Xocalı sakini ilə İcra Hakimiyyəti arasında əmlak qalmaqalı

19.02.2014 - 10:50

Xocalı sakini ilə İcra Hakimiyyəti arasında əmlak qalmaqalı

Tərəflər bir-birini ittiham edir
“Azadlıq”ın ötən saylarında dərc edilmiş “Icra başçısına intihar xəbərdarlığı” başlıqlı yazıda Xocalı soyqırımında tağım komandiri kimi döyüşərək əsir düşmüş Əli Nəbiyevin şikayətindən bəhs olunurdu. Əli Nəbiyev bildirir ki, Nərimanov Rayon Icra Hakimiyyəti kreditlə tikilmiş 6 mərtəbəli binanı sökdürüb, əvəzində isə heç bir kompensasiya ödənilməyib.
Nərimanov Rayon Icra Hakimiyyəti dünən məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamanı ixtisarla təqdim edirik:
“Abadlıq-quruculuq işləri ilə əlaqədar sökülmüş qeyri-yaşayış sahələrindən biri də Koroğlu Rəhimov küçəsi 3 ünvanında yerləşən sahəsi 1720 kvadrat metr olan “Xocalı” kiçik müəssisəsinə məxsus inzibati bina olub. Həmin inzibati bina 6 mərtəbəli olmaqla, 1-ci və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olub, binada lift sistemi olmayıb. “Xocalı” kiçik müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib. Müəssisənin direktoru Əli Nəbiyev qeyd olunan məbləğlə razılaşmayaraq, təklif olunan məbləğdən təxminən 3 dəfə artıq olmaqla, 10 milyon manat kompensasiya tələb edib.
Ağa Nemətulla küçəsində “Xocalı” kiçik müəssisəsinin inzibati binasının əvəzində onun əvvəlki sahəsindən 40 faiz artıq olmaqla yeni inzibati binanın tikilib Əli Nəbiyevə təhvil verilməsi təklif olunub. O, bu təkliflə razılaşıb, özünün iştirakı ilə memarlar dəvət olunub və istəyinə uyğun 7 mərtəbəli (üstəgəl mansard), sahəsi 3340 kv.m olan müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati bina layihələndirilib və layihə Bakı Şəhər Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən razılaşdırılıb. 2011-ci ilin avqust ayında podratçı şirkət müəyyənləşdirilərək, dövlət vəsaiti hesabına layihənin icrasına başlanıb. Bina söküldüyü müddətdən 2013-cü ilin oktyabr ayınadək Əli Nəbiyevə hər ay 4 min manat olmaqla, icra hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı ödənilib. 2 il ərzində binada yüksək standartlara uyğun olaraq, tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa çatdırılıb, hazırda binanın daxilində təmir işləri həyata keçirilir. Binada lift və mərkəzi istilik sistemi, digər kommunikasiya xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulub. Binanın inşası aparılan 2 il müddətində Əli Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək, aparılan işlərə görə öz təşəkkürünü bildirib.
Işlər sona yaxınlaşdığı üçün Icra Hakimiyyəti Əli Nəbiyevə müraciətlə “Xocalı” kiçik müəssisəsinin təsisçilərinin Rayon Icra Hakimiyyətinə dəvət olunması, müəssisənin nizamnamə kapitalına uyğun olaraq, pay bölgüsünün aparılması bildirilib. Lakin Əli Nəbiyev bunun hansı məqsədlə edildiyini sual edərək, təsisçilərin Icra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif bəhanələr gətirərək, onların gəlmələrinə mane olub. Əli Nəbiyevə izah edilib ki, təsisçilərin dəvət olunmasında əsas məqsəd onların əmlakının nizamnamə kapitalında qeyd edilmiş pay bölgüsünə uyğun olaraq, onlara təhvil verilməsi və sonradan təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə orqanlarına müraciət etməməsi üçündür”.
Icra Hakimiyyətinin bu açıqlaması yayılandan sonra Əli Nəbiyev yenidən “Azadlıq”a müraciət edərək, ünvanına səslənən ittihamlara cavab verib. Əli Nəbiyev müraciətində yazır:
“Nərimanov Rayon Icra Hakimiyyəti Xocalıda bütün qohum-əqrabasını, qəbiristanlığını, torpağını itirmiş, canını qurban vermiş zabit və əsgərin malına göz dikməli deyil. 1992-ci ilin 26 fevralında ağır yaralanmışam, ermənilər məni əsir götürüblər. Ağzımın içindən tapança ilə vurublar, dişlərimi kəlbətinlə çəkib qollarımı qırıblar, ayaqlarıma xaç çəkiblər. Gündə məni 5-6 dəfə dubinkayla, avtomatla döyüblər. Vedrə ilə qar suyu içirdirdilər. Hələ də xəstəxanalarda müalicə alıram. Qarabağ əlili olaraq, ev növbəsinə durmuşam. Keşlə bazarının yaxınlığında Qarabağ əlillərinə ev tikiləndə ikiotaqlı mənzil üçün Rayon Icra Hakimiyyəti məndən 30 min manat istədi. Erməni əsirliyindən gəlmiş bir şəxsin puluna necə göz dikdiniz?!
Bakı Şəhər Icra Hakimiyyəti başçısının 02 yanvar 1997-ci il tarixli sərəncamıyla bu müəssisə mənə verilib. Onun nizamnaməsini də Ədliyyə Nazirliyi təsdiq edib. Binanın texniki pasportu mənim adıma təsdiqlənib. Torpağın katastr  xəritəsi, torpaq aktı, möhürü və s. var. Buna nə deyirsiniz?!
Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin 30 aprel 2006-cı il tarixli texniki pasportuna əsasən, müəssisə 6 mərtəbədən ibarət olub. Birinci mərtəbənin uzunu 17, eni 19,50 metr olub. Ikinci mərtəbədən 6-cı mərtəbəyədək isə  eni 19,50, uzunu isə 18,70 m, binanın arxasında 8,30-2 m kombi üçün yer tikilib, binanın lifti isə arxada olub. Binanın 3 mərtəbəsində divardan çölə 18 balkonu olub. Bütün bunlar sənəddə öz əksini tapıb. Amma Rayon Icra Hakimiyyəti mənimlə heç cür razılaşmayıb və açıqlamasında əsası olmayan faktlar göstərib”.
Sosial şöbə
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4397

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031