Xəzərdə İranla Azərbaycan arasında yeni qarşıdurma gözlənilir

17.02.2014 - 13:19

Xəzərdə İranla Azərbaycan arasında yeni qarşıdurma gözlənilir

İran xarici neft şirkətlərini Xəzərin dərin sularındakı neft-qaz yataqlarına dəvət edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zəngane parlamentin energetika komissiyası qarşısında çıxışı zamanı bildirib.
Neft-qaz sektoru araşdırmaları üzrə nüfuzlu hesab edilən oilprice.com portalının yazdığına görə, İran naziri bildirib ki, ölkənin Xəzərdəki milli sularında yerləşən kondensat yataqlarını ancaq yeni texnologiyalar cəlb etməklə işlətmək mümkündür. Çünki bu yataqlar dərin sularda yerləşir və İranın onları işlətmək üçün texnologiyası yoxdur.
B.N.Zəngane əlavə edib ki, digər sahilyanı ölkələr İranın öz milli sularında hasilat aparmaq hüququna hörmət etməli və ancaq öz ərazi sularında hasilat aparmalıdır.
Oilprice.com qeyd edir ki, İranın neft nazirinin bəyanatında “kiçik” hüquqi maneə var. Belə ki, İran Xəzərin milli sektorlara bölgüsü prinsipini qəbul etmir və bu səbəbdən dənizin hüquqi statusu hələ də qeyri-müəyyən olaraq qalır. Ona görə də İranın “milli sularımız” deyəndə hansı bölgəni nəzərdə tutduğu qeyri-müəyyəndir.
İran Xəzərin 5 sahilyanı ölkə arasında bərabər bölünməsini tələb edir, yəni özünə 20 faiz pay istəyir. Xəzərin bölgüsünün Rusiya, Azərbaycan və Qazaxıstan tərəfindən qəbul edilmiş digər prinsipinə görə isə hər sahilyanı ölkə öz sahil xəttinin uzunluğuna münasib sektora malik olmalıdır. Bu prinsiplə bölgü aparılanda İrana Xəzərin su səthindən və dibindən 12-14 faiz pay düşür.
Portal qeyd edir ki, Xəzərdən kimə nə qədər pay düşməsi uğrunda gedən mübarizədə stavkalar xeyli yüksəkdir. Belə ki, ABŞ hökumətinin Energetika Agentliyinin 2009-cu ildə açıqladığı rəqəmlərə əsasən Xəzər dənizində 250 milyard barrel aşkarlanmış neft ehtiyatları, 200 milyard barrel isə potensial ehtiyatlar var. Qaz ehtiyatları isə 9,2 trilyon kubmetrdir.
Sayt İranın 2001-ci ildə Xəzərdəki mübahisəli hesab olunan “Araz-Alov” strukturunda kəşfiyyat aparmış Azərbaycan gəmisinə qarşı hərbi güc təhdidi ilə çıxış etdiyini, nəticədə BP şirkətinin bu yataqda işləri dayandırmalı olduğunu da xatırladır. Bu insidentin ardınca İran hərbi təyyarələri Azərbaycanın hava sərhədlərini pozub və Tehran Bakıya digər formada təzyiqlər göstərib. Bu baxımdan İranın xarici şirkətləri Xəzərə dəvət etməsi mübahisəli hesab olunan yataqlarla bağlı Azərbaycanla yeni qarşıdurmaya səbəb ola bilər. 
Xatırladaq ki, İran 2011-ci ildə Xəzərdə yeni nəhəng neft-qaz yatağı kəşf etdiyini elan edib. Lakin bu yatağın koordinatlarını açıqlamayıb. İran tərəfi bu yatağın neft ehtiyatlarının 10 milyard barrel, qaz ehtiyatlarının 50 trilyon kubmetr olduğunu bildirir. Bu, İranın bütün neft ehtiyatlarının təxminən 7 faizi və Xəzərdə son 100 ildə kəşf edilən ən iri ehtiyatlar deməkdir.
Qərb enerji qaynaqları isə yatağın əslində Xəzərin Azərbaycan sektorunda yerləşdiyini xəbər verib.
İranın Xəzərdə kəşf etdiyi yataqları “Sərdare-Cangal” və “Sərdare-Milli” kimi göstərilir. Onların hər ikisi eyni strukturda yerləşir.
Bildirilir ki, həmin yataqları kəşf edən “Alborz” kəşfiyyat-qazma qurğusu məhz 2009-cu ildə Azərbaycanla İran arasında yaşanmış qarşıdurmada yer almışdı. WikiLeaks tərəfindən yayılan Amerika məxfi teleqramlarına görə, Azərbaycan rəsmiləri amerikalılara bildiriblər ki, “Alborz” qurğusu Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işləri aparır. Ancaq qurğunun işlədiyi yer göstərilməmişdi. Ancaq təxmin edilir ki, İran qurğusu məhz indi elan edilən yataqları kəşf edib. Azərbaycan isə İranın Xəzərdə yeni neft-qaz yataqları kəşf etdiyinə dair bəyanatlarına heç bir şərh verməyib.
İndi Qərblə İran arasında nüvə anlaşmasından sonra xarici neft şirkətləri İranın quru və dəniz yataqlarında hasilat hüququ qazanmağa can atır. İstisna deyil ki, İran onları sərfəli şərtlərlə Xəzərdə Azərbaycan sularında yerləşən yataqlara yönləndirə bilər. Bu zaman Azərbaycanla İran arasında yaranacaq qarşıdurmada Qərbin kimin tərəfini tutacağı da müəmmalıdır. 
Virtualaz.org
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4361

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031