Qanunsuz evləri sökmək, yoxsa sənədləşdirmək?

16.02.2014 - 17:27

Qanunsuz evləri sökmək, yoxsa sənədləşdirmək?

Palçıq vulkanları ətrafındakı tikililərin sakinləri səksəkə içindədir; Rəsmi qurumlar bu evlərin söküləcəyini deyir, ekspertlər isə özbaşına tikililərə amnistiya verilməsini təklif edir
Mülki Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi özbaşına tikinti sayılır. Bir sözlə, özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmir. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda təqribən 500 min özbaşına tikinti var ki, bunların sayı da durmadan artır. Onlarla bağlı məsələ isə hələ də öz həllini tapmayıb. 
Məmur “şirinlik” alandan sonra qanunsuzluğa göz yumur
Ölkədə qeyri-qanuni məskunlaşmalardan palçıq vulkanlarının yerləşdiyi ərazilərə də pay düşür. Orta hesabla hər il palçıq vulkanlarından 3-4 və daha çoxu püskürür. Buna baxmayaraq palçıq vulkanların yaxınlığında yaşayış evləri və ictimai iaşə obyektləri tikilməyə davam edir. 7-ci Binəqədi şosesinin üstündə, Şaban dağının yaxınlığında yerləşən “Keyrəki” vulkanına yaxın ərazilərdə bu gün əməlli-başlı yaşayış məntəqəsi salınıb. Vulkanın 10-15 il əvvəl yana-yana yamacına axmış lavasının üzərində hazırda evlər tikilib.
Azərbaycan bələdiyyələri palçıq vulkanları ətrafında, altından yüksək gərginlikli elektrik xətləri keçən ərazilərdə də vətəndaşlara torpaq satıb, onların bu ərazilərdə yaşayış evləri tikmələrinə icazə verib. Belə ki, ayrı-ayrı bələdiyyələr palçıq vulkanları ətrafında evlərin tikilməsi üçün yüzlərlə sərəncamlar veriblər. Səlahiyyətli orqanlar deyirlər ki, bələdiyyələrin həmin sərəncamları ləğv olunmalı, oradakı evlər də sökülməlidir.
Neçə illərdir “Keyrəki” palçıq vulkanı ərazisində yaşayan Rza Məmmədov isə deyir ki, heç yerə köçmək fikri yoxdur. Ona icazəni bələdiyyə, icra hakimiyyəti verib. Sakinlər sual edirlər ki, vaxtında həmin ərazilərdə evlərin inşa edilməsinə niyə göz yumulub. 
Başqa bir sakin Səkinə Tağıyevanın sözlərinə görə, ildə bir neçə dəfə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri vulkan ərazisinə yaxın evlərdə yaşayanlara bildiriş verir ki, evləri tərk etsinlər. Sonuncu dəfə belə bildirişi 2-3 ay əvvəl alıblar: “Daşı daş üstə qoyan kimi bələdiyyədən və icra hakimiyyətindən nümayəndə gəlib pul alır. Heç bir tikili qanunsuz inşa olunmur. Evimizi söksələr, bizi evlə təmin etməlidirlər”. 
Kommunal xidmətlər varsa…
Ərazidəki evlər qaz, su və işıqla təmin olunub. Bu isə o deməkdir ki, sakinlər bu ərazidə ev tikərkən müvafiq qurumlardan icazə alıb. Sakin Tahir Qəniyev də bunu təsdiqləyir. Onun sözlərinə görə, bir neçə dəfə evinin giriş darvazasını, hasarını icra hakimiyyətinin göstərişi ilə söküblər. Vətəndaş bu tikmə-uçurma oyunundan 2 min manatdan çox ziyana düşüb: “Qanunsuz ev tikdiyimi deyirlər. Hər dəfə xərc çəkib darvaza düzəltdirirəm. Nəyə görə bu qanunsuzluq problemi ancaq kasıblara şamil olunur?”, – deyə o, sual edir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) isə vulkanın ətrafında məlumatverici nişanlar yerləşdirib. Sakinlərin sözlərinə görə, vulkanın təhlükəli olması barədə ETSN onlara məlumat vərəqələri də paylayıb. 
