Moskva nəşriyyatı Cəmil Həsənlinin daha bir monoqrafiyasını nəşr etdi
17.02.2014 - 12:37
Moskva nəşriyyatı Cəmil Həsənlinin daha bir monoqrafiyasını nəşr etdi
Moskvanın “Nauka” nəşriyyatı, “Flinta” Yayın Evi ilə birgə Azərbaycan tarixçisi Cəmil Həsənlinin “Əlimərdan bəy Topçubaşov: ideya uğrunda həyat” (Ali Mardan-bek Topçibaşev: jizn za ideyu) adlı elmi monoqrafiyasını nəşr edib.
Virtualaz.org “Turan”-a istinadən bildirir ki, son 8 ildə bu C.Həsənlinin Rusiyada nəşr olunan 7-ci, Azərbaycan və dünyanın müxtəlif ölkələrində çap olunan 28-ci monoqrafiyasıdir.
Kitabda Rusiya oxucuları üçün də maraqlı olan məqamlar var. Belə ki, Ə.Topçubaşov Peterburq İmperator Universitetini bitirib, Rusiya Dövlət Dumasının üzvü və Rusiya müsəlman hərəkatının lideri olub.
Kitabda Ə.Topçubaşovun İsmayıl bəy Qasprinski, Sədri Maksudov, Kutluq Mühəmməd Tevkelov, Qaliəsgər Sırltanov, Musa Cərullahi Biqiyev, Qabdrəşid İbrahimov, Səlim Girey Canturin, Qaysi Yenikeyev, Əlixan Bukeyxanov və onlarca türk-müsəlman liderləri ilə birgə apardığı mübarizənin təsviri verilib.
Monoqrafiyada Ə.Topçubaşovun müsəlman hərəkatında təmənnasız xidməti ilə yadda qalması göstərilir. O, yeganə müsəlman lider idi ki, Rusiya imperiyasının bütün müsəlman yurdlarını gəzərək, Krımdan Qafqaz dağlarına, Kazan çollərinə qədər imperiyanın “ögey” övladlarının təşkilalanmasında müstəsna rol oynadı. Maraqlı səhifələrdən biri Azərbaycan milli ideyası və milli hərəkatında Topçubaşovun xidmətləridir. Əsərdə Ə.Topçubaşovla birgə bu hərəkatda fəal rol oynayan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə və s. Azərbaycan dühalarının parlaq obrazları yaradılıb. Ə.Topçubaşovun Azərbaycan müstəqilliyi uğrunda tükənməz bir həvəslə çalışması, enerjisini millətin azadlığına sərf etməsi kitabda ardıcıl şəkildə izlənirr.
12 fəsil və 606 səhifədən ibarət olan bu əsər Azərbaycan tarixinin təxminən 50 illik bir dövrü haqqında rus oxucusuna ətraflı məlumat verir. Əsərdə təkcə Azərbaycan deyil, Rusiya müsəlman xalqlarının tarixi, Rusiya parlamentarizmi, imperiyanın siyasi həyatı haqda da yaddaqalan materiallar var.
Ə.Topçubaşovun içində olduğu 1917-1918-ci illərin Bakı hadisələri, mart soyqrımı, İstanbul missiyası, Azərbaycan sülh heyətinin rəhbəri kimi Paris konfransındakı fəaliyyəti də kitabda yer alır. Ə.Topçubaşovun 14 illik mühacir həyatı mübarizə əzmi, ağrı-acısı, qərib bir mücahidin ailə dramı ilə də diqqət çəkir.
Short URL: http://www.cumhuriyyet.net/?p=4358