“Sovetski” sakinləri yeni aksiya təyin edib dağılışdı
16.02.2014 - 16:00
“Sovetski” sakinləri yeni aksiya təyin edib dağılışdı
Aksiya iştirakçıları bildiriblər ki, sakinlərin maraqlarını müdafiə etmək üçün Təşkilat Komitəsi yaradacaqlar.
“Biz hakimiyyətə qarşı çıxmırıq. Bizim siyasi tələblərimiz yoxdur. Biz sadəcə evlərimizin düzgün və ədalətli qiymətləndirilməsini istəyirik. İstəyirik ki, məmurlar bizim problemlərimizi dinləsinlər və ədalətli şəkildə həll etsinlər” – deyə sakinlər bildiriblər.
Bununla da aksiya başa çatmış elan olunub. Təşkilatçılar məhəllə sakinlərindən dağılışmağı xahiş ediblər. Aksiyaçılar bundan sonra yavaş-yavaş dağılışmağa başlayıblar.
Müxbirimizin əldə etdiyi məlumata görə, “Sovetski” sakinləri fevralın 21- saat 14:00-a yeni aksiya təyin etmək şərtilə dağılışıblar. “Sovetski” sakinləri RİH-ə üç gün vaxt verərək aksiyanı başa çatdırıblar. Onlar deyiblər ki, əgər kompensasiya 1500 manatdan 3000 manata qaldırılmasa, yeni aksiya keçirəcəklər.
* * * 15:06
Müxbirimizin verdiyi ən son xəbərə görə, polis zabitləri məhəllə ağsaqqallarının bir neçəsi ilə danışıqlar apararaq onlardan sakinlərdən dağılışmağı xahiş etməyi tələb edib.
Ağsaqqallar da aksiya iştirakçılarına müraciət edərək sakinlərdən dağılışmağı xahiş ediblər. Amma buna əməl edən olmayıb.
Belə olunca polis hərəkətə keçib və aksiyanın dağıtmaq üçün mövqe tutub. Hazırda meydanda gərginlik var.
* * * 14:41
Müxbirimiz bildirir ki, Yasamal RİH başçısının müavini çıxışında vəd verib: “Bir həftə ərzində bütün problemləriniz həll olunacaq. Heç kim evindən narazı çıxmayacaq. Hər kəsin problemi həll olunacaq”.
Bundan sonra Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov aksiyaçılar qarşısında çıxış edib: “İcra başçısının müavini çıxış edib sizə nə lazımdırsa, hamısını dedi. İndi isə dağılışın evinizə. Xoşluqla dağılışmasanız, polis güc tətbiq etmək məcburiyyətində qalacaq”.
Bundan sonra polis rəisi ərazini tərk edib.
Müxbirimiz bildirir ki, bundan sonra aksiya iştirakçılarına səsgücləndiricilər vasitəsilə müraciət olunmağa başlayıb. Onlardan dağılışmaq tələb olunur. Amma hələlik heç kim məktəbin qarşısını tərk etməyə tələsmir. Müxbirimiz bildirir ki, artıq aksiyaçılarla polis arasında gərginlik var. Polis mitinqə çevrilən aksiyanı dağıtmağa hazırlaşır. Amma hələlik ciddi qarşıdurma müşahidə olunmur. Polis gözləmə mövqeyindədir. Maraqlı detallardan da biri odur ki, aksiyaçılaın əllərində prezident İlham Əliyevin portretləri var.
* * * 14:28
Müxbirimiz xəbər verir ki, aksiya iştirakçılarının sayı artmaqdadır.
Hazırda məktəbin qabağında səsgücləndirici və mikrofonların qurulduğunu və məhəllə ağsaqqallarının çıxış etdiyini bildirən əməkdaşımız xəbər verir ki, natiqlər Bakı Şəhər İcra Hakimiyyətinin və Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələrinin “Sovetski”yə gəlməyini və sakinlərə hesabat və izahat verməyini tələb edirlər.
“Çıxış edən ağsaqqallar bildirirlər ki, məhəllə sakinləri icra hakimiyyətinin onlara təklif etdiyi 1200-1500 manat kompensasiya ilə razılaşmayacaq və aksiyaları tələbləri yerinə yetirilənədək davam etdirəcəklər. Deyirlər ki, geri çəkilməyəcəyik. Hazırda əraziyə həm sakinlərin axını, həm də əlavə polis qüvvələrinin cəlb olunması davam edir” – deyə müxbirimiz bildirir.
Ən son məlumata görə, Yasamal RİH başçısının müavini Səməd İslamov əraziyə gələrək aksiyaçılar qarşısında çıxış edib. O, sakinlərin problemlərinin həllinə kömək edəcəklərini bildirib.
* * * 14:02
Bakının Yasamal rayonundakı “Sovetski” məhəlləsinin sakinləri bu gün hələ ötən həftə anons etdikləri etiraz aksiyasına başlayıblar. Aksiya saat 14:00-da başlayıb.
Virtualaz.org saytının hazırda “Sovetski”də olan müxbiri xəbər verir ki, məhəllə sakinləri öncədən də vəd etdikləri kimi, Çingiz Mustafayev küçəsindəki 173 saylı məktəbin qarşısına toplaşıblar. Müxbirimiz bildirir ki, hazırda orada 300-400 nəfər insan toplaşıb. Əraziyə xeyli sayda polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, “Sovetski” sakinləri evlərinin sökülməsi müqabilində onlara təklif edilən kompensasiyanın məbləğinə etiraz edirlər. Bu barədə həm sosial mediada xəbərlər yayılıb, həm də virtualaz.org saytına “Sovetski” sakinləri özləri məlumat veriblər. Sakinlər dedilər ki, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələrindən ibarət komissiya üzvləri onlara mənzillərinin hər kvadratmetri üçün 1500 manat təklif edib. Bu isə sakinləri qane etməyərək onların narazılığına səbəb olub. Onlar bildirmişdilər ki, etiraz aksiyası “Sovetski” məhəlləsindəki 173 saylı orta məktəbin qarşısında olacaq. Artıq aksiya ilə bağlı küçələrdə ötən həftədən bildirişlər də asılıb. Sakinlərin tələbi bu idi ki, onlara ev almağa imkan verəcək məbləğdə kompensasiya ödənsin.
Bizi izləyin. Əlavə məlumatlar olacaq.
virtualaz.org
в—Ђв–¶
Short URL: http://www.cumhuriyyet.net/?p=4328