Azərbaycanla Türkiyə arasında Atatürk qalmaqalı
17.02.2014 - 09:57
Azərbaycanla Türkiyə arasında Atatürk qalmaqalı

Azərbaycanda yeni doğulan uşaqlara Atatürk adının qoyulmasına qadağan ediləcək.
Bu barədə bir neçə dəfə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası tərəfindən açıqlamalar verilib. Bu qadağa artıq Türkiyə və Rusiya mətbuatında da geniş şəkildə yer alıb.
Virtualaz.org saytının məlumatına görə, Türkiyədə bu məsələnin gündəmə gəlməsinin əsas səbəbi Azərbaycan tərəfindən verilən açıqlamada bu qadağanın Türkiyə hökumətinin istəyi ilə yerinə yetirilməsi barədə deyilənlərdir.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə isə qardaş ölkədən bu barədə rəsmi olaraq Azərbaycana heç bir müraciət edilməyib.
Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova mətbuata açıqlamasında Atatürk adına rəsmən qadağa qoyulmadığını desə də Atatürk adını seçənlərə başqa adların tövsiyə edildiyini və buna icazə verilmədiyini deyib. S.Sadıqova qeyd edib ki, bu qadağaya səbəb Atatürkün türk dünyasında müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər kimi adının yeganəliyinin qorunmasıdır.
Türkiyənin “Habertürk” qəzeti isə iddia edir ki, bu istək Türkiyə hökuməti tərəfindən Azərbaycana çatdırılıb. Bu barədə Azərbaycan mətbuatında da məlumatların yer aldığı deyilir.
Rəsmi Ankara Azərbaycan səfirliyinin nümayəndələri Türkiyə mətbuatına verdikləri açıqlamada bu qərarın tamamilə Azərbaycana aid olduğu və Türkiyə tərəfdən bununla bağlı heç bir istəyin olmadığı bildirilib. Səfirlikdən bildirilib ki, Azərbaycanda Atatürk adının qadağan edilməsi 8 ay əvvəl müzakirə olunub və bu qadağa məhz Atatürkün adına, imicinə xələl gəlməsindən və onun tarixi bir şəxsiyyət kimi sevilməsindən irəli gəlir.
Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsinin sədri Nizami Cəfərov virtualaz.org saytına açıqlamasında bildirdi ki, ölkəmizdə Atatürk adının qadağan olunmasına ehtiyac yoxdur.
Lakin N.Cəfərov deyir ki, son dövrün tarixi şəxsiyyətlərinin adını qoyarkən buna daha çox məsuliyyətlə yanaşmaq lazımdır: “Yəni adlara qarşı məsuliyyətsizlik olmaz. Bu ad Atatürkə uşaq yaşlarından verilməyib. Türkiyə Böyük Millət Məclisi fəxri ad kimi ona Atatürk adını verib. Bu adın məsuliyyəti kifayət qədər böyükdür. Kamal, Mustafa adları da bu təəssüratı verir. Türkiyədə Atatürk adının qadağan edilməsi başadüşüləndir. Amma Azərbaycanda bu mümkün, hətta başadüşülən deyil”.
Nizami Cəfərov Türkiyənin Azərbaycanda Atatürk adının qadağan edilməsi kimi bir təklifinin olub-olmamasına da münasibət bildirdi: “Belə bir təcrübə yoxdur ki, hansısa bir ölkə başqa bir ölkəyə bu cür qadağa ilə bağlı müraciət etsin. Xüsusilə də belə mənəvi bir məsələ ilə bağlı. İctimai maraq kimi ziyalılar, mətbuat, təşkilatlar belə bir təklif edə bilər. Təbii ki, bu da Azərbaycan ictimaiyyətində anlayışla qarşılanacaq. Son dövrlərin böyük şəxsiyyətlərinin, xüsusilə də dövlət qurucularının adlarının qoyulmasında qadağa olur. Çünki həmin tarixi şəxsiyyətlər haqda təsəvvürlərimiz yenidir. Biz onları müzakirə və mübahisə edirik. Bu adlar bizə hansısa bir istiqaməti, strateji bir təəssüratı yada salır və dərhal reaksiya tələb edir. Məsələn, bu gün Səddam adının qoyulması dərhal reaksiyaya səbəb olur. Çünki bu adın arxasında müəyyən ideologiyalar, hadisələr və olduqca təsirli məna dayanır. Ad seçilərkən onun neytral olmasına fikir vermək lazımdır”.
Qeyd edək ki, 24 noyabr, 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala “Atatürk” soyadının verilməsi haqqında qanun qəbul edib. Qanunla başqalarının bu soyaddan istifadə edilməsi qadağan edilib.
Azərbaycanda 1991-ci ildən bu günə qədər 19 uşağa Atatürk adı qoyulub. 2012-ci ilə kimi Azərbaycanda 18 yeni doğulan uşağa Atatürk adı verilib. 2013-cü ildə də bir uşağa Atatürk adı verilib. (virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=4344