Ərdoğan Fətullah Gülənlə müharibəni Azərbaycana keçirdi

20.02.2014 - 10:00

Ərdoğan Fətullah Gülənlə müharibəni Azərbaycana keçirdi

MİT-ə bağlı sayt nurçular təriqətinin Azərbaycanın enerji çevrələrinə sızdığını yazdı; müdafiə naziri Zakir Həsənovun ardınca xarici işlər naziri Elmar Məmmədyarov da “fətullahçı” elan edildi
Türkiyədə ötən il dekabrın 17-də həyata keçirilən rüşvət və korrupsiya həbsləri ilə iki keçmiş sadiq müttəfiq – baş nazir Rəcəb Tayyib Ərdoğan və vaxtilə onu iqtidara gətirən əsas qüvvə olan “nurçular” təriqətinin lideri Fətullah Gülən arasında açıq müstəviyə keçmiş müharibə çox keçmədən Azərbaycana da sıçrayıb.
Dünən Türkiyənin xüsusi xidmət orqanları Fətullah Gülənin 6 telefon danışığını internetə sızdırıb. Xəbər verildiyi kimi, bu telefon danışıqlarının birində Azərbaycan, daha doğrusu, ölkənin ötən ilin oktyabrında təyin edilmiş yeni müdafiə naziri haqda danışılır.
Fətullah Gülənin telefon danışıqlarının dinlənilməsini və internetə sızdırılmasını Ərdoğana sadiq Milli İstihbarat Təşkilatının (MİT) təşkil etdiyinə heç bir şübhə yeri yoxdur.
Birinci dəfə deyil ki, Ərdoğan-Gülən qarşıdurması başlayandan bu yana baş nazirin keçmiş “hocası”nın telefon danışıqları internetə yayılır. Bu telefon danışıqlarından məlum olur ki, Fətullah Gülən heç də moizələrində təlqin etdiyi kimi dünya malında gözü olmayan və ömrünü din yolunda əridən biri deyil. Əksinə, Uqandadan ananas ixracından tutmuş Afrika ölkələrində milyardlarla dollarlıq investisiya layihələrində, Türkiyənin dörd iri holdinqində, çoxsaylı media orqanlarında və s. marağı olan “patron”dur.
Lakin bu dəfə MİT F.Gülənin Azərbaycana dair telefon danışığını da ötürüb. Türkiyə Sənayeçilər və İş Adamları Konfederasiyasının (TUSKON) rəhbəri, ölkənin Uqandadakı fəxri konsulu olan Mustafa Güneylə Fətullah Gülən arasında baş tutan telefon danışığında Azərbaycanda Daxili Qoşunların keçmiş komandanı, general Zakir Həsənovun müdafiə naziri təyin edilməsindən söz açılır. Z.Həsənov “camaata yaxın şəxs” kimi xarakterizə edilir və Fətullah Gülənin ona təbrik məktubu göndərməsi haqda danışılır. (virtualaz.org)
Azərbaycan Müdafiə Nazirliyi artıq rəsmi bəyanat yayaraq Zakir Həsənovun “Fətullah Gülən və Mustafa Güney adlı şəxslərlə heç bir əlaqəsinin olmadığını” vurğulayıb, bu səs yazısı “təxribat” adlandırılıb.
Lakin Ərdoğanın Fətullah Gülənə qarşı MİT-in dəstəyi ilə apardığı müharibədə həmin telefon danışığı və Zakir Həsənovun adının hallandırılması yeganə epizod deyil. Bu gün Türkiyənin “haber10” adlı xəbər portalı Fətullah Gülənin Azərbaycanın enerji çevrələrində möhkəmləndiyi, ABŞ və İsrailin dəstəyi ilə Türkiyənin Azərbaycandakı enerji maraqlarına qarşı lobbiçilik etdiyini və bu işə milyonlarla dollar xərclədiyini yazıb.
Üstəlik iddia edilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da “fətullahçı”dır və o, təriqətin Azərbaycanda möhkəmlənməsinə imkan yaradan əsas şəxslərdən biridir.
Virtualaz.org saytı kiçik araşdırma aparmaqla müəyyən edib ki, “haber10″nun  Türkiyə MİT-inə bağlı xəbər portalı olduğuna dair güclü ehtimallar var. Belə ki, Fətullah Gülənin və onun adamlarının dinlənilən telefon danışıqları ilk dəfə bu sayta ötürülür. Saytda Fətullah Gülən və onun “paralel dövləti”nin Ərdoğan hökumətini devirmək yönündəki fəaliyyətləri barədə gen-bol bəhs edilir.
