Aydın Əliyevin fəxri adlar ayıbı

16.02.2014 - 01:36

Gömrük Komitəsində general rütbəsi dəbə düşüb

Gömrükçülər general rütbəsiynən, orden-medalla
təltifləşməyi bir tərəfə qoyub keçiblər fəxri ad  alverinə

Gömrük Komitəsində general rütbəsi dəbə düşüb

Gömrükçülər general rütbəsiynən, orden-medalla
təltifləşməyi bir tərəfə qoyub keçiblər fəxri ad  alverinə

 

Bir ara
ölkə ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal edilməsi qarşılığında
bircə kvadrat santimetr belə torpaq qaytara bilməyən “sərkərdələrimizə”
ucdantutma general rütbəsinin ənam edilməsindən vaxt-bivaxt yazıldı. Özü də
bolluca yazıldı, söyləndi. Amma dəyirman öz işindədir. Dərzilərin general
mundiri tikməkdən barmaqları qabar olub. Tək Müdafiə Nazirliyi sistemindəmi?
Daxili İşlər Nazirliyi də o gündədir. Ancaq yenə də bu qurumlar hərdən ölkədə
bir yaralı barmağa yarıyırlar. Ən bədnamı Gömrük Komitəsidir. Burada hər il və
hər yanvar ayının sonunda “göydən” bir orden-medal, fəxri ad və ali xüsusi
rütbə yağışı yağır ki, lap leysan kimi; tut ucundan, çıx göyə. Deyəsən, elə
Komitədə ən aşağı rütbə polkovnikdir. Ondan aşağısına “çmo” kimi baxırlar.
Generala gəldikdə isə, saysan, bəlkə də ortabab bir Afrika ölkəsinin
ordusundakı əsgərlərin sayı qədərdirlər.

Azərbaycan
bütün həqiqətlərin, süd dolu nimçəyə düşmüş milçək necə görünürsə, o cür aydın
görüntüləndiyi bir məmləkətdir. Bu sarıdan demokratiyamız xirtdəyə qədərdir və
bu demokratiyanın həmin həqiqət tablosuna “qulaqlarından tutub” mismarladığı
vazkeçilməz reallıq ondan ibarətdir ki, Azərbaycan gömrüyü burada tüğyan edən
korrupsiyanın səviyyəsinə görə, xalq statistikasının təsnifatındakı məğrur
birinciliyini qorumaqdadır. Ən müdhiş rüşvətxorluq, iqtisadiyyatı metastaza
vermiş sarkoma kimi çənginə alıb məhv edən inhisarçılıq, sahibkarların “anasını
ağladan” feodal töycü sistemi, səfərə çıxdığı xarici ölkədən evinə iki-üç
hədiyyə ilə dönən sıravi vətəndaşın qarşılaşdığı həyasızlıq və s. və i.a. … Azərbaycan
gömrüyünün son iki onillikdə qazandığı ən doğma, ən spesifik, ən xarakterik
cizgilərin dəmətidir.

İynə-sapdan
pal-paltara, ərzaqdan tikinti materiallarına, ev müxəlləfatından avtomobilə,
bir sözlə, dükan-bazarda pulnan alına biləsi nə varsa, hamısına dözülməz haqq
qoyan, “yola gəlməyənləri” ağıllandırmağın dürlü-dürlü yollarını icad etmiş
gömrük məmurları həmin orden-medalları sinələrində hansı mənəvi haqla
daşıyacaqlar? Sinələri od tutub yanmayacaqmı?

Hətta
dərəcələri belə olan “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı bu adamlara nəyə görə verilir? Ən böyük sahibkarın ən
böyük məmur, ən kiçik sahibkarınsa ən kiçik məmur olduğu bir məmləkətdə alın
təriylə çörək qazanmaq istəyənləri qullar sinfinə çevirmək üçünmü?!

Gömrük
məmurlarını yağ içində böyrək kimi bəsləyənlərin yaddaşı bu qədərmi qısadır?! Unudublarmı
tarix boyu üsyanları, inqilabları hakimiyyətin ac-yalavac buraxdığı kütlə
tərəfindən törədildiyini? Gömrüyün çıxardığı pəstahalar barədə ən azı
“Müstəqilliyimiz əbədidir” kitabının cildlərinin sayı qədər yazmaq mümkündür.

Artıq
general rütbəsiynən, orden-medalla təltifləşməyi bir tərəfə qoyub keçiblər
“Əməkdar jurnalist” adı ilə alverə. Bu qurumun mətbuat xidmətinin başçısını da
salıblar fəxri ad alanların siyahısına. Ən azı ayıbdır! Vallahi-billahi,
ayıbdır! Abır, həya, şərəf, vicdan, ədalət, nəhayət, peşəkarlıq adına ayıbdır,
general Aydın Əliyev! Məgər indiyədək ölkə mətbuatında haqqında bircə cümlə
belə müsbət yazı getməmiş, qazandıqları yalnız sahibkarların qarğışı və
qan-irinə bulanmış pul olan bir qurumun iki-üç cızma-qarasını höccələyib
quraşdırana, media camiəsində bircə yazısı ilə belə tanınmayan, bilinməyən,
sayılmayan birisinə “Əməkdar jurnalist” adı düşürmü?

Başdan
ayağa korrupsiyaya bulaşmış bir qurumda belə bir məsuliiyətsizlik normal hal
sayılsa da, ölkə mediası adına, peşəkar jurnalistlər, bu şərəfli adı
yaradıcılığı və peşəkar fəaliyyəti ilə haqq etmiş adamlar adına utancdır. Çirkli
və korrupsiyaya bulaşmış əllərinizi dünyanın ən böyük dəyəri, mədəni-mənəvi
varidatı sayılan sözdən çəkin! Zira, onun “rastomoşkası” sizlərin əlində deyil.

Bu arada
bir məqamı da qeyd edək ki, nazirlik və komitələrin mətbuat xidməti
rəhbərlərindən yalnız Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Sadiq Gözəlov “Əməkdar jurnalist” adına layiq görülüb ki, bu da ona ana südü
kimi halaldır. Bu adam peşəkar və qələmli jurnalistdir. Ancaq Gömrük
Komitəsinin mətbuat şefinin bəhsəbəsdə bu ada yerikləməsini, sadəcə,
harınlıqdan irəli gələn bir izzəti-nəfs göstərisi saymaq olar. Bu adam
olsa-olsa gömrüyün əməkdar jurnalisti ola bilər (azpolitika.info). 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4299

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031