İsa Qəmbərin “yorğun at”la gedişi…

16.02.2014 - 02:08

Müsavat
ciddi çalxalanma ərəfəsində-partiya qurultaya gedir

Müsavatda
qurultayqabağı problemlər:  Yeni nəfəs, yeni ruh
gətirəcək namizəd olacağına inam yoxdur. Partiyada qopmalar da istisna deyil

 

Meydan dalğalandı, “Ar
olsun!”la titrədi, “İstefa” ilə coşdu, “Rədd olsun Vəzirov”la riqqətə gəldi.
Ehtiraslar sel tək böyüyürdü. Səs-səsə, dil-dilə qarışmışdı. Ağız
deyəni qulaq eşitmir, qulaq eşidəni, beyin qəbul eləmirdi. Sanki intəhasız
səmada uçuşan durnaların təlaşlı qanad çırpınışlarından doğan titrəyiş,
dalğa-dalğa yaşıl zəmilərin üzərinə düşən ay işığının kölgəsini laxladırdı. İsa
Qəmbər də şüarlardan yorulmuşdu, üzü tərləmişdi. (Ə.Əkbər “93-lər”in qürubu) 

Və İsa Qəmbər yorulmadı,
usanmadı, irəlilədi, bəzən yırğalana-yırğalana, bəzən ağır addımlarla, bəzən
iradəli, böyük ümidlərlə və geriyə baxanda dəhşətli bir eyforiya yaradan 22 il
var. Nə az, nə çox 22 ildir İsa Qəmbər Müsavata başqanlıq edir. Bu müddətdə üç
prezident ölkəyə rəhbərlik edib. Bu müddətdə İ.Qəmbər prezidentliyə çox yaxın
olub, bir addımlığında. Gəl ki, tale elə gətirib, dövlət başçısı olmaq ona
nəsib olmayıb. Bəlkə də bu gün onun kompleksi və yaratdığı ambisiyanın
nəticələridir ki, müxalifət liderlik məsələsini həll edə bilmir. İki liderdən
biri kimi qəbul etdiyi İ.Qəmbərə isə başqanlıqdan həm get, həm də getmə deyir.
Niyə? Çünki gedərkən yerini dolduracaq bir ağır daş yoxdur. Getməsə də
insanların gözü yorulub, onun çıxışlarına inamı azalıb, yenilik axtarır. Fəqət
yenilik xətrinə bir tarixi olan partiyanın liderini dəyişmək günah deyilmi?
Başqan dəyişmək paltar dəyişmək qədər asan iş olsaydı, Müsavat rəhbərliyi buna
çoxdan getmişdi. Demək ki, İ.Qəmbərin öz daxilində bir alt fikir yatır –
partiyanın hansı əllərə etibar edib, gedim? Ən azı bu sualı verərkən özlüyündə
günah da axtarmaq gərəkdir. Bu dövrdə bir layiqli namizəd yetişdirə bilmədi. 

İsa bəy siyasi tarix üçün
gördüyü işlərlə bir müstəsna rol yarada bilib. Onun əvəzedilməzliyi də etiraf
olunub. İnsanlar isə əvəz oluna bilər, təkrar yox. Müsavatda yaranmış dilemma
da məhz əvəzlənməklə əlaqədardır. Partiya əvəzedici bir fiqur yetişdirə
bilməyib.  Arif Hacılı, Tofiq Yaqublu,
Rauf Arifoğlu, Vurğun Əyyub və onlarla belə tanınmış ad çəkmək olar. Amma
onların ağırlığı, reputasiyası, ayrı-ayrı illərdə çıxışları, bioqrafiyası
İ.Qəmbərlə bir tərəziyə qoyula bilməz.

