Bakı merinin oğlu Suriyada döyüşür?

20.02.2014 - 10:45

Bakı merinin oğlu Suriyada döyüşür?

Bakı meri Hacıbala Abutalıbovun oğlu İsrafilin vəhhabi olması yeni xəbər deyil. Oğul Abutalıbovun illər öncə Londonda bu dini cərəyana qoşulması haqda çox yazılıb
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid özünün facebook profilində onunla bağlı belə bir şərh yazıb: “Deyirlər Hacıbala Abutalıbovun oğlu Suriyada döyüşür. Xəbəri olan varmı?” 
Baş redaktorun statusundan çıxış edərək Bakı merinin oğlunun harada olmasını araşdırdıq. Bəzi mənbələr İsrafil Abutalıbovun Bakıda olduğunu söyləsələr də, bəziləri onun gözə dəymədiyini dedilər. 
İ.Abutalıbovla məhkəmə çəkişməsi olan şəxslərlə də əlaqə saxlayıb onu görüb-görmədiklərini xəbər aldıq. 
İş adamı Maqsud Mahmudov İ.Abutalıbovla bağlı danışmaq istəmədi: “İşimiz məhkəmədədir. Heç nə demək istəmirəm. İsrafili vəhhabi kimi tanıyıram, amma onun harada olmasını bilmirəm. Başqa hansı məzhəbə qulluq etdiyini də deyə bilmərəm”. 
Qeyd edək ki, M.Mahmudovla yəhudi əsilli biznesmen Qurban Mahmudov 2009-cu ildə Yasamal rayonu, Nazim Hikmət küçəsində İ.Abutalıbovun adamı kimi tanınan Bəxtiyar Məmmədovdan ofis icarəyə götürüblər. 2 il fəaliyyət göstərdikdən sonra – bu ilin aprelində ofisə iki saqqallı, şalvarlarının balağı qısa şəxs gələrək Q.Mahmudovu İ.Abutalıbovun adından hədələməklə lombard fəaliyyətinin dinə zidd olduğunu deyərək, ofisi boşaltmasını tələb ediblər. Bundan sonra Q.Mahmudov M.Mahmudovla şərikliyinə son qoyaraq birdəfəlik ölkədən gedib. Həmin vaxt M.Mahmudov baş verənlərlə bağlı “Yeni Müsavat”a bunları demişdi: “Deyirdilər ki, Qurban yəhudidir, fəaliyyəti dinə ziddir. O da baş götürüb getdi. İndi də məndən əl çəkmirlər. Yasamal Rayon Məhkəmə İcraçıları şöbəsinin işçilərini üstümə göndərirlər ki, buradan çıx. Məhkəmə qərarını soruşuram, icraçılar deyirlər ki, bizə deyiblər ki, gedin çıxarın. Mənim əlimdə İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədovla bağladığım müqavilə var. Həmin müqavilədə də yazılıb ki, 2019-cu ilə kimi obyekt mənim icarəmə verilib. İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədov məndən bu məsələlərdən əvvəl 2013-cü ilin yanvarına kimi icarə haqqını alıb. Özü də nağd pul əvəzinə qızıl-brilyant alıb. 750 əyarı olan 106 qramlıq brilyant boyunbağı, üzük və sırğa götürüb. İsrafil Abutalıbov bunu bilir-bilmir, məni heç maraqlandırmır. Məsələ ondadır ki, İsrafil Abutalıbov çox yaxşı başa düşür ki, qanun bizim tərəfimizdədir. Çünki Qurbanla bağlanan müqavilənin müddəti bu ilin mayında (2012-ci il) bitsə də, mənimlə bağlanan müqavilənin müddətinin bitməsinə hələ çox var. Ona görə də vəhhabiliklərini yerə qoyub indi də qoçuluqla məni buradan çıxarmaq istəyirlər”.
H.Abutalıbovun oğlunun vəhhabilik tarixçəsi haqda “Yeni Müsavat”da bir neçə yazı dərc edilib. Həmin yazılardan biri qəzetin 2010-cu ilin 4 avqust sayında “Hacıbala Abutalıbov vəhhabi oğlu ilə bağlı danışmaqdan imtina etdi” sərlövhəsi altında dərc olunub. Həmin yazıdan sitat: “İki gün əvvəl isə redaksiya ilə əlaqə saxlayan BŞİH (Bakı Şəhər İcra Hakimiyyəti-E.H.) əməkdaşı daha ilginc bir məlumat verdi. Onun sözlərinə görə, H.Abutalıbovun oğlu vəhhabiliyi qəbul edib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının bu vaxta qədər qeyri-adi sərgüzəştləri, bədxərcliyi və ərköyünlüyü ilə ad çıxarmış böyük oğlu İsrafil Abutalıbov daha əvvəlki həyat tərzindən çox uzaqdır. O, özünü tamamilə dinə həsr edib, özünə qapanıb, evdən çıxmayaraq bütün günü ibadətlə məşğul olur. İsrafil Abutalıbov köhnə çevrəsi, dostları, bir vaxtlar dəbdəbəli əyləncə məclislərində birgə olduğu insanlarla əlaqələrini də tamam kəsib və bambaşqa birinə çevrilib. Onun zahiri görkəmi kimi daxili aləmi də tamam dəyişib”. 
Təxminən il yarım öncə Londona gedən məmur oğlunun gedəndən bəri bir dəfə də olsun Bakıya, valideynlərini yoluxmağa gəlmədiyi bildirilir: “Uzun müddətdən sonra vətənə dönən İ.Abutalıbov uzun saqqal saxlamışdı, onlar kimi şalvarının balağını gödəltmişdi. Hazırda da evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirir”.
Xatırladaq ki, son bir neçə ayda Azərbaycandan Suriyaya Əsəd qoşunlarına qarşı döyüşmək üçün xeyli vəhhabinin getdiyi haqda səhih məlumatlar var. Bu baxımdan mer oğlunun Suriyaya getməsi inandırıcı görünür. Tamamilə mümkündür ki, İ.Abutalıbov Suriyaya gedib hökumət qoşunlarına qarşı döyüşsün.
(politika.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4437

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031