İcra başçısına intihar xəbərdarlığı
17.02.2014 - 11:12
Abdin Fərzəliyev Qarabağ əlillərinin pulunu mənimsəməkdə ittiham olunur
Bakının Nərimanov rayonu, M.Əlizadə küçəsindəki 53 saylı evin sakini Əli Nəbiyev dövlət başçısından kömək istəyir. Əli Nəbiyev Xocalıdan olan məcburi köçkündür. O, vaxtilə erməni əsirliyində olub. Ikinci qrup Qarabağ müharibəsi əlili olan 73 yaşlı Əli Nəbiyev dövlət başçısına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. O, məktubunda yazır:
“1992-ci ildə Xocalı soyqırımında tağım komandiri kimi döyüşərək, əsir düşüb ermənilərin işgəncələrinə məruz qaldım. 1996-cı ildə mərhum H.Əliyev məni qəbul edərək, Bakı Şəhər Icra Hakimiyyətinin o vaxtkı başçısı Rəfael Allahverdiyevə biz əlillərə torpaq ayrılmasını tapşırdı. Eləcə də dövlətdən 2 faizlə bizə kredit verilməsi, iş yeri kimi, bizə bina tikilməsi haqda göstəriş verdi. Rəfael müəllim bizə torpaq ayırsa da, pul verilmədi. Həmyerlimiz Sibirdə iş adamı idi. Onlardan illik 20 faizə olmaqla, 1 milyon pul götürüb bina tikdik və 2006-cı ildə təhvil verdik. Lakin borc aldığımız pulu qaytara bilmədik. Tikdiyimiz bina prezidentin iqamətgahının qarşısına düşdüyü üçün 2011-ci ilin 5 sentyabrında Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 6 mərtəbəli binamızı sökdürdü. Xocalı soyqırımında ermənilərə əsir düşərək işgəncələrə məruz qalmış dörd ailəni çöllərə tökdü. Icra başçısı bizə dedi ki, “Xocalı” kiçik müəssisəsinin sökülmüş binasının kompensasiyası bir neçə ay gecikəcək. O, “Araz” tikinti cəmiyyətilə danışdığını və 2012-ci ilin may-iyun ayına kimi müəssisəmizin kompensasiyasını verəcəyini dedi. Buna əsasən, “Araz” cəmiyyəti bizə zəmanət müqaviləsi təqdim etdi ki, 2012-ci ilin iyununa kimi binanı tikib verəcək. Onlar bizi aldadıb müəssisəmizi əvvəlki binasından çıxartdılar, icra başçısı isə 1500 manat kirayə və binanın 2500 manat icarə pulunu kompensasiya alanadək verəcəyini söylədi. May ayında mənə dedilər ki, notariat kontorunda onlara vəkalət verməliyəm. Mənə “Xocalı” müəssisəsinin sökülən 2330 kvadrat metr sahəsinin 4 milyon 500 min manatını alacaqlarını və binanı tikdirib bizə verəcəklərini dedilər. Bununla razılaşmayanda icra başçısı binanın kirayə və icarə pulunu, söküntü üçün kompensasiyanı bizə vermədi. Şirkət də binanın tikintisini dayandırdı.
Icra başçısının müəssisəmizin köçürülməsinə dair verdiyi sərəncamda yazılıb ki, yeni tikilən binanın sənədlərini “Xocalı” kiçik müəssisəsi almalıdır. Buna baxmayaraq, Abdin Fərzəliyev 2011-ci ilin iyununda öz imzasıyla Kərəm Həsənovdan xahiş edib ki, müəssisəmizin binasının altındakı torpağı özəlləşdirməsin. Icra başçısı üç ildir ki, bizi süründürür. 2 saylı Bakı Inzibati-Iqtisad məhkəməsi və Apelyasiya məhkəməsi qərar qəbul etsə də, icra başçısı dedi ki, prezident “Xocalı” kiçik müəssisəsinə pul verilməməsini şəxsən tapşırıb. Ali Məhkəmə də buna görə qərarı ləğv etdi. Icra başçısı əməllərilə məni özümü öldürməyə məcbur edir. Artıq geriyə yol yoxdur. Düşdüyümüz vəziyyətin aydınlaşdırılması və müvafiq qərar qəbul edilməsini sizdən xahiş edirəm”. (azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4351