Əlağa Hüseynovun arqumentlərini darmadağın edəcək fotosübut

17.02.2014 - 10:22

Əlağa Hüseynovun arqumentlərini darmadağın edəcək fotosübut

Xəlil Rza Ulutürkün Rəhim Qazıyevə şok məktubu Politika.az-da
“Oxucuların ixtiyarına buraxaq, qoy onlar desin kim başına ləçək bağlamalıdır…”
Rəhim Qazıyevlə Əlağa Hüseynov arasındakı qalmaqal yeni mərhələyə qədəm qoyur. Daha doğrusu, indicə oxuculara təqdim edəcəyimiz fotosübutdan və eks nazirin maraqlı açıqlamalarından sonra bu qalmaqalın növbəti mərhələyə qədəm qoyacağını proqnozlaşdırmaq olar.
“Mən çox təəssüf edirəm ki, Əlağa özündə cəsarət tapıb danışmağa başladı və bataqlıqda çabalayan adamın gününə düşəcək. Mən ümumiyyətlə heç onun haqqında danışmaq fikrim yox idi. Amma bircə çağırışda tək bir güc struklturunda 187 xəstə çağırışçının üzə çıxarılmasına sanki heç bir şey olmayıbmış kimi yanaşandan sonra ona cavab verməməyi namussuzluq hesab etdim. Yəqin siz də bilirsiniz ki, həmin çağırışçılar sağlam uşaqların, məmurların ərköyün balalarının əvəzinə orduya aparılıb. Ancaq gəlin görək belə bir rüsvayçılığa haqq qazandıran kimdir? Ömrünün ən azı 20 ilini istər rayon, istərsə də respublika komissarı işləmiş bir adam deyir bunu. Bununla da özündən sonrakı həmkarının nöqsanlarına haqq qazandırır. Ona görə bu məsələni açmalı oldum. Amma ağlıma da gətirməzdim ki, general paqonu daşıyan bir adam bu hadisəni təkzib edəcək qədər özün aşağılayar. Mənim barəmdə də çox ibarəli ifadələr işlədib. Deyir ki, rayon komissarı müdafiə nazirinə zəng edə bilməzdi. Gözünün içinə qədər yalan danışır və inanın ki, nazir işlədiyim dövrdə şəhərdəki avtomat telefonlardan da birbaşa mənə zəng etmək mümkün idi. Çünki mən bunu hamıya elan etmişdim ki, kim istəsə nazirə dərdin deyə bilər və bütün telefonların da nömrəsin hamıya demişdim. Özü də həmin şəhər telefonum heç bir köməkçimə-filana qoşulmurdu. Əgər mən xidməti otağımdayamsa birbaşa zənglərə özüm cavab verirdim. Yox idimsə, deməli telefona cavab verən olmazdı. Günlərin bir günü bir qadın zəng vurdu ki, salam. Dedim salam. Soruşdu ki, Rəhim Qazıyevdi? Dedim bəli, Rəhim Qazıyevdi. Qayıtdı ki, sən Allah, Rəhim Qazıyevdi? Dedi ki, -indi Koroğlunun heykəli olan yerdə “Muğan” mehmanxanası vardı,- həmin mehmanxananın yanında avtobusdan düşürdüm, bir hərbi nömrəli “UAZ” maşını bir mağazaya 3-4 yeşik boşaltdı. Dedim, bacı, ordan bir addım da tərpənməyin, bu saat adam göndərirəm. Uşaqlar gedib satıcını da, həmin yeşikləri də götürüb gəldilər. Qısa müddətdə mənə bəlli oldu ki, hərbi polisin yeməkxanasından 4 yeşik mal tuşonkasını gətirib həmin mağazaya veriblər. Cəmisi 3 dənəsini satmışdı. Mən həmin faktla bağlı cinayət işi qaldırtdım. Deməyim odur ki, belə faktlar dəfələrlə olub. Bundan başqa mənim yanımda daimi gəzdirdiyim “Uraqan” rabitə sistemi vardı və həmin dövrdə batalyon komandirindən ta korpus komandirinədək bütün komandirlər mənimlə birbaşa əlaqə qura bilirdi.