Palçıq vulkanları ətrafındakı tikililərlə bağlı sərəncam da var
Qeyd edək ki, Bakı və Abşerondakı palçıq vulkanlarına antropogen təsirlərin aradan qaldırılması və mühafizəsinin təşkili məqsədilə 15 avqust, 2007-ci il tarixli prezident sərəncamı imzalanıb. Bununla da 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib və “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılıb. Qoruq elan edilmiş palçıq vulkanlarından ən çox antropogen təsirlərə məruz qalanlarının (Pirəkəşkül, Keyrəki, Qaradağ, Daşgil, Bozdağ, Qobu, Hökməli və s.) vəziyyətinin qiymətləndirilməsi və mühafizəsinin gücləndirilməsi üçün sərhədlərinin müəyyənləşdirilməsi, qoruq elan olunmuş palçıq vulkanlarının mühafizəsinin təşkili, elmi cəhətdən tədqiqi və bu ərazilərdə aparılan tikinti işlərinin qarşısının alınması istiqamətində tədbirlər planının hazırlanması nəzərdə tutulub. Nazirlər Kabineti palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun əsasnaməsini təsdiq edib. Qoruğun strukturu, ştat cədvəli isə ETSN tərəfindən hazırlanmalıdır.  (http://www.eco.gov.az/b-qoruqlar-vulkanlar.php)
Problemi nə Dünya Bankından alınan 30 milyon kredit, nə də prezidentin sərəncamı həll etdi
Dövlət Təbiət Qoruğunda qoruq ərazisinə düşən tikililərlə bağlı indiyədək hansı işlərin görülməsi barədə az sonra yazacağıq. Əvvəlcə prezidentin qeyri-qanuni tikililərlə bağlı verdiyi sərəncama diqqət yetirək.
Problemlə bağlı 2010 və 2011-ci illərdə prezidentin sədrliyi ilə müşavirə keçirilib. Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdi. Amma o zaman məsələ həllini tapmadı.  Nəhayət 27 iyun 2012-ci ildə prezident sərəncamı ilə magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması qərara alınıb. Komissiyanın sədri Prezident  Administrasiyasının rəhbəri ramiz Mehdiyevdir.
Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməliydi. Ancaq bu komissiyada vətəndaş cəmiyyəti, texnokratiya nümayəndələrinin iştirakı təmin olunmadı. Ortalıqda isə hələ də hər hansı siyahı yoxdur.
Bundan başqa, ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. Razılaşmaya əsasən, 20 illik layihə çərçivəsində ölkədə qeydiyyatsız evlərin hamısı sənədləşdirilməlidir. Bunun üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində “Əmlakın Qeydiyyatı Layihəsi” adlı xüsusi tədbirlər planı hazırlanıb.
“Bu evlər barıt üzərindədir”
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev qeyd edir ki, Azərbaycanda 352 palçıq vulkanı var və onlardan 43-ü dövlət təibət qoruğu kimi fəaliyyət göstərir. 