“Türkiyə əleyhinə çalışan dövlət və təşkilatlarla işbirliyinə girməyi özünə prinsip seçən Gülən qrupu iddialara görə, bu dəfə də Azərbaycanda Türkiyənin enerji sahəsindəki təşəbbüsünü boşa çıxarmağa çalışır” – deyə sayt yazır.
Daha sonra kemallevent.wordpress.com bloqunda ötən ilin yayında, Türkiyədəki Gəzi parkı etirazları ərəfəsində yer alan və “Fətullah Gülən qrupunun Türkiyənin Azərbaycandakı enerji siyasətinə qarşı ABŞ-da lobbiçik etdiyini göstərən sənədlərə” istinad edilir.
Həmin bloqda 2013-cü il mayın sonlarında Bakıda ABŞ-Azərbaycan strateji tərəfdaşlığına dair təşkil edilmiş konfransdan bəhs edilib. Konfransa ABŞ Konqresindən də senatorların və konqresmenlərin qatıldığı göstərilib (həmin konfrans ARDNŞ-in sponsorluğu ilə təşkil edilmişdi və Azərbaycan mətbuatında geniş işıqlandırılıb-red.).
MİT-ə bağlı saytın yazdığına görə, bu toplantıda “anormal durum” var. Niyə? Ona görə ki, konfransın təşkilatçısı Fətullah Gülənin ABŞ-dakı “Turkuaz Conucil” adlı təşkilatıdır. Konfransın keçirilməsi üçün ABŞ-dan olan nümayəndələrə 1,5 milyon dollar pul ödəndiyi də bildirilir. İddia olunur ki, konfransda Türkiyənin Azərbaycandakı enerji maraqlarına qarşı müzakirələr aparılıb.
Olduqca qarışıq üslubda yazılmış, ancaq Türkiyə cəmiyyətinin məhdud intellektə malik təbəqəsinin mövqeyinə təsir edə biləcək yazıda deyilir ki, nurçular təriqətinin Azərbaycana sızması bu kimi toplantılarla yanaşı Fətullah Gülən məktəbləri üzərindən yürütdüyü siyasi fəaliyyətlə də həyata keçirilir. Qeyd olunur ki, camaatın Azərbaycanda möhkəmlənməsi Bakının İsraillə münasibətlərinin də möhkəmlənməsi ilə paralel gedib.
İsrail İranın nüvə təhdidinə qarşı Azərbaycanla sıx əməkdaşlıq edib və saytın iddia etdiyinə görə, “camaatın Azərbaycanda möhkəmlənməsini təmin edən, Əliyev ailəsinin yaxın adamı olan” xarici işlər naziri Elmar Məmmədyarov 2013-cü ilin aprelində ilk dəfə İsrailə səfər etdi. Həmin səfər zamanı Azərbaycanla İsrail arasında razılaşma imzalanıb və iddia edilir ki, həmin razılaşma “İrana qarşı idi”. Eyni zamanda ABŞ-ın Xəzər hövzəsindəki enerji maraqları ilə bağlı idi.
Sayt iddia edir ki, Fətullah Gülənin təriqəti Azərbaycanın enerji sektoruna “fərqli yollarla” sızıb. Təriqət ARDNŞ-lə (SOCAR) məktəb anlaşması əldə edib və birgə məktəb açma işinə giriblər. Saytda SOCAR-ın Fətullah Gülən məktəbləri şəbəkəsini idarə edən “Çağ Öyrətim” şirkəti ilə əlaqələrindən, bu şirkətin keçmiş rəhbəri Enver Özerenin bir tərəfdən SOCAR-ın Türkiyədə satın aldığı PETKİM-lə maraqlandığını, digər tərəfdən isə təriqətin Azərbaycandakı strukturuna nəzarət etdiyi deyilir.
Sayt onu da iddia edir ki, Azərbaycanda “baş örtüsünün qadağan edilməsi” də təriqətlə İsrail-ABŞ ittifaqının maraqlarına cavab verirdi. MİT-in təbliğat ruporu onu da yazır ki, camaatın Azərbaycan məmurları ilə əlaqələri “tamamilə İslam və Türkiyə düşmənçiliyi” üzərində qurulub. Məsələn, “Mavi Mərmərə” qalmaqalından sonra Azərbaycan İsraillə əlaqələrini dəyişməyəcəyini elan edib.
