Vasif Talıbov gənclərin YAP-a cəlb edilməsi səviyyəsindən narazıdır
Vasif Talıbov gənclərin YAP-a cəlb edilməsi səviyyəsindən narazıdır
“Nəzəri biliklərə yiyələnmədən ideoloji işi təşkil etmək mümkün deyil. Partiya üzvlüyünə namizədlər diqqətlə seçilməlidir. İlk partiya təşkilatları buna diqqət etməli və unutmamalıdırlar ki, Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır”.
Virtualaz.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin iclasında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov deyib. O bildirib ki, YAP-a yeni qəbul edilmiş üzvlərlə sistemli iş aparılmalıdır. Partiyanın yaranma tarixi, məramı, onun banisi Heydər Əliyevin həyat yolu, siyasi və dövlətçilik fəaliyyəti partiyaya üzv olmaq üçün müraciət edən hər bir şəxsin siyasi biliklərinin əsasını təşkil etməlidir.
Partiya işinin yenilənməsi zərurətindən danışan muxtar respublika təşkilatının sədri deyib: “Müasir cəmiyyət yeniləşməyə doğru gedir. Buna uyğun olaraq partiya işi də yeniləşməli, partiyamızın gələcəyi hamımızı düşündürməlidir. Siyasi fəaliyyətin varisliyi təmin olunmadan partiyanın gələcəyini təmin etmək mümkün deyil. Partiyanın gələcəyinin təmin edilməsi isə xeyli dərəcədə onun sıralarına hərtərəfli dünyagörüşə malik istedadlı, vətənpərvər gənclərin cəlb olunmasından asılıdır. Buna görə də gənc və yaradıcı qüvvələrlə işi gücləndirməli, yüksək intellektli, vətənpərvər, gələcəkdə işi etibar edə biləcəyimiz lider gənclər yetişdirməliyik. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclərin hərtərəfli yetişdirilməsi üçün bütün tədbirlər görülür. Olimpiya idman kompleksləri, şahmat məktəbləri, gənclik mərkəzləri, elektron kitabxanalar istifadəyə verilmişdir. Lakin açıq etiraf etmək lazımdır ki, gənclərin bu müəssisələrə cəlbi hələ də lazımi səviyyədə deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4380