C.Paşayevin sözlərinə görə, “Keyrəki” palçıq vulkanının ətrafında yaranmış kritik vəziyyətlə əlaqədar olaraq Fövqaladə Hallar Nazirliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və rayon polis bölməsinə dəfələrlə müraciətlər olunub: “Aidiyyəti qurumların nümayəndələri ilə qoruq ərazisində monitorinqlər aparılıb və aktlar tərtib olunub. Qoruq ərazisindən keçən yüksək gərginlikli və istifadəyə tamamilə yararsız elektrik naqillərin xüsusi mühafizə olunan ərazidən çıxarılması məqdədilə Bakı Elektrik Şəbəkə ASC-yə rəsmi müraciət etmişdik. Qısa vaxt ərzində bütün elektrik dirəkləri qoruq ərazisindən çıxarıldı”. Onun sözlərinə görə, vulkan ətrafındakı tikililər qoruq ərazisinə düşməsə belə, təhlükədən sığortalanmayıb: “”Keyrəki” vulkanı ətrafında inşa edilmiş tikililər elə bil, barıt üzərindədir. Bu tikililər hər an yerlə yeksan ola və təbiətin ani şıltaqlığının nəticəsində püskürmüş qaynar palçığın altında qala bilər. Bu palçıq vulkanında son püskürmə 2001-ci ildə baş vermişdi. Bu zaman güclü partlayış, hündür alov sütunu, havaya atılan ağır bərk cismlər, dərin çatlar müşahidə olunmuşdu. Püskürmə zamanı “Keyrəki” palçıq vulkanının ətrafında məskunlaşmanın məhz seyrək olması baş verə biləcək bədbəxt hadisələrin qarşısını almışdı”. 
Qoruq rəhbəri bildirdi ki, palçıq vulkanına yaxın ərazilərdə məskunlaşmış əhali arasında qoruq əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir: “Bu ərazidə qanunsuz məskunlaşmış insanlara mütəmadi olaraq palçıq vulkanlarının təhlükəsi və əhəmiyyəti haqqında müxtəlif məlumat və xəbərdarlıq vərəqələri paylanılır. Qoruq ərazisinə girişin məhdudlaşdırılması və vulkanik landşafta təsirin minimuma endirilməsi  məqsədilə ərazi ətrafında dərin xəndəklər qazılıb və qoruğun sərhədləri boyunca müxtəlif məzmunda kifayət qədər məlumatverici mərz nişanları yerləşdirilib”. 
Evlər vulkan ərazisindən bir kilometr aralıda olmalıdır
“Palçıq vulkanları olan ərazilərdə tikinti işləri aparılmasının təhlükəli olması haqda dəfələrlə paytaxt meriyası və hökumət qarşısında məsələ qaldırmışıq. Bəzi vulkanların yerləşdiyi ərazi qoruq elan olunub. Lakin digər vulkanik ərazilərdə tikinti işlərinin qarşısı alınmayıb”. Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib. A. Əlizadə qeyd edib ki, qarşıya çıxan problemin həlli üçün hökumət qurumları tərəfindən reaksiya çox zəifdir: “Yəni bizim müraciətlərimizə cavabın verilməsi müddəti uzun çəkir. Başqa ölkələrdə palçıq vulkanlarının ərazisi qorunur. Həmin ərazilərdə dövlət parkları yaradılır və turistlərin ora səfərləri təşkil edilir. Çünki bu təbiət fenomenidir”.Onun sözlərinə görə, “Keyrəki” vulkanı aktiv vulkanlar sırasına aiddir: “Bu vulkanın ətrafında tikinti işlərinin aparılması vulkanı daha aktivləşdirir. Bu vulkanın püskürməsini hər an gözləmək olar. Palçıq vulkanlarının yaxınlığında tikinti işləri aparmaq, xüsusilə də yaşayış evləri tikmək qəti olmaz. Vulkan püskürərkən ağır daşları 100-200 metrədək hündürlüyə qaldırıb, kənara atır. Kraterdən qalxan alovun hərarəti 1000 dərəcəyədək artır. Bütün bunlar yaxınlıqda yaşayan insanlar üçün real təhlükədir. Sonuncu dəfə 2001-ci ildə püskürən “Keyrəki” vulkanı Söyüdlü sakinlərini təşvişə salsa da, hazırda həmin ərazidə yenidən yaşayış bərpa olunub. Aidiyyəti qurumlar tezliklə təhlükəli zonada yaşayanları başqa sahələrə köçürməlidirlər. Əks halda, baş verəcək təbiət hadisəsi fəlakətlə nəticələnəcək”. A.Əliyev bildirib ki, tikililər vulkanın yerləşdiyi ərazidən ən azı bir kilometr aralıda olmalıdır. Əks halda, vulkan püskürməsi nəticəsində irimiqyaslı faciə baş verə bilər. 