Virtualaz.org bu məqalədəki dəlillərin və tezislərin bir çoxunun qeyri-ciddi olduğunu nəzərə almaqla bərabər diqqəti daha ciddi məsələyə yönəldir: Türkiyənin baş naziri və onun keçmiş müttəfiqini darmadağın etmək üçün başlatdığı mübarizədəki əsas silahı olan MİT nədən bu müharibəni Azərbaycana keçirdi? Doğrudanmı Azərbaycanda Fətullah Gülənin orduya, XİN-ə və digər təşkilatlara nəzarəti ələ keçirmiş güclü şəbəkəsi var və bu şəbəkə Türkiyənin, onun hökumətinin maraqlarını təhdid edir?
Fətullah Gülən təriqətinin hələ 90-cı illərin əvvəllərindən Azərbaycanda işləməyə başladığı çoxdan məlumdur. Hazırda Azərbaycanda Fətullah Gülən camaatının, yaxud “Xidmət hərəkatı”nın 14 məktəbi, çoxsaylı universitetlərə hazırlıq kursu, bir universiteti, bir telekanalda payı, parlamentdə deputatları və s. var.
Lakin ölkənin Daxili Qoşunlarının keçmiş komandanının və indiki müdafiə nazirinin bu təriqətə bağlılığının iddia edilməsi əsl sensasiya sayıla bilər. Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələri ilə müxtəlif proqramlar üzrə çox sıx əməkdaşlıq edir. Türkiyə generaliteti Azərbaycan ordusunun döyüş hazırlığının artırılmasına müxtəlif formada dəstək verir. O cümlədən Türkiyənin Jandarma Qüvvələri Azərbaycanın Daxili Qoşunlarına təlim keçib, texniki dəstək və s. göstərir.
Bu əməkdaşlıq çərçivəsində Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun Türkiyənin Jandarma Qüvvələrinin komandanlığı ilə intensiv təmasları olub. Ancaq Türkiyədə Jandarma Qüvvələrinin Fətullah Gülənə bağlı olduğu hər halda inandırıcı deyil.
Yaxud xarici işlər naziri Elmar Məmmədyarovu “Fətullah Gülənin təriqətinin Azərbaycanda möhkəmlənməsinə imkan yaradan əsas şəxs” kimi təqdim etmək nəyə hesablanıb? Yoxsa Ərdoğan ABŞ-ın Pensilvaniya ştatındakı qərargahından onun iqtidarını laxladan Fətullah Gülənə görə Bakının milli maraqlar üzərində qurulmuş, İsrail və ABŞ-la strateji tərəfdaşlığa əsaslanan xarici siyasətini hədəf alır? Axı Ərdoğan inanır ki, Fətullah Gülən İsrail və ABŞ-la birləşib onu yıxmaq istəyir. Deməli, Azərbaycanın ABŞ və İsraillə tərəfdaşlığı da Ərdoğan və onun iqtidarı üçün potensial təhlükə kimi görünür?
Qeyd etmək lazımdır ki, MİT-ə yaxın saytların “Fətullah Gülənin ortağı” kimi təqdim etdiyi SOCAR əslində Türkiyənin baş naziri ilə onun keçmiş “hocası” arasında gedən savaşda birinciyə dəstək verir. Çünki SOCAR-ın Türkiyədə satın aldığı “Star” telekanalı və eyniadlı qəzeti birmənalı şəkildə Ərdoğanın tərəfindədir və Fətullah Gülənə qarşı yazılara yer verir. Rəsmi Bakının siyasətinə gəldikdə isə o, bir tərəfdən ABŞ-da mənzillənmiş təriqət lideri ilə yaxşı münasibətlər saxlamaqda maraqlı görünür.
Çünki Azərbaycanda indiyədək nurçuların məktəblərinə və digər təsisatlarına qarşı güclü təzyiqlər olmayıb, təriqət mənsublarına qarşı kütləvi təqib halları yoxdur və onların fəaliyyətinə birbaşa maneə yaradılmır. Bu siyasət Ərdoğaanla Gülən arasında müharibənin açıq müstəviyə keçməsindən sonra da belə görünür ki, dəyişməyib. Ancaq rəsmi Bakı çoxsaylı ortaq maraqlar naminə təbii ki, Türkiyənin hökuməti ilə işləməlidir və işləyir.
Belə olan halda Türkiyə xüsusi xidmət orqanlarının məqsədi nədir? Azərbaycan hakimiyyətinin də Fətullah Gülənin şəbəkəsini sıradan çıxarmaq üçün hərəkətə keçməsinə nail olmaq və bu məqsədlə təzyiq göstərməkmi?
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4432

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031