Müsavat jurnalistləri müdafiə edən bəyanat verdi
Müsavat jurnalistləri müdafiə edən bəyanat verdi
Müsavat Partiyası jurnalistlərin Bakı şəhər Prokurorluğuna çağırılması ilə bağlı bəyanat verib. Partiyanın mətbuat xidmətindən Avropa.info-ya daxil olan bəyanatda deyilir:
“”Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova və 18 fevral 2014-cü il tarixdə araşdırmaçı-jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova facebook sosial şəbəkəsində sənəd yaydığı iddiası ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılıb.
Eləcə də dünən axşam saatlarında “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu 18 fevral 2014-cü il tarixdə müsavat.com saytında gedən “Günün fotosu: harın oğlun qəzası” başlıqlı yazısına görə Bakı şəhər Prokurorluğuna dəvət olunub.
Hər iki jurnalistin absurd ittihamlarla hüquq-mühafizə orqanlarına dəvət olunması yayılan məlumatların doğruluğunu aydınlaşdırmaq üçün edildiyi kimi təqdim edilsə də, əslində bu hərəkət Azərbaycanda azad mətbuatın, fikir və söz azadlığının məhdudlaşmasına yönələn bir hərəkətdir.
Belə ki, beynəlxalq hüquqda dövlət sirrinin yayılmamasına dövlət qurumları məsuliyyət daşıyır. 2011-ci ildə mətbuatda yayılan bir məlumatı ixtisarla verdiyinə görə kiminsə dindirilməyə çağrılması dövlət qurumlarının məsuliyyətdən qaçaraq media və bütövlükdə cəmiyyəti təhdid altında saxlamaq, özünü senzuraya məcbur etmək cəhdidir.
Oliqarx və məmur övladlarının artıq hər kəs tərəfindən qeyd edilən özbaşınalıqları haqqında saytlarda sübut kimi verilən məlumatların dəqiqliyini yoxlamaq əvəzinə, qəzet redaktorunun prokurorluğa çağırılması bu cür xəbərləri yayan mətbuat orqanlarına birbaşa təzyiqdir.
Müsavat Partiyası bu cür halların hələ də cəmiyyətdə yer almasını qəti şəkildə pisləyir, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın və “Yeni Müsavat” qəzetinin rəhbərliyinə qarşı təzyiqlərin dayandırılmasını tələb edir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4430