O deyir ki, mən Fəhmin Hacıyevin göndərdiyi adamları tərksilah elədim. Bu Əlağanın Şvarsneger olduğunu mən bilməmişəm. İnsan da bu qədər ağ yalan danışa bilərmi? Bu yaşda general paqonu daşıyan adamın belə həyasızcasına ağ yalan danışması adamın ürəyin bulandırır. Bilirsiniz, onun ağlaması həmin dövrdə nazirlikdə o qədər əks-səda vermişdi ki, bunu bilməyən yox idi. Həmin dövrdə mənim cangüdənlərim olan və Əlağanı da Fəhmin Hacıyevin göndərdiyi uşaqları da götürüb gələn məni qoruyan uşaqlar indi də sağdır, gedib onlardan soruşsunlar.
Bir misal da deyim. Osman Gündüzov o vaxt Balakənin icra başçısıydı. Balakəndə Rəhman adında Əfqanıstanda döyüşmüş bir hərbi komissar vardı. Bir gün həmin komissar mənə zəng elədi ki, Rəhim bəy, Osman Gündüzov mənə 24 saat vaxt qoyub ki, rayonu tərk edim. Niyəsini soruşdum. Dedi o mənə adam tapşırıb ki, o əsgərə getməsin, yoxsa rayonu tərk elə. Soruşdum ki, bəs nə cavab verdin? Qayıtdım ki, heç utanmırsan? Əfqanıstanda döyüşən bir adam da icra başçısının qeyri-qanuni tələbi qarşısında belə acizlik göstərər? Ona sərt şəkildə tapşırdım ki, otur yerində. Həmin dəqiqə götürüb Osmanla danışıb bu məsələni də həll eləmişəm. Deməyim odur ki, Əlağanın guya mənə zəng etməyin mümkün olmaması barədə uydurmalarının ifşa edilməsi üçün onlarla fakt sadalaya bilərəm. Nazir olduğum dövrdə mənim qəbul saatım olmayıb. Mən gecə saat 3-ə qədər otağımda qəbul keçirdiyim vaxtlar olub.
Əlağa məni ittiham edir ki, mənim vaxtımda filan torpaqlar gedib. Birincisi, bu adam general-leytenant olaraq mənə hərb tarixindən bir dənə misal gətirsin ki, hərbi əməliyyatlar başlayandan sonuna qədər hər hansı ordunun bütün əməliyyatları uğurlu olub. Bizim dövrümüzdə elə məntəqələr olub ki, 10 dəfə əldən-ələ keçib. Mən Şuşa və Laçının işğal faktını və guya mənim xəyanət etməyimi hələ kənara qoyuram. Bəli, hamı bilir ki, həmin dövrdə, yəni aprelin 20-dən mayın 20-dək hakimiyyət uğrunda gecə-gündüz mitinqlər gedirdi, Rəhim Qazıyevin də adı var ozü yox ordusu, nizamnaməsiz, əsasnaməsiz, silah-sursatsız, bircə dənə hərbi təlim görən taboru olmayan bir nazirliyin başında oturub. Həmin dövrdə baş verənlərə görə nazir olaraq mən də məsuliyyət daşıyıram və yaxamı qırağa çəkmirəm. İnanın ki, Şuşa və laçının işğalı indiyə kimi qəlbimdə daim qanayan bir yaradır. Amma həmin itkilərdən sonra mən nazir olaraq Azərbaycanı 164 il təpik altında əzən, 1920-ci ildə müstəqil hökumətimizi süquta uğradaraq ölkəni yenidən işğal edən 11-ci qızıl ordunun törəmələrini ölkədən çıxarmaqla, əllərindəki silah-sursatlarını almaqla bərabər uğurlu Ağdərə əməliyyatını apardıq, Gülüstan, Şaumyankənd azad edildi. 