Müxalifəti sabiq nazirin məhkəməsinə aparan səbəb

16.02.2014 - 12:19

Müxalifəti sabiq nazirin məhkəməsinə aparan səbəb

Cəmil Həsənli: “Mən hələ o vaxt da mətbuatda çıxış etmişdim ki, ölkənin səhiyyə naziri dövlət çevrilişi edə bilməz”; Eldar Namazov: “Uzun illər vəzifədə olduğumuz dövrdə də bir-birimizlə ünsiyyətimiz olub”

Fəzail Ağamalı:”Bu, Əli İnsanovu ovlamaq məqsədi daşıyan bir gediş olub”



Fevralın 14-də Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə keçirilən prosesdə Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın sədri Cəmil Həsənli, EL hərəkatının rəhbəri Eldar Namazov, tanınmış vəkil Aslan İsmayılov da iştirak edib. 



Eks-nazirin məhkəmə prosesində indiyədək yalnız C.Həsənli iştirak etdiyi halda, sonuncu məhkəmə iclasında çevrə daha da genişlənib. İndiyə qədər Ə.İnsanovun müxalifətə ünvanlı bir sıra mesajları, üzrxahlığı, həmçinin hakimiyyətə ünvanlı sərt tənqidi çıxışları olsa da, demokratik düşərgə yalnız son günlər sabiq nazirin məhkəmə iclaslarına maraq göstərməyə, daha doğrusu, şəxsən iştirak etməyə başlayıb. Ə.İnsanovun məhkəmə prosesinə qatılan siyasi liderlərin bəziləri ilə əlaqə saxlayıb onların prosesə qatılmasını zəruri edən səbəbləri öyrənmək istədik. Maraqlıdır, eks-nazirin olduqca sərt mövqedən çıxış etməsi, hətta çətin situasiyada, şüşə kamerada saxlandığı, səsi alındığı halda belə kəskin mövqe sərgiləməsi müxalifətdə maraq doğurub, yoxsa ortada ayrı səbəblər var?

EL hərəkatının rəhbəri Eldar Namazov bildirdi ki, onun məhkəmə prosesində iştirakını zəruri edən səbəblər çoxdur: “Təbii ki, ilk növbədə biz Azərbaycanda bütün siyasi məhbusların müdafiəsinə dəstək verməliyik. Bu mənada mən başqa məhkəmələrə də baş çəkmişəm. Həmin gün Əli müəllimin məhkəməsindən sonra Qurban Məmmədovun da məhkəməsinə getdik, Qurban bəylə salamlaşdıq, ona dəstəyimizi bildirdik. Digər tərəfdən mən Əli müəllimi uzun illərdir tanıyıram. Bizim həm bir yerdə Milli Məclisdə birgə fəaliyyətimiz olub, həm vəzifədə olduğumuz dövrdə də bir-birimizlə ünsiyyətimiz olub. Bunları nəzərə alaraq onun məhkəməsində iştirak edib ona dəstək verməyi özümə borc bildim”.



E.Namazov məhkəmə prosesinə qatılmasında regional amilin rolunun olması barədə yanaşmaları təkzib etdi: “Əgər siz siyahıya baxsanız, mənim hansı siyasi məhkumun məhkəmələrinə gedib iştirak etdiyimi görərsiniz. Biz hamıya mənəvi dəstəyimizi veririk. Burda hansısa bir region söhbəti ola bilməz”. E.Namazov Qərbi Azərbaycan kökənli tanınmışların Ə.İnsanovun məhkəmə prosesindən kənarda dayanmasını, onun müdafiəsinə yer almasının maraqlı izahını verdi: “Mən artıq bir neçə dəfə belə yanaşmaların şahidi olmuşam və müxtəlif qəzetlərdə eyhamları oxumuşam. Sizə bir məsələni deməliyəm ki, aydınlıq yaransın. Artıq hamı bunu görür ki, Əli müəllim çox iradəli və güclü bir insandır. O yaşda ağsaqqal adam, tanınmış akademik neçə ildir zindanda ola-ola öz mövqeyindən geri çəkilmir. Keçən seçkilərdə də, Milli Şura yarananda da bu qurumu açıq dəstəklədi, Rüstəm İbrahimbəyov və Cəmil Həsənli namizəd olanda da dəstəyini verdi. Yəni bu insan nə qədər güclü iradəyə malikdir, bu, hamıya bəllidir. Ancaq güclü insanların bir xüsusiyyətləri də var: onlar daha çox başqa adamlar haqqında düşünürlər, onları zərtbə altında qoymamağa çalışırlar, onların qayğısına qalırlar. Bu mənada indiyədək digər siyasi məhbuslardan fərqli olaraq Əli İnsanovun ictimai müdafiəsinin yaradılmamasının bir səbəbi var idi. O, özü bir neçə dəfə mesaj vermişdi ki, çoxlu sayda ona yaxın insanların bu işə cəlb olunmasını istəmir. O cümlədən məhkəmələrlə də bağlı Əli müəllim demişdi ki, mən öz yaxınlarıma məhkəməyə gəlməyə icazə, razılıq vermirəm, ancaq burda naməlum adamlar mənə heç vəkilimlə görüşməyə də imkan vermirlər”.



Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli eks-naziri hələ illər öncə müdafiə etdiyini xatırlatdı. Bildirdi ki, Əli İnsanov və digər sabiq məmurları dövblət çevrilişi ittihamı ilə həbs etmişdilər: “Mən hələ o vaxt da mətbuatda çıxış etmişdim ki, ölkənin səhiyyə naziri dövlət çevrilişi edə bilməz. Ölkənin səhiyyə nazirinin dövlət çevrilişi ittihamı ilə həbsə alınması sırf siyasi mülahizələrdən irəli gəlir və bu, qurama ittihamdır. Sonra da məlum oldu ki, hüquq-mühafizə orqanları irəli sürülən ittihamı əsaslandıra bilmir və dövlət çevrilişi ittihamı onun üzərindən qaldırıldı. Yəni Əli İnsanovun qanunsuz tutulması ilə bağlı hələ mən 2006-2007-ci illərdə etiraz etmişəm. Sonrakı dövrdə də Əli İnsanovun hüquqları tapdalanmaqla müşayiət olunur. Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsi, onu müdafiə edənlər nə vaxt hansı sənədləri mənim yanıma gətiriblərsə, onları imzalamışam. Çünki mən Əli İnsanovun qanunsuz tutulduğunu bilirdim. Bu qanunsuz həbs də Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiq edildi. Yəni təsdiq edildi ki, Əli İnsanov qanunsuz tutulub. Bu məhkəmənin qərarına uyğun olaraq da Əli İnsanovun üzərindən məhkumluq qaldırıldı”. Eks-nazirin məhkəmə prosesi barədə müşahidəsini bölüşən C.Həsənli bildirdi ki, Apelyasiya Məhkəməsində son baş verənlər sadəcə olaraq hüquq adına həqarətdir: “Məhkumun pultla idarə edilməsi dünya hüquq ədəbiyyatına, dərsliklərinə bir nümunə kimi düşə bilər ki, Azərbaycanda məhkumun fikirləri, çıxışları, danışıqları pultla idarə olunur. Hətta faşist Almaniyasında hansısa iş məhkəmə çəkişməsinə çıxarılırdısa, məhkumun azad çəkişmə hüququ təmin edilirdi. Bax, bu çəkişmənin nəticəsi idi ki, faşist məhkəməsi vaxtilə Georgiy Dimitrovu həbsdən azad etməli olmuşdu. Məhkəmənin təməl prinsipi tərəflərin azad çəkişməsi üzərində qurulmalıdır. Əgər tərəflərdən birinin çıxışı, ifadələri, irəli sürdüyü mülahizələr pultla idarə olunursa, burda artıq məhkəmədən söhbət gedə bilməz. Hətta Stalimn diktaturası dövründə əgər məhkəmə prosesi keçirilirdisə, orda günahlandırılan şəxsin öz fikrini asad şəkildə ifadə etmək haqqı var idi. Yəni bu, Azərbaycan hüquq, məhkəmə sistemi üçün böyük rüsvayçılıqdır ki, çəkişmədə tərəflərdən biri olan şəxs, yaxud tərəf pultla idarə olunur”. C.Həsənli deyir ki, bu məsələyə biganə qalmaq olmazdı və odur ki, məhkəməyə getməyə qərar verib. MŞ sədri prosesdən kənarlaşdırılmasından da danışdı. Bildirdi ki, hakim Ə.İnsanovun şüşə kabinaya salınmasını əsaslandırmaq istəyib və deyib ki, bu kimi şüşə kabinalardan Avropada da istifadə olunur. “Mən də replika verdim ki, Avropaya böhtan atmayın, orda məhkəmə prosesini pultla idarə etmirlər. Bu da hakimin hiddətinə səbəb oldu” – deyə, C.Həsənli bildirdi.



Müxalifət təmsilçilərinin Ə.İnsanovun məhkəmə prosesində iştirakına hakim düşərgənin münasibətini öyrənmək istədik.



AVP sədri, deputat Fəzail Ağamalı bildirdi ki, buna normal yanaşır: “Bu, hər kəsin öz seçiminə bağlı məsələdir və məsələyə başqa cür yanaşmağa ehtiyac yoxdur. Əgər bunlar Azərbaycan vətəndaşı kimi məhkəmə prosesində iştirak edirlərsə, biz demokratik ölkəyik, məhkəmələr də açıq keçirilir, burada hər hansı məhdudiyyətdən və qeyri-adi yanaşmadan söhbət gedə bilməz. Ancaq məsələ ondadır ki, müxalifətin ora getməsi əslində Əli İnsanovun rəğbətini qazanmaq və onu gələcəkdə öz yanlarında görmək arzusundan doğub. Əgər belə demək mümkünsə, bu, Əli İnsanovu ovlamaq məqsədi daşıyan bir gediş olub. Bu, gələcəyə hesablanan, Əli İnsanovun rəğbətini qazanmağa hesablanan bir məqsəd olub”. Maraqlıdır, F.Ağamalı vaxtilə hakimiyyətin aparıcı fiqurlarından biri olan sabiq nazirin məhkəmə prosesinə qatılmaq istərdimi? AVP sədri dedi ki, onun həyatında belə bir praktika yoxdur: “Mən ömrümdə yalnız rəhmətlik Əbülfəz Elçibəyin məhkəməsində – 1975-ci ildə – iştirak etmişəm. Ondan sonra mən heç bir məhkəmədə iştirak etməmişəm, arzum, məqsədim də yoxdur. Şükürlər olsun ki, heç bir qohumumun məhkumluğu da olmayıb ki, onun məhkəmə prosesində iştirak edim. Əli İnsanovun məhkəmə prosesinə getməyə də elə bir marağım yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4315

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031