Ziya Məmmədov büdcədən 1,3 milyard manat qopartdı
16.02.2014 - 11:03

Ziya Məmmədov büdcədən 1,3 milyard manat qopartdı
Dövlət investisiyalarının yarısı – 2,4 milyard manatı 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqlara yönəldildi; səhiyyə, təhsil və sosial müdafiə sərmayələri isə kəskin azaldıldı, idman, nəqliyyat və paytaxtın abadlıq xərcləri isə xeyli artırıldı
Nazirlər Kabineti 2014-cü ilin investisiya xərclərinin bölüşdürülməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin 2013-ci il 30 dekabr tarixli 398 saylı sərəncamı ilə 2014-cü il dövlət büdcəsində 5 milyard 260 milyon manatlıq əsaslı vəsait qoyuluşunun sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü açıqlanıb.
Parlament tərəfindən təqdim olunan dövlət büdcəsində əsaslı vəsait qoyuluşunun həcmi 6 milyard 260 milyon manat göstərilir. Belə aydın olur ki, Nazirlər Kabinetinin sərəncamında 1 milyard manatın bölgüsü aparılmayıb. Böyük ehtimalla həmin pul ehtiyat vəsait kimi göstərilir. 1 milyard vəsaitin ehtiyata saxlanılması 2 amillə bağlı ola bilər: birinci, büdcə gəlirlərinin yığılmasında ciddi problemlər var. İkinci, ehtiyata saxlanılan 1 milyard manat 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı ola bilər. Olimpiya oyunlarının xərcləri bir neçə milyard manat həcmində dəyərləndirilir. Təbii ki, burada əsas yük dövlət büdcəsinin üzərinə düşür.
Olimpiya xərclərinin qarşılanması səbəbindən dövlət büdcəsinin sərmayələrinin bölgüsündə də ciddi dəyişiklik olub. Olimpiya infrastrukturlarının tikintisinə nəzarət edəcək Gənclər və İdman Nazirliyinə ayrılan xərclər 3 dəfəyə yaxın artıb. Ötən il büdcədən 336 milyon pay alan nazirliyə bu il 922 milyon manat ayrılacaq. Eyni zamanda infrastruktura aidiyyatı olan Nəqliyyat Nazirliyinin (yolların abadlaşdırılması) payı da 25 faiz artıb. Nazirliyə ayrılan sərmayənin həcmi 1 milyard 22 milyon manatdan 1 milyard 238 milyon manata çatıb. Bununla da Nəqliyyat Nazirliyinin payı rekord həddədir. Beləliklə, 5,26 milyard manatlıq investisiya piroqunun 24 faizi nəqliyyat sektorunun payına düşür. Olimpiya xərclərini qarşılamaq üçün Bakı şəhər İcra Hakimiyyətinin (şəhərin təmizliyi) payı da artırılıb. Paytaxtda abadlıq işlərinin görülməsi, şəhərin kosmetik təmiri üçün Bakı meriyasına 276 milyon manat ayrılıb. 2013-cü ildə bu rəqəm 114 milyon manat idi (2,4 dəfə çox).

Başqa dövlət qurumların investisiyanın məbləği isə azaldılıb: Mədəniyyət və Turizm Nazirliyinə 140,3 milyon manat ( 2013-cü ildə 146,5 milyon manat, azalma 5 faiz), Səhiyyə Nazirliyinə 98,3 milyon manat (2013-cü ildə 200 milyon manat, azalma 49 faiz), Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 34,5 milyon (2013-cü ildə 70,6 milyon manat, azalma 52 faiz), Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 9,5 milyon manat (2013-cü ildə 16 milyon manat, azalma 41 faiz) ayrılıb.

Əvvəlki illərdə büdcədən böyük pay alan təşkilatların – “Meliorasiya və Su Təsərrüfatı” və “Azərsu” ASC-nin sərmayələri də kəskin azalıb. Ötən il “Meliorasiya və Su Təsərrüfatı” ASC büdcədən 296 milyon manat pay almışdısa, bu il 210 milyon manatla kifayətlənməli olacaq (azalma 30 faiz). “Azərsu” ötən il büdcədən 734 milyon manat aldığı halda bu il cəmi 394 milyon manat alacaq (azalma 46 faiz). Olimpiya xərcləri Bakı Metropoliteninə də yatırılan sərmayələrin azalmasına gətirib çıxarıb. Ötən il metropolitenə 339 milyon investisiya yatırıldığı halda, bu il metro tikintisinə 224 milyon manat xərclənəcək. Yeni metro stansiyaları olimpiya hazırlıqları sırasına daxil edilmədiyi üçün buraya investisiyalar azalıb.
Nazirlər Kabinetinin 2014-cü ilin investisiya bölgüsü barədə qərarın tam mətnini hələ əldə edə bilmədiyimizdən ətraflı təhlil aparmaq bir qədər çətindir. Ancaq ilkin rəqəmlərə əsaslanıb belə qənaətə gəlmək olar ki, investisiya bölgüsü yenə də sahələrin real ehtiyaclarına yox, siyasi konyukturaya əsasən bölüşdürülüb. Sosial müdafiə, təhsil, ekologiya və səhiyyə investisiyalarının kəskin azalması və nəqliyyat, idman, abadlıq investisiyalarının kəskin artımı məhz siyasi konyukturaya ilə bağlıdır. Təhsil, sosial müdafiə və səhiyyənin indiki acınacaqlı durumunda bu sahələr üzrə investisiyaların azaldılması heç bir tənqidə dözmür.
2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıq xərcləri investisiya xərclərinin az qala yarısını təşkil edir – 2,4 milyard manatlıq dövlət sərmayəsi birbaşa və ya dolayısı ilə olimpiya hazırlıqlarına xərclənəcək. Olimpiya oyunlarının 2015-ci ilin iyununda keçiriləcəyini nəzərə alsaq, bu son rəqəm deyil. Böyük ehtimalla 2015-ci ilin büdcəsində də bu istiqamət üzrə xərclərin olacağı, eyni zamanda Prezidentin Ehtiyat Fondu və Dövlət neft Fondundan da olimpiya hazırlıqlarına vəsaitlərin ayrılması gözlənilir. Olimpiya hazırlıqlarının bir neçə milyarda başa gəlməsi ilə bağlı versiyalar təsdiqlənməkdədir.
Yada salaq 2012-ci ildə Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin 1 milyard manata başa gəlmişdi. Olimpiya oyunlarına ev sahiblik isə daha bahalı layihədir. Olimpiya oyunları “Eurovision”-dan fərqli olaraq bir neçə arenada keçiriləcək və üstəlik də daha çox qonaq gələcək. Ona görə olimpiya xərcləri mahnı müsabiqəsinin xərclərindən bir neçə dəfə çoxdur. Ona görə də 2014-cü ilin dövlət investisiyalarının yarısı təxminən yarısı bu istiqamət üzrə xərclənəcək.
İqtisadiyyat şöbəsi
Short URL: http://www.cumhuriyyet.net/?p=4304