İcra hakimiyyəti və bələdiyyə sənəd vermədiyini deyir
Ekspertlər isə xatırladır ki, qanunsuz tikililərə görə, təkcə vətəndaşlar məsuliyyət daşımır. Kommunikasiya xətlərinin üzərində evlərin tikintisinə, həmin torpaq sahələrini vətəndaşlara satan, eləcə də tikinti işlərinə göz yuman orqanlar da məsuliyyət daşıyır. Əgər bələdiyyə, yaxud hər hansı dövlət qurumu qaz, su, elektrik xəttinin keçdiyi ərazini fərdi ev tikintisi üçün vətəndaşın istifadəsinə verirsə, məsuliyyəti də həmin orqan daşımalıdır. Ancaq rəsmi qurumlar əksini deyir. 
Binəqədi rayon İcra Hakimiyyətindən bildirdilər ki, vulkan Binəqədi rayonu ərazisinə düşsə də, rayon İcra Hakimiyyəti heç kəsə sənəd verməyib: “İcra Hakimiyyətinin balansında torpaq yoxdur. O torpaqları bələdiyyə satıbsa, həmin qurum da cavabdehdir”. 
Binəqədi qəsəbə bələlədiyyəsindən isə bildirdilər ki, bələdiyyə qanunvericiliyində hər 5 ildən bir sədr dəyişir. Əvvəlki illərdə verilən sərəncama isə onlar cavabdeh deyil. Qurumun mətbuat xidmətindən mətbuata verilən məlumatda bildirilir ki, qoruq ərazisində tikilən evlərə bələdiyyə tərəfindən sənəd verilməyib. Vulkanın qoruq sahəsində tikilən evlər qeyri-qanuni olduğundan həmin tikililərin sahiblərinə kompensasiya da ödənilməyəcək.
“Keyrəki”ətrafındakı tikililər: qanunsuz, yoxsa sənədsiz?
Bakının Baş Planının müəlliflərindən biri, tanınmış memar Feyzulla Quliyev bu məsələdə nə hökumətin, nə də qanunsuz ev tikənlərin haqlı olmadığı qənaətindədir. Onun fikrincə, Azərbaycan Respublikası Konstitusiyasına əsasən, dövlət hər bir vətəndaşı yaşayış sahəsi ilə təmin etməyə və onun mənzil hüququnu tanımağa borcludur: “Amma indi vəziyyət elədir ki, dövlət hər kəsi mənzillə təmin edə bilmir. Vətəndaşlar isə məcburiyyət qarşısında qalaraq özlərinin mənzil problemini bildikləri, bacardıqları kimi həll edir”.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin eksperti Rövşən Talıbzadə isə düşünür ki, tikili qanunsuz yerdə tikilibsə, kompensasiya ödəməklə onun başqa yerə köçürülməsi və belədə sənədləşməsi mümküm ola bilər: “Lakin hələ sənədsiz evlərlə qanunsuz evləri ayırd etməyin mümkün olmaması prosesin həllini yubadır. İlk öncə qanunsuz və sənədsiz evlərin siyahısı alınmalıdır. Qanunsuz evlərin taleyi bilinəndən sonra sənədsiz evləri də sənədləşdirmək mümkün olacaq”.
Azərbaycan Konstitusiyası qanunsuz tikililərin bir hissəsini qanuniləşdirməyə imkan verir, amma…
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyir ki, problem həm də beynəlxalq qanunlar çərçivəsində həll edilməlidir. Onun sözlərinə görə, beynəlxalq insan haqlarına dair konvensiyalarının ən ciddi tələblərindən biri vətəndaşların mənzil hüquqlarının qorunması ilə bağlıdır. Bu qanunlara əsasən, dövlət hər bir vətəndaşın mənzil hüququnu təmin etməlidir: “Belə fundamental hüquqlar Azərbaycan Konstitusiyasında da təsbit olunub. Çox təəssüf ki, Azərbaycan hökuməti vətəndaşların bir qisminin bu hüququnu tanımır. Azərbaycan hökuməti 2000-ci ildə Avropa Şurasına daxil olarkən Avropa Sosial Xartiyasının insanların mənzil hüququnu nəzərdə tutan 31-ci maddəsini ratifikasiya etməyib. Halbuki, həm beynəlxalq qanunlara, həm də ölkə konstitusiyasına əsasən, dövlətin borcudur ki, vətəndaşların mənzil hüququnu müxtəlif formada təmin etsin”.
Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov da modern.az-a açıqlamasında bildirib ki, həmin evlərdə yaşayanların sonradan evləri söküləndə kompensasiya almaları mümkünləşməlidir: “Sənədi olmayan evlərə sənədlərin verilməsi mütləqdir. Çünki sabah həmin evlər söküləndə sakinlər özlərinə ev ala bilməlidirlər, məhkəmələrə düşməməlidirlər. Hər halda dövlət başçısı buna göstəriş verib, deməli məsələni tezləşdirmək lazımdır”.
Avropa İnsan Hüquqları Məhkəməsi onların tərəfindədir
Azərbaycan qanunlarına görə, məcburi köçürülmələr dövlət əhəmiyyətli layihələrin (sərhədlərin genişləndirilməsi, yolların çəkilişi və s.) icrasına görə aparıla bilər. Bu halda isə söküntü ilə bağlı məhkəmənin qərarı olmalıdır. Köçürülmə üçün qanuni əsas göstərilməlidir. Konstitusiyanın 13-cü maddəsində göstərilib ki, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Konstitusiyasının 29-cu maddəsində isə qeyd olunur ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz: “Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.
Mülki Məcəlləyə  görə, söküntü ilə əlaqədar mülkiyyətçiyə  eyni dəyərə malik əmlak və ya mülkiyyət hüququna xitam verilməsi ilə əlaqədar dəymiş zərərin əvəzi tam həcmdə ödənilməlidir.
Vəkil Fariz Namazlı deyir ki, mülki qanunvericiliyin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 
Vəkilin sözlərinə görə, əgər mülk tikilibsə və istifadə olunan kommunal xidmətlərə görə dövlətə haqq ödənilibsə, bu rəsmi qurumların  həmin tikilinin qanunuliyini tanıması deməkdir: “Aidiyyatı orqanlar qanunsuz tikili ucaldılarkən buna imkan verməməlidir. Ev tikilir və içində neçə il yaşayırlar sonra dövlət qurumları gəlib deyirlər ki, burada ev tikmək qanunsuzdur. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı da var. Yəni vətəndaşlar öz mülkiyyət hüquqlarını sonadək müdafiə etsələr məsələ onların xeyrinə həll oluna bilər”.  Evlərin sökülməsinə gəlincə, F.Namazlı deyir ki, evi sökülən vətəndaş məhkəmənin qərarını tələb etməlidir: “Məhkəmə qərarı yoxdursa, evin sökülməsi qanunsuzdur”.
Xarici təcrübə nə deyir?
Mülkiyyətlə bağlı xarici ölkələrin təcrübəsinə gəlincə, elə qonşu İranda  hər hansı bir tikili üçün ərazidəki evlərin sökülməsi planlaşdırılırsa,  rəsmi qurumlar mülkiyyətçi ilə danışığa başlayırlar. Bəzi hallarda bazar qiymətlərindən yüksək məbləğdə pul təklif edilir. Əgər ev sahibi buna da razı olmursa, onda onun evi toxunulmaz olaraq qalır. Elə Türkiyədə də insanları evlərindən nə zorla çıxarırlar, nə də bazar qiymətlərindən aşağı kompensasiya verirlər. Avropa ölkələrində də mülkiyyət toxunulmazlığı qorunur. Azərbaycanda isə mülkiyyət toxunulmazlığı kağız üzərindədir.
 
müsavat.com
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4333

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031