Deputatdan Kamran Əliyevə antikorrupsiya tezisləri
Deputatdan Kamran Əliyevə antikorrupsiya tezisləri
“Bu qurum Milli Məclis qarşısında da heabat verməlidir”
Parlamentin sonuncu iclasında prokurorluq haqqında qanunda dəyişiklik edildi və Korrupsiyaya qarşı mübarizə İdarəsi Korrupsiyaya qarşı mübarizə Baş İdarə statusu aldı. Müzakirələr zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili idarənin rəisi Kamran Əliyevə müraciət edərək bir sıra təkliflərlə çıxış etdi
Politika.Az həmin təkliflərin aktuallığını nəzərə alaraq onu oxucularına təqdim edir:
“Bu sənədin ikinci hissəsində qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyəti barədə baş prokuror vasitəsilə Azərbaycan Respublikasının prezidentinə və Azərbaycan Respublikasının Korrupsiya Qarşı Mübarizə Komissiyasına məlumat verir. Mən hesab edirəm ki, ya Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, ya da elə bu idarənin özü Milli Məclisə hesabat verməlidir. Ona görə ki, Milli Məclis bu məsələdən kənarda qalmamalıdır və bu sahədə mübarizənin necə təşkil olunması haqqında ali qanunverici orqana mütləq hesabat verilməlidir. Bu məsələnin də sənədə daxil olunmasını təklif edirəm.
Bundan başqa Azərbaycan Respublikasında yalnız bir baş idarənin yaradılması ilə hesab edirəm ki, korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Necə ki, regionlarda ixtisaslaşmış məhkəmələr yaradılıb,eləcə də bunu prokurorluq orqanlarına da tətbiq etmək olar. Hesab edirəm ki, prokurorluq haqqında qanunun 8-ci maddəsi də buna imkan verir. Bu sənədin ikinci hissəsində qeyd olunur ki, baş prokurorluq digər prokurorluq da yarada bilər. Bu sənəddə verilən təsnifatda “prokurorluğun sistemi və təşkili” bölümündə “hərbi ixtisaslaşmış prokurorluqlar” ifadəsindən “hərbi” sözü çıxarılsa, ixtisaslaşdırılmış prokurorluqlar ifadəsi bunu mümkün edər. Beləliklə də tutaq ki, Lənkəranda, Şəkidə bu baş idarənin müvafiq idarələri yaradılsa daha effektli mübarizə təşkil etmək olar. Mən bu təklifi də verirəm.
Bundan başqa mən bu idarənin rəhbəri Kamran Əliyevin də burda olmasından istifadə edərək qeyd etmək istəyirəm ki, son vaxtlar çoxlu sayda insanlar mənə müraciət edirlər ki, bizim bəzi özəl ali məktəblərdə 20 nəfərdən 17 nəfər kəsilir. Bunları da uzada-uzada aparıb dördüncü kursa qədəraparıb çıxarırlar, 4-cü kursda isə böyük məbləğdə, yəni 4 il ərzində təhsil aldıqları dövrdəkindən 4-5 dəfə artıq məbləğdə onlardan rüşvət alırlar, əks halda diplom vermirlər. Prpokurorluğun əməliyyat idarəsi var, hesab edirəm ki, Kamran müəllim mənim bu müraciətimə diqqətlə yanaşacaq və müvafiq əməliyyat tədbirləri təşkil olunacaq ki, necə ola bilər ki, bir qrupdan 17 nəfər kəsilsin. Ya korrupsiya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındadır, o adamlar “müvafiq qayda”da universitetlərə qəbul olunublar, ya da tədris məqsədyönlü şəklidə sıfır səviyyəsində təşkil olunur, uşaqlar başlı-başına buraxılır, axırda da onların valideynlərini bu cür problemlərlə üz-üzə qoyurlar.Hesab edirəm ki, bu barədə də prokurorluq orqanları müvafiq ölçü götürməlidrlər.”
Short URL: http://www.cumhuriyyet.net/?p=4324