Hardasa yanlışlıq, nədəsə
kobud səhvlər, kiminsə tərəfindən qəbul edilməmək, hikkə, ambisiya, qovğa,
dava-dalaş, qarşılıqlı dartışmalar, ağır söyüşlərlə yadda qalmaq, hər yeni
mərhələdə bir don geyinib yeni xanədən başlamaq nonsensdir. İ.Qəmbər bunları
etməyib. Hətta ölkənin ən gərgin, ağır və həlledici günlərində belə təmkinli
olub. Sonuncu Müsavat – AXCP qırışmasında da onun hövsələli davranışını
təkrar-təkrar izlədik. Deyilə bilər ki, ətrafı onun yerinə dalaşırdı və buna
ehtiyac qalmırdı. Razıyam. Amma İ.Qəmbər öz reputasiyasını korlamadı, adına
xələl gətirmədi və yenə də başqan, ziyalı, ağsaqqal kimi qəbul olunur. Deyə
bilərik ki, başqan prezident ola bilmədi, elə başqan olaraq qaldı. Amma xalq
onu 2003-də prezident kimi gördü, səsini verdi, əl uzatdı, şans qazandırdı.

“Başqanlığa
namizədlərin heç birinə səs verməyəcəyəm”. Bu fikri Müsavat Divan üzvü Tural
Abbaslı deyib. O bildirir ki, başqanlıq üçün öz namizədliyini irəli sürəcək:
“Başqanlığa namizəd verənlərdən heç kimi dəstəkləmək haqqında düşünmürəm.
Hazırda bizim qərarımız budur ki, mən də öz namizədliyimi irəli sürüm.
Ətrafımda olan Müsavat üzvü olan gənclər də mənim başqanlığa namizədliyimi
dəstəkləyirlər. İndiki qərarımız budur. Lakin qurultaya qədər ola bilər ki,
alternativ qərarlar qəbul edə bilərik”. “İsa
Qəmbər Müsavatın başqanı da olacaqsa, partiyanın sıravi üzvü də olacaqsa, istər
Müsavatın siyasətinə, istərsə də Azərbaycan siyasətinə kifayət qədər təsir
imkanları olacaq”. Bunu isə Partiyanın
Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

“Qurultay
istənilən qərarı verə bilər, amma İsa bəyin öz fikri belədir ki, hətta qurultay
nizamnamədəki maddəni dəyişsə belə o, öz namizədliyini irəli sürmək fikrində
deyil”. Bu açıqlamanı da Müsavat
başqanının müavini Mehman Cavadoğlu verib. Təxminən, partiyadakı qrupların
mövqeləri aydındır. Fikirlər toqquşur, haçalanır və gərginliyin qurultay
ərəfəsində ən pik həddə çatacağı şəkk-şübhəsizdir. İ.Qəmbərin kreslosuna göz
dikənlərin də olduğu bilinir, bunu pafoslu şəkildə Rəsulzadə yolu adlandırıb
iddialarını ortaya qoyanların da kimliyi məlumdur.  Bu dəyişiklik gərək nizamnamə, qurultay
xətrinə keçirilməsin. Azərbaycan siyasətində çevik, iddialı gənclər var.
Onların yolu açılmalı idi. Müsavatda başqanlığa layiq kifayət qədər namizəd
olduğunu düşünmürəm. Yeni nəfəs, yeni ruh gətirəcək namizəd olacağına inam
yoxdur. Partiyada qopmalar da istisna deyil. İsa Qəmbər ağırlığında, onunla
eyni çəkidə Müsavatda bir siyasətçi varsa təqdim olunsun. Simvolik olaraq
nizamnaməyə görə yeni başqan seçiləcək. Ancaq başqanlıq əldə ələ yox, başdan
başa keçməlidir. İsa Qəmbərə bərabər liderlik keyfiyyətləri və intellektual
səviyyəsi yüksək şəxs olsaydı bilmərrə qəbul edilərdi.

Müsavatda
ayrı-ayrı funksionerlər var və onlar təcrübəli siyasətçilərdir.  Amma Müsavatda hər iki cəhəti özündə cəmləyən
lider yoxdur. Aparıcı müxalifət partiyası, illərin sınağından keçmiş bir
təşkilat liderini itirir. Məlumat üçün deyək ki, Müsavatın Təşkilat Komitəsinin
son iclasında qurultayın keçirilməsi müzakirə olunub və qəti qərara alınıb ki,
maya qədər qurultay, nəhayət, baş tutsun. Bu isə o deməkdir ki, İ.Qəmbər mütləq
Müsavat sədrliyindən gedəcək. 1992-ci ildən Müsavatın lideri olan İ.Qəmbər 22
ildir partiyaya başqanlıq edir. 

Elçin Əmirov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4302

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031