Kim və niyə qudurub? – Köşə
Kim və niyə qudurub? – KöşəAzər Rəşidoğlu
“Məmurlar qudurub”. “Harın məmur övladları qudurğanlıq edirlər”. Bu kimi ittihamı son zamanlar tez-tez eşitmək mümkündür. Hətta dövlət başçısının dilindən də belə bir ittiham eşitmək adi hala çevrilib – “məmurlar qudurub”. Kifayət qədər ciddi və önəmli ittihamdır. Lakin bu sual başqa suallarda doğurur. Konkret olaraq kim qudur? Kimdir onları qudurdan? Onlar niyə qudurublar? Kimə arxayındırlar? Quduranları niyə cəzalandıran yoxdur? Niyə qanunlar quduran məmurlara şamil edilmir. Göründüyü kimi, başlıca suallar açıq qalır.
Bu suallara cavab tapılmaması bir çox fəsadlara yol açır. Ən azı ona görə ki, məhz quduran məmurlar inqilabların ilhamvericisi kimi çıxış edirlər. Onları dəyişməyin, cəzalandırmağın vaxtı çoxdan çatıb. Sadəcə olaraq, korrupsiyaya bulaşmış və piramidanı tam nəzarətə götürmüş bir sistemi çökdürmək üçün siyasi iradə və istək lazımdır. İslahatlar hakimiyyətin özü üçün təhlükəlidir. Bunun nəticəsində hakimiyyət hər an çökə bilər. Lakin islahatlar iqtidar dəyişikliyinə və sosial partlayışlara səbəb olsa belə, bunun tədavisi mümkündür. Hətta hakimiyyətə yenidən qayıtmaq da mümkündür. Korrupsiyanı yalnız sözdə tənqid etmək və ölkənin bütün sahələrini – idarəetmədən tutmuş kiçik sahibkarlığa qədər, bütün sahələrin inhisara götürülməsi son nəticədə iflasa gətirib çıxardır. Hakimiyyəti ilk satan elə korrupsiya elementləri olan məmurlar özləri olurlar. Quduran məmurların cəzasız qalması ilk növbədə bütövlükdə iqtidarın sosial dayaqlarını sarsıdır.
Azərbaycan təcrübəsində işdən çıxarılan məmurlar maliyyə mənbələrindən də məhrum edilirlər. Bu, anlaşılandır. Mahiyyəti satqınlıq olan simaların müxalifətə keçmək imkanlarını minimuma endirə bilmək üçün hakimiyyət bu yolu seçir. Quduran məmurları qorxudan da elə budur. Onlar eyni zamanda korrupsiya yolu ilə malik olduqları milyonlardan və mülklərdən də məhrum edilə bilərlər. Odur ki, müqavimət göstərirlər.
İşdən qovulan, həbs edilən istənilən məmurun, sabiq millət vəkilinin, siyasətçinin mülkləri əlindən alınır və daha iri məmurun ixtiyarına verilir. Bir sözlə, Azərbaycanda yeni əmlak bölgüsünə start verilməkdədir. Bu isə son dərəcə ciddi proseslərin xəbərçisidir.
Qərbi narahat edən ən başlıca amil də qanlı səhnələrə şahid ola biləcək əmlak bölgüsünün başlanmasıdır. Əllərində qanuni və qanunsuz silahlı birləşmələri olan oliqarx – məmurlar arasında baş verə biləcək toqquşmaların miqyası daha da genişlənə bilər. Bu isə təhlükəlidir.
Hələlik vəzifəsindən uzaqlaşdırılan məmurlar susmağa üstünlük verirlər. Lakin onların təmsil olunduğu qruplaşmaların maliyyə rıçaqlarından məhrum edilməsi ciddi problemlər yarada bilər.
Harınlanmış, qudurğan, rüşvətxor məmur ordusuna qarşı mübarizədə ölkə rəhbərinə dayaq missiyası kim həyata keçirə bilər? Bu sual bu gün daha aktualdır. Mahiyyət etibarilə xislətləri xəyanətlərdən yoğurulmuş məmurlarla islahatlara getmək risklidir. Sadə vətəndaşların da yardımına belə bağlamaq mümkün deyil.
Ölkədə vətəndaş cəmiyyəti institutları da qaydasında deyil ki, cəmiyyət və siyasi hakimiyyət arasında baş verən qarşıdurmanın ağrısız keçməyinə şərait yaradılsın.
İqtidar müxalifətlə də bütün körpüləri yandırıb. Bir sözlə, belə şəraitdə islahatlar həyata keçirtmək olduqca çətindir.
Onları tərk-silah etməyin yeganə yolu, müxalifətlə, vətəndaş cəmiyyəti ilə münasibətləri normal məcraya yönəltməkdən keçir.
Əks təqdirdə, ölkə siyasi kataklizmlərə sürüklənə və tamamilə zəifləyə bilər.
Hakimiyyət ideoloqları belə hesab edir ki, xalqın etirazları nəticəsində hansısa məmur istefaya göndərilərsə, bu, pis ənənə yarada bilər, nəticədə xalqın quduran məmurlara qarşı aksiyalar keçirtməsi tendensiyasına səbəb ola bilər. Lakin elə bir vəziyyət yaranıb ki, təcili kadr dəyişikliklərinə gedilməsə, hazırkı məmurlar ordusu inqilabın ilhamvericiləri olacaq.
Digər tərəfdən, baş verənlərdə hakimiyyətin bəlli qrupları daha çox sarsıntılara gətirib çıxaraq biləcək addımları həvəslə atırlar. Məhz onlar ölkəni qana bulamaq istəyirlər. Bunun nəticəsində isə ən ağır zərbələri elə komandanın lideri ala bilər. Bir sözlə, ölkə rəhbəri tezliklə komandasını dəyişməsə, bu komanda özü onu dəyişə bilər. Quduran məmurlar o qədər şişə bilərlər ki, hədəf kimi onları bu posta təyin edənləri seçə bilərlər. Bu isə təhlükəlidir/musavat.com/.
Short URL: http://www.cumhuriyyet.net/?p=4377