Rövnəq Abdullayev Türkiyədə məhkəmə qalmaqalında
ARDNŞ-in Türkiyədəki 5 milyardlıq layihəsi
ilə bağlı əngəl yaranıb
Azərbaycan
Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən iri investisiya layihələrindən
biri – İzmirin Əliağa qəsəbəsində “Star” neftayırma zavodunun və eyniadlı
terminalın tikintisi layihəsi daha bir problemlə üzləşib. Sən demə, Türkiyə
dövləti həmin ərazidə SOCAR-a neftayırma zavodunun tikintisi üçün lisenziya
versə də “Buhar Enerji” adlı başqa şirkətə də geotermal sulardan elektrik
enerjisi istehsal etmək üçün lisenziya verib. Nəticədə SOCAR illərdir ki, bu
şirkətlə məhkəmə çəkişməsindədir.
“Hürriyet”
qəzeti yazır ki, iki gün əvvəl hakim Ədalət və İnkişaf Partiyasının parlamentə
təqdim etdiyi qanun düzəlişləri paketi bu problemi həll edə bilər. Qanun
düzəlişləri paketindəki təkliflərdən birinə görə, geotermal sulardan istifadəni
tənzimləyən xüsusi agentlik yaradılacaq. Həmin agentliyin yaradılması SOCAR-la
“Buhar Enerji” adlı şirkət arasında məhkəmə çəkişməsinə də son qoya ilər. Belə
ki, yeni yaradılacaq agentlik bu kimi mübahisələrdə kimin lisenziyasının daha
üstün olduğuna dair qərar vermək səlahiyyətində olacaq. Bəs necə olub ki,
Türkiyə hökuməti eyni ərazidə iş aparmaq üçün iki ayrı şirkətə lisenziya verib?
Qəzet
yazır ki, Əliağadakı “Petkim” zavodlarının yaxınlığındakı ərazidə kəşfiyyat
aparan Mədən Kəşfiyyatı və Axtarışı Agentliyi (MTA) 700 metr dərinlikdə 120-150
dərəcə temperatura malik su kəşf edib. MTA 2009-cu ildə bu suyun hasil edilərək
elektrik enerjisinə çevrilməsi üçün tender elan edib. Tenderi “Buhar Enerji”
şirkəti qazanıb.
Lakin
2007-ci ildə “Petkim”in hissələrinin çoxunu alan SOCAR bundan bir il sonra
digər təşkilatdan-Enerji Bazarını Tənzimləmə Təşkilatından ərazidə neftayırma
zavodunun inşası üçün 49 illik lisenziya alıb. “Buhar Enerji” Azərbaycan
şirkətinin bu lisenziyasının ləğv edilməsi üçün məhkəmədə iddia qaldırıb.
Bu
məhkəmə çəkişməsi SOCAR-ın “Star” neftayırma zavodunun və terminalının
tikintisi layihəsi üçün Türkiyə banklarından kredit almaq üçün apardığı
danışıqlara zərbə vurub. Nəticədə SOCAR da “Buhar Enerji”nin “Star” layihəsinin
maliyyələşdirilməsinə dair danışıqlara zərbə vurduğunu əsas gətirərək bu
şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Hər iki iddia üzrə məhkəmə çəkişməsi
davam edir.
Xatırladaq
ki, bu yaxınlarda İzmirin Əliağa səmtindəki iki qəsəbənin bələdiyyəsi də “Star”
layihəsinin ətraf mühitə zərbə vurduğunu əsas gətirərək məhkəmə iddiası
qaldırmışdı. “Star” layihəsinin maliyyələşdirilməsinin bir hissəsini Azərbaycan
Dövlət Neft Fondu həyata keçirir. Layihənin dəyəri 5 milyard dollardır.
Short URL: http://www.cumhuriyyet.net/?p=4341