26 illik elan olunmamış bu müharibə dövründə bu, ilk və hələ ki, son qələbəmiz idi ki, biz millətə, silahlı qüvvələrimizə qələbə şərbətini içirdə bildik. Mən inanıram ki, Allah qoysa bizim ordumuz torpaqlarımızı işğaldan azad edəcək və ermənilərə əsrlər boyu unutmayacaqları dərs verəcək. Amma həyasızcasına bu itkilərə görə Əlağanın məni ittiham etməsinə qoy oxucular qiymət versin. Əlağa bilirmi ki, Rəhim Qazıyev Dağlıq Qarabağın ümumi ərazisinin 52 faizini nazir olduğu müddətdə qeyrtəli vətən oğullarının qanı, canı bahasına işğaldan azad edib? Laçının 67 kəndini ermənilərdən təmizlədik. Laçın dəhlizini 800 metrədək daraltdıq, Gədəbəydən Başkənd azad edildi. Biz bu əməliyyatları həyata keçirəndə hələ ordumuz 8 aylıq idi, heç bir yaşı tamam olmamışdı. İndi mən sual edirəm, kim başına ləçək bağlamalıdır, bu cür uğurlu hərbi əməliyyatlar dövründə səngər görməyən, barıt qoxusu burnuna dəyməyən, bircə saat da olsun ön xətdə olmayan, bunlara baxmayaraq general-leytenant paqonu gəzdirən bir adammı, zabitmi, həşəmətli generalmı, yoxsa özündən qabaq 3, özündən sonra 4 zərli paqon daşıyan generalların oturduğu bir nazirlikdə kimsənin edə bilmədiyini edən bir riyaziyyat müəllimmi? Rəhim Qazıyev istefa verib gedəndə silahlı qüvvələrimizin ön xətti Xankəndinin 8-12 kilometrliyindən keçirdi. Bu Əlağa adlı düşmənə bir güllə də atmamış general-leytenantın dövründə, yəni ötən 22 ildə 22 santimetr torpaq alınıbmı?Mən vaxtilə düşdüyü psixoloji basqıdan ağlamasını boynuna almağa cəsarəti çatmayan bu generala sual verirəm, sənin, yoxsa mənim başıma ləçək bağlamalı olduğumuzu qoy oxucuların ixtiyarına buraxaq. Özü də mən Əlağa Hüseynovu müdafiə etmək üçün Fəhmin Hacıyevi nazirliyə çağıraraq onunla qırğına çıxmışam, rəhmətlik hərbi prokuror Rövşən Əliyevi çağırıb dərhal cinayət işi qaldırılmasını demişəm, Elçibəy xəbər tutub bundan, qoymayıb. Yəni mən öz zabitimi qorumaq üçün hər şeyi etmişəm. Amma görün indi bu mənə nələr deyir.”
Bundan sonra Rəhim bəy çox qiyməli və Əlağa Hüseynovun bütün arqumentlərini darmadağın edəcək bir sənəd-foto ortaya qoydu. Bildirdi ki, bu fotonu dünən sənədləri axtararkən özü də bilmədən sırf təsadüfdən tapıb, əvvəl düşünüb ki, Xəlil Rza Ulutürkün bu fotosu onun sənədləri içərisinə necə düşüb. Sonra fotonun arxasını oxuyanda heyrətdən deməyə söz tapmayıb və Allaha dua edib ki, gör onu bu qınaqlardan necə qurtarıb. Yəni həmin foto hər şeyi ortaya qoyur. R. Qazıyev həmin fotonun tarixcəsini qısaca belə nəql edir ki, nazir postuna təyin olunduqdan bir həftə sonra Əlağa Hüseynov onun qəbuluna gəlir və bu fotonun Xəlil Rza tərəfindən ona göndərildiyini deyir. Rəhim Qazıyev bundan sonra zəng vurub Xəlil Rza ilə danışır və onu arxayın edir ki, Əlağayla işi olmayacaq. Yəni o zaman o bütün yüksək çinli zabitləri cəbhə bölgəsinə göndəririmiş, amma Əlağa Hüseynov Xəlil Rzaya minnətçi düşür ki, amanın bir günüdü, Rəhim Qazıyev onu Oktyabr rayon hərbi komissarlığından tərpətməsin…
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4346

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031