsxana küncünə atdılar. Lakin çox çək-çevirə salmadılar. Yarım ildən sonra iş
sübuta yetirilmədiyinə görə türmədən yaxa qurtara bildi.

Belə faktlar, hadisələr bir deyil, beş deyil.
İlk istintaqda, həm də məhkəmədə dəfələrlə demişəm ki, mənə görə nə qədər adam
haqsız tutulub, cəza alıb, işgəncələr görüb, hüquqları tapdanıb, müstəntiqlər
qarşısında alçaldılıb, mənəviyyatları ayaqlar altına atılıb.

(Ardı var)

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031