Ziya Məmmədovun adı bina qalmaqalında

16.02.2014 - 11:19

Ziya Məmmədovun adı bina qalmaqalında

Yasamal sakinləri iddia edir ki, nəqliyyat nazirinin qohumu onların həyətini zəbt edib 

 

Yeni Yasamal-2 qəsəbəsindəki 1 saylı binanın sakinləri sözügedən ərazidə tikinti işlərinə etiraz edərək, hasarı söküblər. Vətəndaşlar deyir ki, ərazidə beş mərtəbəli binanın inşası nəzərdə tutulur. Tikinti zamanı ərazidəki ağaclar “soyqırıma” məruz qalıb. 

“Dedilər ki, gəlib məsələni həll edəcəyik, əvəzlərinə buldozer gəlir…”

Binanın bloku ilə yeni inşa edilən tikilinin arasında cəmi 6 metr məsafə var. Sakinlərin sözlərinə görə, hasara alınan yerə görə hərəkət etmək mümkün deyil, bina tikildikdən sonra isə vəziyyət daha da dözülməz olacaq. Məlumatlara görə, tikinti işlərini Nəqliyyat naziri Ziya Məmmədova yaxın olan bir şəxs həyata keçirir.

“Ziya Məmmədovun qohumu tikir. Bizə deyirlər ki, səsinizi çıxartmayın, onsuz da Ziya Məmmədova bata bilməyəcəksiz. Azad Azərbaycanda yaşamırıq? Belə şey olar? Kim nə istəyir edə bilər? Kimin pulu varsa, o getməlidir qabağa, camaat ölməlidir? Insanların gediş-gəlişinin qarşısını alırlar. Kommunal xətlər buradan keçir, birdən qəza olsa, nə edəcəyik? Buna bir əlac tapılmalıdır”, – deyə etiraz edən vətəndaşlar bildirib.

Sakinlərdən Yeganə Əhmədova 13 ildir ki, həmin binada yaşayır. Onun sözlərinə görə, bina sakinləri ərazini yaşıllaşdırmaq istəsələr də, buna icazə verilməyib: “Burada ağaclar var idi. Hamısını kəsdilər. Ancaq biz burada öz gücümüzə park salmaq, ağac əkmək istəyirdik ki, yaşıllıq olsun. Yayda daha başqa yerə getməyək, burada istirahət edək, uşaqlar burada oynasınlar”.

Sakinlər Yasamal Rayon Icra Hakimiyyətindən “yox” cavabı aldıqdan bir müddət sonra ərazinin hasara alındığını görüblər. Fevralın 13-də sakinlər icra hakimiyyətinə üz tutublar. Burada onları icra hakimiyyəti başçısının müavini Səməd Islamov qəbul edərək, tikintidən xəbərsiz olduqlarını, onlar tərəfindən belə bir qərar verilmədiyini deyib. 

Başçının müavini bildirib ki, səhər əraziyə baxış keçiriləcək və problem həllini tapacaq. Ancaq səhər, yəni, fevralın 14-də əraziyə icra hakimiyyətinin nümayəndələri deyil, kran, buldozer – qazıntı texnikaları gəlib və bünövrə qazıntısı işləri başlanıb.

“Burada tikintiyə imkan verməyəcəyik!”

Hiddətlənən sakinlərin etirazlarından sonra iş dayandırılıb və çəkilmiş hasar uçurulub.

Dünən isə əraziyə tikintini aparacaq işçilərlə yanaşı, polis əməkdaşları da gəlib. Daha sonra polisin mühafizəsi altında qazıntı işləri davam etdirilib. Bu isə bina sakinlərinin qəzəbinə səbəb olub. Vəziyyətin gərginliyini görən tikinti şirkətinin əməkdaşları işi dayandırmalı olub. Vətəndaşlar öz haqları uğrunda sona qədər mübarizə aparacaqlarını, aidiyyəti qurumlar onlara kömək etməsələr, yolu bağlayacaqlarını bildirirlər.

Binanın Səadət adlı sakini deyir ki, burada ağac aşanda yaşıllaşma idarəsinə zəng edib. Bu zəngə iki həftə sonra reaksiya verilib: “Iki həftədən sonra gəlib ağacı götürdülər. Burada daha bir ağacın quruduğunu, onu kəsmələrini xahiş etdik. Bildirdilər ki, ağac tam qurumadığı üçün onu kəsməyə icazələri yoxdur. Indi hansı icazəylə buradakı ağacları kəsirlər?”

Başqa bir etirazçı Təbriz Hüseynbəyli bildirir ki, yaşayış binasının yanında nəsə inşa olunursa, ən azı, 30 metr məsafə saxlanmalıdır: “Nə 30 metrlik məsafə var, nə də piyada keçidi üçün yer saxlanılıb. Qanun yol vermir ki, belə bir yerdə hansısa obyekt inşa edilsin. Biz burada başqa tikinti aparılmasına imkan verməyəcəyik”.

Tikinti sənədinə icra başçısı imza atıb

“Bir mərtəbəli ev tikiləndə hasarla arasındakı məsafə 2 metr 40 santimetr, iki mərtəbəli üçünsə 5 metr olmalıdır. Bu da ondan ötrüdür ki, qəza olanda biri digərinə problem yaratmasın. Əgər buna riayət olunmursa, qanunlar kim üçün yazılıb? Burada beş mərtəbəli bina inşa olunsa, 9 mərtəbəli binada kiminsə evinə yanğınsöndürən maşın necə keçəcək? Belə çıxır ki, bina tam yanacaq. Buna son qoyulmalıdır. Yayda istirahət etməyə, hava almağa parkımız yoxdur”, – deyə sakinlər bildirirlər.

Vətəndaşlar onu da qeyd etdilər ki, tikinti işlərinə Ələddin Nəsirov adlı şəxs rəhbərlik edir: “Biz o adamı tanımırıq. Sənəddə onun adına rast gəlmişik. Yasamal rayon icra hakimiyyəti deyir ki, bizim bu tikintidən xəbərimiz yoxdur. Ancaq sərəncamı icra başçısı Ibrahim Mehdiyev imzalayıb. Necə olur ki, bir daşı daş üstünə qoyanda hamının xəbəri olur, ancaq bu boyda iş görürlər, heç kim məlumatlandırılmır? Bunlar hamısı yalandır”.

azadlıq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930