Həbsdəki iş adamları “Şərurlu İsfəndiyarı” ittiham etdi
Həbsdəki iş adamları “Şərurlu İsfəndiyarı” ittiham etdi
Gülər Əhmədova və bacısının adı hallanan cinayət işi yenidən məhkəmədə araşdırılır
Inşa etdirdikləri binadakı mənzillərin hər birini çoxsaylı vətəndaşlara satdıqlarına görə dəludəzluq ittihamıyla həbs olunan “Kamran B.Ə.” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev, şirkətin direktoru vəzifəsində işləmiş German Hüseynov və Rüfət Nağıyev, tikinti nəzarətçisi Süleyman Əliyev və “Inşaat-E” MMC-nin direktoru Kənan Quliyev yenidən məhkəmə qarşısına çıxarılıb. Adları çəkilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldığından apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsində onların işinə hakim Faiq Qasımovun sədrliyilə baxılır.
Bu iş üzrə dünənki məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə verib. “Teleqraf.com”un məlumatına görə, onlar bildirib ki, bu işdə zərərçəkmişlərin siyahısı şişirdilib. Onların sözlərinə görə, vicdanlı zərərçəkmişlərin pullarının ödənilməsi və yaxud evlə təmin olunması vacibdir. Təqsirləndirilən şəxslərin sözlərinə görə, tikinti biznesində “Şərurlu Isfəndiyar” kimi tanınan Isfəndiyar Axundovun adamları onlardan möhürü alıblar. Yəni, “Şərurlu Isfəndiyar” onların özlərini də aldadıb.
Təqsirləndirilən şəxslərin vəkilləri də çıxış ediblər. Onlar müvəkkillərinin cəzalarının yüngülləşdirilməsini istəyiblər. Zərərçəkmişlər də Isfəndiyar Axundovdan narazılıq ediblər. Onlar deyiblər ki, Isfəndiyar Axundovun qəbuluna getsələr də, qəbul etmir.
Məhkəmə prosesi fevralın 25-də davam edəcək.
Ittihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq cəmiyyətin Yasamal rayonu ərazisində tikdiyi çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə, 291 şəxsə təkrar sataraq əldə edilən 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə mənimsəyiblər.
Bundan başqa, “Kamran B.Ə.” vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ə.Babayev 1 milyon 623 min manatlıq vergidən yayınmada ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Babayev 14, G.Hüseynovla S.Əliyevin hər biri 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, adıçəkilən hər üç şəxsin əmlakı da müsadirə olunacaq. Digər təqsirləndirilənlər – R.Nağıyev 10 il, K.Quliyev isə 6 il 25 gün şərti həbs cəzası alıb.
Prokurorluq təqsirləndirilən şəxslərdən ikisinə şərti cəza verilməsindən narazı qalıb. Bu səbəbdən müdafiə tərəfilə yanaşı, ittiham tərəfi də hökmdən apelyasiya protesti verib.
Qeyd edək ki, bu iş üzrə məhkəmə prosesində hazırda həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın da adı hallanırdı. Keçmiş deputatla “Kamran B.Ə.”nin Ələkbər Babayevin biznes əlaqəsinin olduğu ortaya çıxıb. Təsadüfi deyil ki, bu cinayət işi üzrə şahid qismində Gülər Əhmədova, eləcə də onun bacısı Gülnar Quliyeva da dindirilib. Gülər Əhmədova ifadəsində göstərib ki, Ələkbər Babayev ona və bacısı Gülnar Quliyevaya işbirliyi təklif edib. Müzakirələrdən sonra onlar birlikdə “Tamerlan” MMC-ni təsis ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4399