Əliyev üçün qlobal təhdid artır
17.02.2014 - 11:31
ABŞ diplomatı “rıçaqlar yoxdur” deməklə nəyə işarə vurdu?
ABŞ-ın keçmiş səfiri yazdı. Azərbaycan hakimiyyətindən bəhs edən məqalədə çox mühüm məqamlara toxundu. Söhbət Riçard Kozlariçin Əfqanıstandan Israilə qədər, Azərbaycan hakimiyyətinin ümid yerlərinə verdiyi şərhdən gedir. Təbii ki, prosesin mərkəzində Iran məsələsi durur. Azərbaycan üçün artıq yeni siyasi şəraitin yarandığı şəksizdir. Daha doğrusu, Azərbaycan iqtidarı artıq hakimiyyət maraqlarına görə ölkənin, dövlətin maraqlarını satmaq şansını itirib.
Əliyev Qərbi şantaj edirdi
Uzun illərdir Azərbaycan hakimiyyəti Qərb dünyasını Iran, Əfqanıstan və enerji mövzularında təhdid və şantaj edirdi. Belə bir təəssürat yaradılırdı ki, Azərbaycan hakimiyyəti olmasa, ölkədə islam inqilabı baş verə bilər və nəticədə Iran regionda güclənər. Bununla da Əfqanıstana gedən yollar tıxanar və Qərb bu regionda mühasirəyə düşər. Bu həm də Gürcüstan üçün çətin vəziyyət yaradar. Qərb isə onsuz da Rusiyanın bölgədəki təhdidlərindən sonra Iranın da revanşını təhlükə gördüyündən, bu şantaja üstörtülü də olsa, boyun əyməyə məcbur oldu.
Əliyevlər enerji təhlükəsizliyi sahəsində də Qərbi şantaj etməyə cəsarət tapırdı. Çünki Iran əsas enerji ixracatçısı kimi Qərblə üz-üzə idi. Rusiya isə son illərdə dəfələrlə Qərbi qazla şantaj edirdi. Bu situasiyada Əliyevlərin bölgədə çəkisi artırdı və onlar daha radikal rəqiblərlə müqayisədə Qərb üçün əməkdaşlığa yarayırdı. Amma artıq yeni vəziyyət yaranıb və bu, Azərbaycan hakimiyyəti üçün həlledici mühüm məqamdır. Azərbaycan iqtidarı daha Qərb üçün heç bir taleyüklü əhəmiyyət daşımır. Bununla belə, Qərb Azərbaycan hakimiyyəti ilə dialoqa deyil, onun bağlandığı gücləri zəiflətməyə üstünlük verir. Daha doğrusu, Azərbaycan hakimiyyətinin əhəmiyyətini süni şəkildə artıran faktorlar aradan qalxır.
Nə baş verdi?
Əslində, olayların Türkiyə istiqaməti daha gərgindir. Bu ölkədə baş verənlər yeni silkələnmənin göstəricisidir. Konsorsium siyasətlər bitdi. Indi dünya öz yeni qütbünə daha birmənalı iradə ilə addımlayır. ABŞ və Avropa Birliyi arasında daim mübahisə predmeti olan “Türkiyəyə və Türkiyə ilə münasibət” məsələsi də həllini tapmaqdadır. Yəni, Iranla ABŞ-ın dil tapması yeni siyasi şərait yaradır və bu müstəvidə Türkiyə Qərbin Müsəlman Şərqindəki tək müttəfiqi olmaq şansını itirir. Iranla Qərb arasındakı isinmə Türkiyəyə bu qədər təsir etmişkən, Azərbaycan üçün izsiz ötüşə bilməzdi. Azərbaycan isə baş verənlərin fərqində deyil.
Bu olayları Türkiyənin daxili işi kimi qiymətləndirmək təbii ki, düz olmazdı. Bütün narazılıqlarla yanaşı, qəbul edilməlidir ki, artıq qlobal tendensiyanın təsirləri daxili siyasətlərdə mühüm rol oynamaqdadır. Bu dəyişiklik, yəni, Türkiyənin yaratdığı tarazlığın ağırlıq mərkəzinə Iranın da qoşulması Azərbaycan üçün həyati yenilik olmaya bilməz.
İran artıq təhlükə deyil
Iran Qərblə anlaşır. O artıq təhlükə deyil. Deməli, Irandan siyasi və hərbi siyasi təhdidlər olmayacaq. Iran artıq islam inqilabı ixracatçısı olmaq kimi bir iddiada deyil. Nüvə silahı istiqamətində geri çəkilməklə, həm də mesaj vermiş oldu ki, siyasi ambisiyaları Iranı iqtisadi cəhətdən dayanıqlı etməkdən o tərəfə keçmir. Rusiyaya və Çinə arxayın olub Qərblə qarşıdurmaya gedən Iran gördü ki, onun xilası üçün Avropa Birliyi çalışır. Deməli, enerji resursları mənasında da Iran Azərbaycan hakimiyyətini çətin vəziyyətə salacaq. Bizim üçün mühüm olan həm də budur ki, Iran özünün yeni simasını təqdim etməlidir. Bu da gözümüzün önündə baş verməkdədir. Əliyev Qərbi şantaj etmək üçün Irandan istifadə edə bilməz. Çünki Iran artıq başqa istiqamətdə gedir.
Əfqanıstan da sıradan çıxır
Əfqanıstana tranzit məsələsində rolunu qabartmaqla Əliyev, hakimiyyətini qorumağa çalışsa da, Kozlariç bunun da mühüm faktor ola bilmədiyini deyir. Məlum oldu ki, Gürcüstan daha ucuz tranzit təklif edir. Üstəlik, Iranla münasibətlər yumşaldıqca, bu məsələdə imkanlar daha da artacaq. Yəni, Əliyevlər bu təzyiq rıçağını da əldən verdilər. Beləliklə, rəsmi Bakı həm də nəzərə almalıdır ki, indiki şəraitdə Qərbdən gələn demokratikləşmə çağırışlarına cavab verməlidir. Yoxsa, onun hayına heç kim yetişməyəcək. Yetişməsi də mümkün deyil…
(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=4354